Elçin Sadıqov: «Bu gün də fikirlərimin üzərində dayanıram»
“Gülər Əhmədovanın saxlandığı kamerada mebel var. Onun saxlandığı kameraya baxış keçirə bilərik, onunla həmin kamerada saxlanılan təqsirləndirilən şəxsləri dindirmək olar”. Bu sözləri Gülər Əhmədovanın səsləndirdiyi ittihamlara cavab olaraq Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov Teleqraf.com-a açıqlamasında deyib.
Vəkilin sözlərinə görə, Gülər Əhmədova onunla bağlı danışarkən fikirlərini tam əsaslandıra bilməyib: “Mən faktlar əsasında danışmışam. Səsləndirdiyim fikirlərdə heç bir qərəz olmayıb. Bu gün də fikirlərimin üstündə dayanıram”.
Vəkil Gülər Əhmədovanın onu məhkəmə ilə hədələməsinə də münasibət bildirib: “Gülər Əhmədova istəsə, məhkəməyə müraciət edə bilər”.
Keçmiş millət vəkili Gülər Əhmədova Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdən sonra Elçin Sadıqovu onun barəsində yalan məlumatlar yaymaqda ittiham etmişdi.
Bir neçə gün əvvəl isə Şəmsiyyə Bəylərqızının vəkili Elçin Sadıqov mətbuatda belə bir açıqlama yaymışdı: “Hazırda həbsdə olan sabiq YAP-çı deputat Gülər Əhmədova onun gecələr şəhərə çıxması barədəki məlumatların mətbuata digər xanım məhbus, jurnalist Şəmsiyyə Bəylərqızı tərəfindən ötürüldüyünü zənn edərək ona hədə-qorxu mesajları göndərib”.
Vəkilin sözlərinə görə, bunu ona Ş.Bəylərqızı özü deyib: “Şəmsiyyə Bəylərqızı mənə zəng etmişdi. Bildirdi ki, Gülər Əhmədova bu məlumatın yayılmasında ondan şübhələnib. Bunun ardınca isə keçmiş deputat Şəmsiyyə Bəylərqızının olduğu kamerada bir neçə dəfə qanunsuz axtarış həyata keçirtdirib. Gülər Əhmədova Şəmsiyyə Bəylərqızına övladı ilə görüşməsinə belə qadağa qoyub”.