Ölkəmizin eşşək tələbatının əhəmiyyətli hissəsini Almaniya təmin edir. Heç kimə sirr deyil ki, biri 50 min manata olmaqla, xeyli eşşək idxal etmişik. Alman eşşəklərinin bizim uzunqulaqlardan prinsipial fərqinin nədən ibarət olduğunu bilməsək də, son dərəcə baha qiymətə alınan bu eşşəklərdən hansı sahədə istifadə olunması cəmiyyət üçün hələ də sirr olaraq qalır. Lakin orası dəqiqdir ki, onlardan kənd təsərrüfatında istifadə olunmur.
Ölkəmizin kənd təsərrüfatının hazırkı vəziyyəti hər kəsə bəllidir. Təsərrüfatla məşğul olan, bu zəhmətkeş heyvanın xidmətindən istifadə etməli kəndlilərin əhəmiyyətli hissəsi yüz illər boyu ata-babalarının yeganə dolanışıq yeri olan torpaqları tərk edərək, ya Bakıya, ya da Rusiya və başqa ölkələlərə üz tutublar. Indiyədək kəndlərdə qalan insanlar da təsərrüfat işlərilə məşğul olmaqda maraqlı deyillər. Ona görə ki, bu sahə gəlirli deyil. Əksinə, bu sahədən gəlir götürmək sevdasına düşən kəndli əlindəki “olan-qalanı” da itirməklə, birdəfəlik torpaqla vidalaşır. Məsələn, 1 litr dizel yanacağını 60 qəpiyə alan kəndli bu xərcin qarşılığında becərdiyi pambığın 1 kiloqramını ən yaxşı halda, 15 qəpiyə sata bilmirsə, onun torpaqla vidalaşması təbiidir. Məhz bu səbəbdən Azərbaycan kəndliləri dünyanın dörd bir yanına səpələnib. Halbuki, cəmi beş eşşəyin qiymətinə bir kəndi dirçəltmək mümkündür. Bəs kənd təsərrüfatının çökdüyü, bütün dağ və meşə massivlərinin məmur işğalı altında olduğu bir ölkədə eşşək artımı (özü də büdcəyə külli miqdarda maliyyə hesabına başa gəlirsə) nəyə lazımdır?
Amma deyəsən, bizim ölkədə alman istehsalı olan bahalı eşşəklərin də bəxti gətirməyib. Çünki bu yaxınlarda aşkarlanan eşşək başları, ölkəmizin potensialı ilə yanaşı, həm də alman eşşəklərinin həyatından narahatlığa ciddi əsas yaradır. Gördüyümüz mənzərə ölkəmizdə eşşəklərə də münasibətin yaxşı olmadığını göstərir. Söhbət ondan gedir ki, hər ötən gün ölkəmizin müxtəlif yerlərində kütləvi at və eşşək sümükləri aşkarlanır. Daha doğrusu, baş-ayaqları. Çünki bu heyvaların yalnız baş-ayaqları yararsız hesab edilərək, tullanır. Axı onların baş-ayaqlarının quruluşu halal sayıb qidalandığımız digər canlılardan fərqlənir…
Bəs bütün ölkə boyu səpələnmiş bu başların bədənləri hara gedir? Heç şübhəsiz ki, o başsız bədənləri bizə yedirirlər. Ən müxtəlif formalarda, müxtəlif yerlərdə. Azərbaycan istehlakçısı bütün hallarda ona təqdim olunan qidaların mənşəyi, hazırlanma qaydasından məlumatsızdır.
Amma hər gün eşitdiklərimiz, gördüklərimiz yediklərimizin haranın eşşəyi olduğu haqda dəqiq nəticəyə gəlməyə imkan verməsə də, eşşək və at ətlərinin istehlakçısı olduğumuz dəqiqdir. Bir işbaz bunu dönər halında, başqası şadlıq evlərində, restoranlarda, digəri “halal” brendli kolbasa kimi bizi bu ətlərin alıcısına çevirir. Bir sözlə, bu ətlər evimizdən tutmuş, iş yerlərinə, təhsil ocağlarına kimi çox yerlərdə bizi əhatə edir.
“Sahibsiz itlər” adı altında küçələrdə güllələnib, 10 dəqiqədən sonra yoxa çıxan itlərin hara aparıldığından da məlumatsızıq. Yəqin ki, it məsələsinə daha ciddi yanaşırlar, onların tullantıları dərinə gedir. Istisna etmək olmaz ki, “halal” sertifikatlı eşşək əti kimi, it əti yeməyimiz də tamamilə mümkündür. Amma ümid edək ki, belə deyil və kütləvi it başlarının aşkarlanmasının şahidi olmayacağıq.
Bütün hallarda bu özbaşınalığı, xalqa qarşı hörmətsizliyi sıradan bir insanın özfəaliyyəti kimi dəyərləndirmək mümkün deyil. Bunun arxasında hansısa məmurun durduğu şübhəsizdir. O məmurlar ki bəslədikləri vəhşi quşlara, heyvanlara quzu ətindən başqa heç nə yedirməyi məsləhət bilmirlər…