Srağagün Bakıda sökülən binanın iki gəncin həyatına son qoyması haqqında artıq bilirsiniz. Nə demək olar? Ölkədə idarəetmə səviyyəsində olan bacarıqsızlığın, qabiliyyətsizliyin növbəti görsənişi. Başqa heç nə. Körpü tikirlər, bir-iki aydan sonra çat verir. Bina sökürlər, gənc insanların həyatı bahasına başa gəlir. Bir sözlə, bunlar təkcə tikə yox, sökə də bilmirlər.
Amma vətəndaşın cibindən narkotik çıxarmaqda mahirdirlər. Srağagün 18 yaşlı, Ömər Məmmədov adlı aktivisti də narkotiklə şərlədilər. Beləcə, həbsxanadakı xaricdə təhsil alan, aydın, çağdaş düşüncəli gənclərin sırası bir az da sıxlaşdı. Biz yazmaqdan yorulduq, amma yaptokratlar anlamamaqdan yorulmadılar: hər belə həbs içi yapçıların özü qarışıq, bütünlükdə Azərbaycan üçün qorxulu gələcək vəd edir. Hər bir bilgili, müasir təfəkkürlü insanın ictimai-siyasi meydandan həbslə, mühacirətlə, zorakılıqla boşaldılan yerini sonra kimlərin tuta biləcəyini hesablamaq lazımdır. Meydanı çağdaş, uyğar, layiq-dünyəvi, sivil mübarizə adamlardan təmizləmək o meydanı sabah, birigün hər cür ekstremizmə açıq güclərin, qrupların doldurmasına imkan yaratmaqdır. Azərbaycana bu qədərini qıymayın, cənablar!
***
Əslində bəlkə də Azərbaycana qıymadıqları, qıya bilməyəcəkləri bir şey də qalmayıb. Bir ölkədə ki, mövcud siyasi sistemi qorumaq adına o ölkəni cahilləşdirmək, savadsızlaşdırmaq, onu çağdan qopararaq, tərəqqi yüzilliyinin çox-çox gerisinə atmaq üçün hər cür hoqqa çıxarılsın, həmin ölkəyə, onun toplumuna bundan başqa daha hansı qorxunc, iyrənc pisliyi etmək mümkündür?
Dünən sosial şəbəkələrdə dostlar rejim telekanallarından birində – Space-dəki bir uşaq verilişi barədə yazdılar, oxudum, dəhşətə gəldim. Deməli, həmin uşaq verilişində qızlara göbək rəqsi oynadırlar, bir oğlan uşağı da ərəb şeyxi kimi geyinib kənardan oynayanlara baxırmış. Aparıcı deyib: “Şeyx bəyənmədi, ürəkdən oynamadınız”.
Vallah, insan bilmir nə desin. Görün bunlar ölkəyə necə gələcək vəd edirlər? Gələcək nəsili necə görmək istəyirlər? Yüksək təhsil alan gənclərə öz düşüncələrinə, ictimai mövqe və vətəndaş münasibətlərinə görə həbs yolu açıb uşaqları isə göbək rəqsi ritminə kökləmək, ərəb şeyxi obrazına bürümək hazırki idarəetmə zehniyyətinin uzunömürlülüyünə zəmin hazırlamaqdan başqa bir şey deyil. “Potensial YAP elektoratı”nı indidən yetişdirmək lazımdır.
Əlbəttə, o oğlan uşağı bəlkə də böyüyüb dövlətli bir ərəb şeyxi olmayayacaq, amma bəs Şeyx Nəsrullah olmayacağı haradan məlumdur?
***
Mən bu barədə bir dəfə yazmışam. Yenə yazmaqda fayda görürəm.
Azərbaycanda çağdaş, modern, bilgili, savadlı insanları sıradışı edib, onları şərləyərək cəzalandırıb heç nə əldə etmək mümkün deyil. O insanların müdafiə etdiyi dəyərlər onsuz da qalib gələcək. Bəşəri dəyərlərin təntənəsi qaçılmazdır. Bunu ləngitmək olar, dayandırmaq əsla.
Sadəcə, indi həmin insanları sivil mübarizə meydanlarından təmizlədikdə onların yerini tuta biləcək qüvvələrin hansı ağır nəticələrə yol verəcəyini anlamaq lazımdır. Bu ilk növbədə rejim üçün dəhşətli vəziyyət vəd edir. Baxın, əgər Qəddafi hüququn, azadlıqların önünü açsa, bəşəri dəyərlərə və bu dəyərlərin müdafiəçilərinə mübarizə imkanı tanısa, o məlum aqibəti yaşayardımı? Yenə taxtdan endirilərdi, amma daha linç edilərək yox. Külək əkməmək lazımdır ki, sonra fırtına biçməyəsən.
Yox, mən əsla yapçılara görə narahat deyiləm. Onların öz sonluqlarını necə hazırlamaqları yeri gəlsə, heç məni düşündürməzdi də. Sadəcə, bu gün hər haqsız həbslə, olan-qalan nəfəslikləri bağlayıb, vintləri daha da bərkitməklə, cəhalətin, zövqsüzlüyün, bayağılığın miqyasını böyütmək, genişləndirməklə Azərbaycanın yaralarının bir az da ağırlaşdığını görürəm, əndişəm, təlaşım da ancaq buna görədir.
O yaraları on il əvvəl bəlkə də 20-30 ilə sağaltmaq olardı.
Amma bu gün 50-100 ilə sağalacağına belə ümidim yoxdur.
Artıq ayla, illə yox, həftəylə, günlə gecikirik “müalicə”yə. Hər dəqiqə, hər an gecikirik, belə getsə, belə getməsin, belə getsə, sağalmayaca heç bir ümid qalmayacaq.
Bax qorxum bundandır.