«Fövqəlnazir»in zərərçəkən kimi adını siyahıya saldığı vətəndaşa ev vermədilər
“Mənim evimə fövqəladə hallar naziri Kəmaləddin Heydərov şəxsən baxmışdı. Evin təhlükəli vəziyyətdə olduğunu bildirmişdi və adım yeni evlə təmin olunacaq zərərçəkənlərin siyahısına salınmışdı. Lakin son anda adımı siyahıdan çıxarıblar”. Bu sözləri “Azadlıq” Şamaxının Muğanlı kənd sakini Yadigar Rəcəbov deyib. O, Muğanlıda baş verən torpaq sürüşməsindən ziyan çəkən sakinlərdən biridir.
Lakin Şamaxının rəhbərliyi ona düşəcək evi başqa vətəndaşa verib: “Evlərin paylanmasından bir gün əvvəl icra nümayəndəsi mənə zəng vuraraq dedi ki, sabah gəl, evlər təqdim ediləcək. Yeni evlər Meysəri düzü deyilən ərazidə tikilib. 63 evdir, onlardan 47-si Muğanlıdakı zərərçəkənlər üçün, yerdə qalanları isə Muğanlıdakı torpaq sürüşməsindən ziyan görən qonşu kəndlərin sakinləri üçün nəzərlə tutulmuşdu. Evlər verilən gün getdim. Lakin bəlli oldu ki, mənim adım siyahıdan çıxarılıb. Mən düşəcək ev başqa vətəndaşa verilib. Həmin adam zərərçəkən deyil. Aydın deyil ki, nə üçün belə ediblər”.