Avropa Birliyi ilə assosiasiya sazişi nədir? “Azadlıq” sənədin ən önəmli hissələrini təqdim edir
Ukraynada hazırda gedən proseslər Yanukoviç hökumətinin Avropa Birliyi ilə bu ölkə arasında assosiasiya müqaviləsini imzalamaqdan imtina etməsindən sonra başladı. Ukraynanın Avropaya inteqrasiyasını istəyən vətəndaşları bu məsələnin ölkənin gələcəyi üçün müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bütün dünyanın gözü önündə parlaq mübarizə tarixi yazırlar.
Bir müddət əvvəl Ukraynada Avrointeqrasiya istiqamətindəki demokratik qüvvələrin mübarizəsinin səngidiyi təəssüratı yaransa da, son günlər baş verənlər Ukrayna cəmiyyətinin sona qədər getməkdə israrlı olduğunu göstərdi. Yanukoviç hökumətinin prosesləri güc yolu ilə çözmək cəhdləri ölkədə böhranı daha da dərinləşdirdi. Hazırda Ukrayna hökuməti nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə Avropa Birliyinin sərt təzyiqləri ilə üz-üzədir.
Qeyd etmək yerinə düşər ki, Avropa Birliyi Azərbaycan hökuməti ilə də Ukraynaya təklif etdiyi analoji sənədlərin imzalanmasına çalışır. Ukraynaya təklif olunan sənədlərlə tanışlıq göstərir ki, Azərbaycan hakimiyyəti ölkədə geniş və hərtərəfli islahatların aparılmasını nəzərdə tutan bu tip müqavilələri imzalamaq fikrində deyil. Ukraynanın Avropa Birliyi ilə imzalamalı olduğu assosiasiya müqaviləsindəki bəzi hissələri diqqətinizə çatdırırıq. Məhz müqavilənin bu şərtlərinə nəzər salarkən Ukraynadakı hazırkı proseslərin və Azərbaycan hakimiyyətinin Avrointeqrasiyaya dirənişinin səbəbləri aydınlaşır. Beləliklə öncə gəlin, Avropa Birliyinin Ukrayna ilə imzalamalı olduğu assosiasiya müqaviləsinin təməl prinsiplərinə diqqət yetirək:
Avropa Birliyi ilə əməkdaşlıq nə vəd edir?
“Demokratik prinsiplərə, insan haqlarına və fundamental azadlıqlara Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) 1975-ci il Helsinki yekun aktında, 1990-cı il ”Yeni Avropa üçun” Paris xartiyasında və insan haqlarına dair digər beynəlxalq sənədlərdə təsbit olunduğu kimi hörmət etmək. O cümlədən BMT-nin Insan Haqları Bəyannaməsinə və Insan Haqlarına dair Avropa Konvensiyasına uyğun olaraq davranmaq, qanunun aliliyinə hörmətlə yanaşmaq bu sənədin əsas prinsiplərindəndir. Bu prinsiplər müqaviləni imzalayan tərəflərin daxili və xarici siyasətlərinin əsas elementlərini təşkil edir. Saziş suverenliyə, ərazi bütövlüyünə hörməti, kütləvi qırğın silahlarının yayılmasına dair birgə mübarizəni də nəzərdə tutur.
Tərəflər iqtisadi əlaqələrinin, şəffaf idarəetmənin, korrupsiyaya, transmilli cinayətkarlığa, terrorizmə qarşı mübarizənin əməkdaşlığın əsas istiqamətini təşkil etdiyini qəbul edir”.
Avropa Birliyi ilə əməkdaşlıqda imzalanmalı sənədlərdə daha bir mühüm istiqamət “siyasi dialoq, islahatlar, xarici siyasət və təhlükəsizlik sahəsində yaxınlaşma adlanır”. Bu sənəd də tərəflərin assosiasiya müqaviləsi çərçivəsində imza atacağı mühüm öhdəlikdir:
Siyasi dialoqun məqsədləri
1.Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə siyasi dialoqun daha da inkişaf etdirilməsi və gücləndirilməsinə çalışacaq. Bu istiqamət xarici siyasət və təhlükəsizlik məsələlərində tərəflərin tədricən yaxınlaşmasına kömək edəcək. Məqsəd Ukraynanın Avropa təhlükəsizlik sahəsində iştirakını daha da dərinləşdirməkdir.
2. Siyasi dialoqun məqsədləri bu istiqamətlər üzrə müəyyənləşdirilir:
(A) siyasi birliyi dərinləşdirmək, siyasi və təhlükəsizlik siyasətini daha da yaxınlaşdırmaq;
(B) Beynəlxalq sabitliyi və təhlükəsizliyi təşviq etmək;
(C) Tərəflər arasında əməkdaşlıq və dialoqun möhkəmləndirilməsi. Qlobal, regional problemlərin, təhlükələrin həllində birgə fəaliyyət;
(D) Avropa qitəsində təhlükəsizlik və sabitliyə nail olmaq üçün tərəflər arasında praktiki əməkdaşlıq;
(E) demokratik prinsiplərə hörmət, onların möhkəmləndirilməsi, qanunun aliliyinin təmini, effektiv və şəffaf idarəetmənin təşkili. Insan hüquqlarının, fundamental azadlıqların qorunması, milli azlıqların sıxışdırılmaması, daxili siyasi islahatların dəstəklənməsi;
(F) Tərəflər arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək. Müstəqillik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərini təbliğ etmək.
Siyasi dialoqun aparılması üçün müddət
1. Tərəflər yüksək səviyyədə müntəzəm olaraq siyasi dialoq keçirməli və təmaslarda olmalıdır.
2. Xarici Işlər Nazirləri səviyyəsində qarşılıqlı razılıq əsasında siyasi dialoq təşkil olunmalıdır.
Xarici siyasət və təhlükəsizlik
1. Tərəflər xarici siyasət və təhüləksizlik məsələlərində daha da yaxınlaşmaq üçün aralarındakı dialoqu və əməkdaşlığı intensivləşdirməlidir. Bu əməkdaşlıq ümumi dəyərlərə və maraqlara əsaslanmalıdır.
2. Bu istiqamətdə Ukrayna, Avropa Birliyi və Təşkilatın üzvü ABŞ müstəqillik, suverenlik və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqdir.
Regional sabitlik
1. Tərəflər sabitlik, təhlükəsizlik, beynəlxalq ədalətə və demokratiyanın inkişaf etdirilməsinə nail olmaq üçün əməkdaşlıq edəcəklər.
2. Bu səylər beynəlxalq sülhün saxlanılması, BMT-nin nizmnaməsinə riayət edilməsi çərçivəsində reallaşdırılmalıdır.
Eyni zamanda münaqişələrin qarşısının alınması, böhranların idarə edilməsi və hərbi-texniki əməkdaşlıq da imzalanan sənədlərin tərkib hissəsinə daxildir.
1. Tərəflər münaqişələrin qarşısının alınması və böhranların həllində praktiki əməkdaşlığı artırmağı öhdəlik kimi öz üzərlərinə götürürlər.
2. Bu sahədə əməkdaşlıq Avropa Birliyi ilə Ukrayna arasında imzalanan əməkdaşlıq sənədinə uyğun olmalıdır.
3. Tərəflər hərbi-texnoloji əməkdaşlıq imkanlarını da nəzərdən keçirməlidir. Ukrayna və Avropa Müdafiə Agentliyi (EDA) hərbi potensialın artırılması, təkmilləşdirilməsi məqsədilə müzakirələr aparmalıdır.
Terrorizmə qarşı birgə mübarizə
Tərəflər terrorizmin qarşısını almaq məqsədilə birgə ikitərəfli, regional və beynəlxalq səviyyələrdə əməkdaşlığa hazırdır. Beynəlxalq normalara və insan haqlarına uyğun olaraq terrorizmin qarşısının alınması istiqamətində əməkdaşlıq.
Müqavilənin “ədalət, azadlıq və təhlükəsizlik” hissəsi isə qanunun aliliyinin təmini və dəyərlərin qorunması istiqamətində birgə addımların atılmasını nəzərdə tutur.
Insan hüquqları və fundamental azadlıqlara hörmətə tərəflər xüsusi önəm verdiklərini qeyd edirlər. Əsas səylərin hakimiyyətin ayrıca bir qolu kimi məhkəmə sisteminin möhkəmləndirilməsinə və onun işinin effektivliyin artırılmasına yönəldiləcəyinin altı xüsusi ilə cızılır:
“Korrupsiyaya qarşı mübarizə, insan hüquqlarına hörmət, fundamental azadlıqların qorunması, hüquq-mühafizə orqanlarının işinin effektiv və şəffaf təşkili.
Tərəflər çirkli pulların yuyulması və terrorizmin qarşısının alınması üçün birlikdə işləməlidir. Bu məqsədlə tərəflər bu sahədə ikitərəfli və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atmalıdırlar. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə də səylər birləşdirilməlidir. O cümlədən qaçaqçılıq, insan alveri, odlu silah alverinə, iqtisadi cinayətlərə, sənədlərin saxtalaşdırılmasına qarşı mübarizə”.
Azad iqtisadi zonanın yaradılması
Assosiasiya sazişində xüsusi diqqət yetirilməli sənədlərdən biri də azad ticarət müqavilələrinin qurulması ilə bağlıdır. Bu müqavilə iqdisadi sahədə əməkdaşlığa dair bütün detalları özündə birləşdirir. Məhz bu sənəd Avropa Birliyi ilə onu imzalayan dövlət arasında dərin və hərtərəfli azad ticarətin qurulmasını, azad ticarət zonasının yaradılmasını ehtiva edir.
Azərbaycan 350 qanun, 3700-dən artıq standart tətbiq etməlidir
Ukrayna ilə Avropa Birliyi arasında imzalanmalı olan assosiyasiya sazişinin müddəalarına qısa nəzər salmaqla belə bu sənədin imzalanmasının Azərbaycan tipli ölkələrin qarşısında hansı geniş perspektivlər aça biləcəyini gördük. Bu müqavilə ölkənin Avropa məkanının bir hissəsi olması istiqamətində əhəmiyyətli addım ola bilər. Çünki tərəflərin üzərlərinə götürdükləri öhdəliklər hərtərəfli əməkdaşlığı nəzərdə tutmaqla konkret müddət ərzində ölkəni Avropa standartlarına yaxınlaşdırmağı nəzərdə tutur. Başlıca məqam isə ondan ibarətdir ki, dövlət idarəetməsinin effektivliyinin artırılması, şəffaflığın təmini ilk növbədə ölkə vətəndaşlarının firavan həyatının təmini üçün reallaşdırılır. Qanunun aliliyinin təmini, fundamental azadlıqların təmini, insan hüquqlarının qorunmasının altının xüsusilə cızılması Azərbaycan hakimiyyətini Avropa Birliyi ilə əməkdaşlıqda maraqlı etməyən nüanslardır. Azərbaycanın dövlət başçısı Ilham Əliyev Avropa Birliyi ilə assosiasiya muqaviləsini imzalamaq niyyətində olmadığını dəfələrlə bəyan edib. Əslində Azərbaycan hakimiyyətinin bu cür mövqe seçməsi başadüşüləndir. Çünki Azərbaycan Avropa Birliyi ilə assosiasiya müqaviləsi imzalasa, bunun ardınca ölkəmiz avrostandartlara uyğun olaraq 350 qanun qəbul etməli, 3700-dən çox yeni standart tətbiq edilməlidir. Bütün bu addımlar isə vətəndaş cəmiyyətinin fəallığının artırılması, onun dövlətin idarəedilməsinə təsirini gücləndirə bilər ki, bu da hakimiyyətin maraqlarına cavab vermir.
Xəyal