“Azadlıq”ın əsarəti

Yaxud, sifariş içimizdən gəlir

Hər gün hökumət mətbuatında və “Yeni Müsavat” qəzetində  “Azadlıq”a, AXCP-yə qarşı aşırı aqressiya artan xətt üzrə davam edir. Bu yazını yazmaqda məqsədim “Azadlıq”ı və AXCP-ni müdafiə etmək deyil.  Onsuz da, qarşı tərəf nə qədər “çəki”də aldatmağa çalışsa da, xalqın gözü tərəzidir və kimin hansı çəkidə olduğunu dəqiq görür.
Əslində, mən hər gün “Yeni Azərbaycan” və bu qəbildən olan qəzetlərə göz gəzdirəndə sevinirəm. Çünki bu qəzetlərdə yazılanlar mənim nə qədər haqlı olduğumu, doğrunun yanında yer aldığımı sübut edir.
Gəlin bir neçə məqama diqqət edək. “Yeni Azərbaycan” qəzetinin bugünki sayında  “Azadlıq” gec-tez Əli Kərimlinin əsarətindən imtina edəcək” başlıqlı yazı dərc olunub. Analizləri də budur ki, Qənimət Zahid, Xaliq Bahadır kimi qəzetin digər əməkdaşları da Əli Kərimlinin əsl kimliyini biləcək.
Cənablar, adını zikr etdiyinz Qənimət Zahid də, Xaliq Bahadır da bugün Əli Kərimlinin rəhbərlik etdiyi partiyanın üzvləridir və öz mübarizələrində bir an belə tərəddüd etdikləri müşahidə olunmayıb. Göründüyü kimi, hakimiyyət nə qədər çalışsa da “Azadlıq”a və AXCP-yə qarşı tutarlı arqument tapa bilmir. Axırda əlacsız qalıb, yalanlarına “protez” ayaq geyindirib yeritmək istəyirlər. Məni sevindirən də hökumətin bizim əleyhimizə kompramat tapa bilməməsidir. Bir balaca düşünmək qabiliyyəti olan istənilən adam bu reallığı dərhal duya bilər.
İkinci məqama da diqqətinizi çəkmək istəyirəm. Görəsən, bizi Əli Kərimlinin əsarətində olmaqda ittiham edənlər bunu nəyə əsasən söyləyirlər? Əli Kərimli hakimiyyətdə təmsil olunmur ki, bizi ona yarınmaqda ittiham edəsiniz. Əli Kərimli bizə fəaliyyətimizə görə pul vermir ki, ondan asılı olduğumuz qənaətinə gələsiniz. Yəni Əli Kərimlinin əlində elə bir mexanizm yoxdur ki, bizi zorla özünə bağlaya, ona itaətə məcbur edə. Hətta ondan qorxmağımız üçün də hər hansı bir səbəb yoxdur.
Deməli, Əli Kərimlinin yanında olmaq yalnız onun mövqeyinin könüllü qəbul edilməsi ilə bağlıdır. Bu yolu seçənlər isə dəqiq bilirlər ki, AXCP pul qazanmaq, vəzifələrə tullanmaq yeri deyil. Əksinə, burada həbs olunmaq, təqiblərə, təzyiqlərə məruz qalmaq ehtimalı var.
Hökuməti də illərdir narahat edən, yuxusuna zəhər qatan bu təşkilatın və “Azadlıq” qəzetinin dəyərlər üzərində bərqərar olmasıdır. Onların pul gücünə, inzibati resurslar hesabına  əldə edə bilmədiklərini Əli Kərimlinin yalnız sözü ilə bacarması həzm edilmir.
Əslində, “Azadlıq” qəzeti həqiqətən əsarətdədir. Qəzet və onun kollektivi pulsuzluğun, kasıblığın, çətinliklərin əsarətində qalmaqla fəaliyyət göstərir. Və buna dözməyimizin yeganə səbəbi, avtoritar rejimin əsarətində yaşamaq istəməməyimizdir.
Biz nə edək ki, Əli Kərimlinin daşı çox ağırdı və düşdüyü başı pis yaralayır. Günah öz başını bu daşın altına verənlərdədi. Birdə ki, haqlının əsarətində olmaq, haqsızın təlxəyi olmaqdan şərəflidir.
Sonda bir məqama da toxunmaq istəyirəm. Nədənsə “Azadlıq” qəzetində yazılan yazıları “Yeni Müsavat” qəzeti Əli Kərimlinin sifarişi kimi tirajlayır. Guya, Əli Kərimlinin işi-gücü qurtarıb, köşə yazarlarına mövzu verir. Bəndənizin “Rejimlə eyni dərddə olanlar” başlıqlı yazısına görə də Rauf Arifoğlu Əli Krimlini günahlandırır. Hörmətli Rauf müəllim, biz sifarişlə yazı yazmağa adət etməmişik, yazdıqlarımız şəxsi təşəbbüsümüzə bağlıdır. Xahiş edirəm, sizə tanış ənənələri, başqalarına da yansıtmağa çalışmayın.
Bizim mübarizəmiz mövcud hakimiyyətə qarşıdır və yaradıcılığımızı da buna həsr edirik. Sadəcə olaraq aşırı haqsızlığı, böhtanı görəndə adam susa bilmir və cavab vermək məcburiyyəti duyur. Tam səmimiyyətlə deyirəm ki, eyni haqsızlığa siz Rauf Arifoğlu tuş gəlsəydiniz və bu haqsızlıq Əli Kərimli tərəfindən olsaydı, mən sizi müdafiə edərdim. Biz Əli Kərimli uğrunda deyil, onun mübarizə apardığı dəyərlər uğrunda vuruşuruq.

P.S. Rauf Arifoğlu deyir ki, kim nə yazsa, mən Əli Kərimlini hədəf alacam. Əli Kərimli də deyir ki, kimin nə deməsindən asılı olmayaraq, mənim hədəfim İlham Əliyevdir.