Günün içindən notlar

1. Əcaib məntiq

Son günlərin ən ağrılı mövzusu – intiharlarla bağlı əcaib fikir sahibləri var.

Xeyli adam intihar edənlərin özünü qınayır ki, bilmirsinizmi, bəs bu, dinimizdə günahdır, nə bilim, niyə zəiflik edirsiniz, niyə problemdən asan çıxış yolunu seçirsiniz, filan-bəsməkan.

Xeyli adam da jurnalistləri qınayır ki, niyə intihar xəbərlərini yayırsınız-zad.

Ay yoldaşlar, ay cənablar, ay bacılar, ay qardaşlar, Molla Nəsrəddinin sözü olmasın, “bəs oğruda heç günah yoxdur?”

Ölkəni səfalətə, sosial bataqlığa gömənlərdə, bizi maddi və mənəvi sarsıntılara məruz qoyanlarda, həyatımızı bozluğa və boşluğa çevirənlərdə heç günah yoxdur?

Hələ jurnalistləri qınamaq nədir? Onların 90 faizi korrupsiyadan heç nə yazmır və yaymır, bəs ölkədə korrupsiya niyə bitmir?

2. Rəsulzadənin nəşindən öncə

Hər il Rəsulzadənin doğum və ölüm günləri ərəfəsində bir xeyli adamın sevimli mövzusu onun Türkiyədəki nəşinin Azərbaycana gətirilməsi ilə bağlı olur. Guya, Cümhuriyyət banisinin vətəndən qıraqda ruhu narahatdır, gətirib burada basdırsaq, ta nətəhər rahat olacaq.

Bir dəfə bu haqda yazmışam, təkrar yazmaqda fayda var.

Rəsulzadənin nəşini bu ölkəyə gətirmək olar (baxmayaraq ki, bu məsələdə mən tam fərqli düşünürəm), amma bu, sonrakı məsələdir. Öncə onun və qurduğu Cümhuriyyətin daşıyıcısı, müdafiəçisi olduğu dəyərləri Azərbaycana gətirmək lazımdır.

3. Mirşahinə bir cümləlik cavab

Yeri gəlmişkən, dünən sosial şəbəkədəki dostlar Rəsulzadənin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı ANS-də gedən bir reportajı paylaşmışdılar, müəllifi də Mirşahindir.

Reportajda qulağa xoş gələn xeyli sözlər var, “bu mübarək məzarın Türkiyədən Azərbaycana köçürülməsi bizdən ötrü vacibdir”-zad.

Çox uzatmayacam, bu dəhşətli dərəcədə dəqiq, qərəzsiz, vicdanlı ANS jurnalistinə bircə cümlə ilə cavab verəcəm:

Siz əvvəlcə Rəsulzadənin haqqını verməyi öyrənin, heç olmasa, onun adı ilə bağlı bir gündə – 28 mayda ekranın yuxarı küncünə elə onun öz şəklini qoymağı bacarın, sonra danışın.

4. Bir ithafa sözardı

Şair Məmməd Aslanın yeni yazdığı şeirlər çıxdı qarşıma.

Ərinmədim, bir göz atım dedim.

Ilk şeirin adı “Ağac”.

Ithaf şeiridir. Kimə ithaf edilsə yaxşıdır? Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova.

Yox, yox, qocaman şair nazirdən kəsilən ağaclar, qırılan meşələr, yox edilən yaşıllıqlar haqqında soruşmur.

Əksinə, epiqraf yerində “Ağac sevdasına dərindən inandığım Hüseyn Bağırov cənablarına” yazır.

Məncə, qocaman şairin şeirdə “Yaşıl tamasan könül bağında!” xitab etdiyi, ona bu şeiri yazdıran ağacı (əlbəttə, əgər o, pul ağacı deyilsə!) axtarıb tapmaq lazımdır.

Hüseyn Bağırova bu ithafdan sonra yəqin, onun yaşıllığından əsər-əlamət qalmayıb, kökünədək quruyub.

5. O xalq artistini niyə təqdir etdim?

Xalq artisti Valeh Kərimovun müsahibəsinə rastladım saytların birində.

Sanki bir hiss içimdən “oxumadan keçmə” dedi.

Oxudum.

Müsahibədə bir məqam diqqətimi çəkdi: “Sonuncu artımdan sonra maaşım 200 manat olub. Bunu kimə desəm inanmaz. Yəni prezidentin verdiyi təqaüdü çıxsaq, həmin 200 manatla dolanmaq olmaz. Amma indi teatrdan prezident təqaüdünü təkcə mən alıram, bəs başqaları necə dolansın?”

“Burada qeyri-adi, təəccüblü nə var, sanki Azərbaycanda bütün sahələr kimi, teatrın da xirtdəyəcən problem içində olduğunu kim bilmir ki?!” deməyin.

Mənim diqqətimi başqa bir məqam çəkmişdi.

Ilk dəfə idi ki, bir xalq artistinin prezident təqaüdünə layiq görüldüyü üçün təşəkkür etmədiyini, sual verdiyini görürdüm.

“Qoy mən tox olum, başqaları ilə nədir işim” düşüncəsindən kənara çıxıb “Bəs başqaları?” dediyini görürdüm.

Odur ki, təqdir etməmək əldə deyil.

Artıq o başqa məsələdir ki, görün nə günə qalmışıq, ölkədə necə vəziyyət yaradılıb, kimsə bir balaca ictimai həssaslıq, vətəndaş duyarlılığı göstərən kimi, az qalırıq, sevincimizdən dombalaq aşaq, elə bilirik, bütün dünya bizimdir.

Bizdə nə günah var, köləliyi, mütiliyi bu məmləkətə baştacı edənlər, bu toplumun həyat və düşüncə tərzinə çevirənlər utansın.