Günümüzün Maydan qəhrəmanı haqqında bildiklərimiz və bilmədiklərimiz
100 milyon dollar təklifinə cavab: «Bizim bir anamız var. Ananın ürəyi neçəyədir? Onun qiyməti yoxdur»
Ukraynada baş verən hadisələr dünyanın diqqətini bu ölkəyə yönəldib. Hadisələrin mərkəzində isə Maydan hərəkatından xeyli əvvəl ölkəsini dünyada təmsil edən bir şəxs dayanır. 2004-cü ildən Ukrayna qəhrəmanı titulunu daşıyan Maydanın qəhrəmanı Vitali Kliçkonu dünya boks rinqində tanıyıb.
35 döyüş, 34 qələbə
“UDAR” partiyasının sədri, tanınış siyasətçi və boksçu Vitali Kliçko 1971-ci ildə atasının xidmət etdiyi Qırğızıstanda doğulub. 1984-cü ildə Ukraynaya köçən Kliçko idmanla məşğul olmağa başlayır. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanır, daha sonra isə Pedaqoji Universitetdə təhsil alır. 1996-cı ilə qədər Ukrayna ordusunda zabit kimi xidmət edən Kliçko Hərbi Hava Qüvvələri kapitanı rütbəsində ordudan tərxis olunur. Bədən tərbiyəsi və idman sahəsi üzrə elmlər namizədi olan idmançı 2011-ci ildə Ukrayna prezidenti yanında Milli Idarəçilik Akademiyasını bitirib. “Ictimai inkişafın idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alıb.
Vitali idman karyerasına kikboksçu kimi başlayıb. Kikboksçu kimi 35 döyüşdən 34-də qalib gələn Vitali döyüşlərdən 22-ni vaxtında əvvəl başa çatdırıb. 1996-cı ildə həvəskar boksda uğurlu karyeradan sonra (95 döyüş, 80 qələbə, 72 nokaut, 15 məğlubiyyət) kiçik qardaşı Vladimirlə birgə peşəkar boksda debüt edir.
Atlanta olimpiadasında iştirak etməli olan Vitalinin qanında zədəsini sağaltmaq üçün istifadə etdiyi steroidlər aşkarlandığından o, olimpiadadan kənarda qalır. Əvəzində Ukraynanı bu yarışlarda kiçik qardaşı Vladimir təmsil edir.
1999-cu ildə World Boxing Organization (WBO) versiyasında dünya çempionu titulunu qazanır. 2004-cü ildə World Boxing Council (WBC) versiyasında dünya çempionu olur. 2005-ci ildə karyerasını başa vurduğunu elan edən Kliçko 2007-ci ildə yenidən rinqə qayıtdığını desə də, belindəki zədə yarışlara qatılmağa imkan vermir. Peşəkarlar arasında WBO (1999, 2000-ci illər) və WBC (2004, 2005, 2008-ci illər) versiyalarında dünya çempionu olan Kliçko kikboksinq üzrə altıqat dünya çempionu, boks üzrə üçqat Ukrayna çempionu, Hərbçilər arasında ilk Dünya Oyunları çempionu, həvəskarlar arasında dünya çempionatının gümüş mükafatçısı, peşəkarlar arasında dəfələrlə Avropa çempionu adını qazanıb.
1999-cu ildə ardıcıl 26 döyüşdə nokautla qalib gələn superağır çəki kateqoriyasında ilk dünya çempionu kimi Ginnesin “Rekordlar” kitabına düşür. Döyüşlərdə qələbə qazanmaq üçün rinqdə minimal sayda raund keçirən dəmir yumruq ləqəbli Kliçko bununla Mayk Taysonun rekordunu qırıb. Idmanda nailiyyətlərinə görə Ukraynanın əməkdar idman ustası adını qazanıb. Bundan əlavə, “Xidmətlərinə görə” 1, 2, 3-cü dərəcəli ordenlərə, “Igidliyə görə” orden, “Ukrayna qəhrəmanı” adına layiq görülüb. Eyni zamanda gənclərlə apardığı işlərə görə “Almaniya Federativ Respublikası qarşısında xidmətlərə görə” Kavalerist xaç ordeni ilə təltif edilib.
2008-ci ildə dörd illik fasilədən sonra rinqə qayıdıb qələbə qazanan Kliçko “Laurens” Dünya Idman Akademiyasının “Ilin qayıdışı” nominasiyasında nüfuzlu mükafata layiq görülüb.
Həmin il keçirdiyi döyüşdə qələbə qazanaraq növbəti dəfə WBC versiyasında dünya çempionu titulunu qoruyan Vitalinin bu qələbəsindən sonra Kliçko qardaşları növbəti dünya rekorduna imza atdılar. Peşəkar boks tarixində ilk dəfə olaraq eyni vaxtda iki qardaş WBC, IBF və WBO versiyalarında dünya çempionu titulunu qazanıb.
YUNESKO-nun “Uşaqlar üçün təhsil” beynəlxalq proqramında fəal iştirakına görə Vitali Kliçko “Uşaqlar üçün qəhrəman” titulu ilə təltif edilib.
Rinqdə sonuncu döyüşünə isə 2012-ci ilin sentyabrın 8-də çıxıb. Moskvada keçirilən döyüşdə Kliçko WBC versiyası üzrə dünya çempionu titulunu qoruyub saxlayıb.
Karyerası dövründə bir dəfə də olsun nə nokauta, nə də noqdauna düşməyib.
2007-ci ildə Andruşev astronomik rəsədxanasının kəşaf etdiyi asteroid Kliçko qardaşlarının şərəfinə adlandırılıb.
Kliçko son 14 ili Ukrayna ilə yanaşı Almaniyada da yaşayır və bu ölkənin ən iri vergi ödəyicisi olan idmançılardan biridir. Kifayət qədər böyük sərvəti olan və bu pulları əsasən ölkəsindən kənarda qazanan Kliçko Ukraynada qazandığı pulları uşaq evlərinə köçürür.
2004-cü ildə növbəti qələbəsindən sonra döyüşün aparıldığı zalda Vitali Kliçkonun üzərinə narıncı kağız parçaları töküldü. Arxasında isə “Belə, Yuşşenko!” şüarı yazılmış plakat asıldı. Bu döyüşün final akkordu Kliçko qardaşlarından böyüyünün siyasi karyerasının başlanğıcı oldu. Sonrakı illərdə o, idman əzmkarlığı ilə Ukraynanın siyasi Olimpində özünə yer qazana bildi.
“Kiyevlilərin həyatını dəyişmək istəyirəm”
2003-cü ildə qardaşı ilə birgə “Kliçko qardaşlarının xeyriyyə fondu”nu yaradan Vitali siyasi fəaliyyətinə 2004-cü ildə Ukraynada narıncı inqilab baş verən dövrdə başlayıb. Həmin ilin payızında Vitali Kliçko prezident seçkilərində Viktor Yuşşenkoya dəstək verdi. 2006-cı ildə Yuşşenko Vitali Kliçkonu müşavir təyin etdi. Həmin il Kliçko Kiyev şəhər sovetinin deputatı seçilib. Iki dəfə Kiyev meri postuna namizədliyini irəli sürən Kliçko birinci dəfə üçüncü, ikinci dəfə isə 25 faiz nəticə ilə ikinci yer tutur. Kliçko 2010-cu ilin aprel ayında “UDAR” partiyasını yaradır.
Deputat mandatı Kliçkonun siyasi arzularının obyekti deyildi. 2007-ci ildə o, parlament seçkilərinə qatılmaqdan imtina etdi. Əsas hədəf Kiyev meri postu idi. O zaman Kliçko Ukraynada, o cümlədən paytaxt Kiyevdə yaranan vəziyəti dəyişmək niyyətində olduğunu bildirirdi: “Kiyevlilərin həyatını dəyişmək üçün paytaxt meri seçkilərində qalib gəlmək istəyirəm. Idmanda isə qardaşım ikimizin də yerinə döyüşər. O, dörd aparıcı versiyada dünya çempionu titullarını birləşdirmək gücündədir. Ancaq siyasətdə rəqiblər boksdakından çətindir”.
2012-ci ildə Kliçkonun rəhbərlik etdiyi “UDAR” partiyası parlament seçkilərində 13,96 faizlə səslə Regionlar Partiyası və “Batkivşina”dan sonra üçüncü yer tutur. Ali Radada 42 deputatla təmsil olunan “UDAR” fraksiyasının lideridir. Vitali Kliçko ötən ilin oktyabr ayında 2015-ci ildə keçiriləcək prezident seçkilərinə qatılacağını da bəyan etdi.
Onun böyük arzusu…
Vitali Kliçkonun bir arzusu var. O nə vaxtsa Kiyevdə küçələrin birinin onun adını daşımasını istəyir. Ancaq idman naliyyətinlərinə görə yox, siyasi uğurlarına görə tarixə düşmək istəyir. Xalqının qəhrəmanı kimi tarixə düşmək üçün bəlkə də ən uğurlu vaxt məhz indidir. Bir aydan çoxdur Ukraynada prezident Yanukoviçin Rusiyayönlü siyasətinə qarşı etirazların mərkəzində Vitali Kliçko dayanıb. Bu böhran Kliçkonun siyasi uğurunun təməlini qoya bilər.
Ukraynada Kliçkoya qəhrəman kimi yanaşırlar. Idman meydanında başlayan qəhrəmanlıq siyasi meydanda da uğurla davam edir. Siyasi dairələrdə təmiz reputasiyalı şəxs kimi tanınan Kliçko korrupsiya ilə mübarizəni əsas prioritet sayır. Ancaq parlamentin konstitusiyaya etdiyi dəyişiklik Kliçkonun seçkilərə qatılmasını əngəlləyə bilər. Dəyişikliyə əsasən, prezidentliyə namizəd son on ili ölkədə yaşamalıdır. Kliçko isə daha çox Almaniyada yaşayır. Vitali Kliçko bu dəyişikliyin ona qarşı olduğuna əmindir. Çünki artıq Yanukoviç hakimiyyəti Avopada da böyük rəğbət qazanan Vitali Kliçkonun nüfuzunun günü-gündən artdığın fərqindədir. Son sorğularda Kliçko Yanukoviçi 10 faiz qabaqlayıb.
Dekabrda Almaniyanın xarici işlər naziri Maydana Kliçko ilə birgə gəldi. Hadisələrin ilk günlərində müxalifət liderlərindən məhz Kliçko iki dəfə Fransaya gedərək bu ölkənin rəsmiləri ilə görüşdü. Vilnüdə Avropa Birliyi təmsilçilərinin görüşünə də Ukraynadan Kliçko dəvətli idi. Avropalı rəsmilər açıq şəkildə Kliçkonun bu hadisələrin mərkəzində olduğunu və müxalifətin aparıcı simasına çevrildiyini etiraf edir. Kliçkonun xalq arasında nüfuzu onun Kiyevdəki aksiyaları idarə etməsinə və meydanı ələ almasına ciddi yardım edir. Maydanda yarana biləcək təxribatın qarşısını dəfələrlə alan da Kliçko olub.
“Nadya ana ayağını yerə vurub dedi: ”Olmaz!”
Vitali və Vladimir Kliçko qardaşları bir çox dünyaca məşhur və hətta məğlubedilməz sayılan boksçuları məğlub etməyi bacarıb. Lakin qardaşlar boks həvəskarlarının görmək arzusunda olduğu bir döyüşün heç vaxt reallaşmayacağını deyib. Vitali və Vladimir Kliçko arasında döyüşün baş tutması üçün hətta 100 mln dollarlıq təklif gəlib. Lakin qardaşlar imtinaların sadə bir səbəbi var. Anaları onlara bir-biri ilə döyüşməyi qadağan edib – “Nadya ana ayağını yerə vurub dedi: ”Olmaz!”.
“Bizə deyiblər ki, iki qardaş rinqə çıxsanız, buna görə sizə 100 milyon dollar veriləcək. Lakin bizim bir anamız var. Ananın ürəyi neçəyədir? Onun qiyməti yoxdur. Biz nəyə görə bir-birimizlə döyüşməliyik. Iki qardaşın titullarını bölüşməsi gözəl hissdir”,- deyə Vladimir müsahibələrinin birində bildirib. Vitali də bu məsələdə qardaşı ilə eyni fikirdədir. Bununla belə boks aləmində əksəriyyət bir fikirdədir – Kliçkonu məğlub edəcək bir boksçu varsa, o da o biri Kliçkodur.
Rinqdə və siyasi meydanda qazanılan qələbə
Bu yaxınlarda boksçu və siyasətçi Vitali Kliçko superağır çəkidə WBC versiyanda fəxri çempionluq titulu ilə təltif edilib. Öz rəsmi bəyanatında Ümumdünya Boks Şurası Kliçkonun rinqdə və siyasi meydanda etdiklərinə görə bu titulu qazandığını bildirib: “Vitali Kliçko həyatında ən vacib döyüşünü keçirir. Ancaq bu dəfə rinqdən kənarda. Küçələrdə insan haqları, ədalətli məhkəmə və Ukrayna kimi böyük ölkədə sülh uğrunda mübarizədə həmvətənlərinə başçılıq etməklə Vitali dünyaya göstərir ki, onda əsl çempion ürəyi var”.
Boks qurumu etiraf edir ki, Kliçko hazırda ölkəsi uğrunda döyüşə çıxdığından çempion titulunu qorumaq üçün konkret vaxt təyin edə bilmir. Bu səbəbdən də o fəxri çempion adına layiq görülür.
Kliçko isə həyatının bəlkə də ən əhəmiyyətli döyüşünə hazırlaşır. Bu döyüş dar rinqdə deyil, Ukraynanın geniş meydanlarında gedəcək. Qələbə isə tək Kliçko qardaşlarının deyil, Ukrayna xalqının qələbəsi olacaq.
Fizzə


