Təkcə xarizma və cazibədarlıq yetməz!

Səadət Cahangir

Ukraynada cərəyan edənlər hamını həyəcanlandırır, xüsusən bizim on illərdən bəri müsbət dəyişiklik həsrətində olan insanları. Həyəcana dəyər, həqiqətən. Yenilik gözəldir, xoş emosiyalar doğurur, insanın içinə rahatlıq gətirir, gözlərini işıqlandırır. Fərq etməz, bu, həyatın bütün sahələrində belədir. Yeniləşmə təbiətdə fəsillərin və nəsillərin bir-birini əvəzləməsi kimi qanunauyğunluqdur. Dəyişiklik baş verməyən ölkədə yaşamaq, on illərlə təmir olunmayan kirli-paslı, köhnəlmiş, dəlik-deşik bir evdə boğula-boğula işgəncə çəkməyə bənzər. 

Həyəcan öz yerində. Amma Ukraynada hər şey yağ kimi getmir. Etiraz mitinqləri başlanan gündən bəri minlərlə insanın yaralandığı, həbs olunduğu, döyüldüyü faktı qeydə alınıb. Son iki gündə xeyli gərginləşən hadisələrdə  isə 5 nəfərin öldüyü xəbəri verilir. Şübhəsiz, böyük dəyişikliklərin böyük ağrıları var, o sancılar çəkilmədən doğum baş verməz. Artıq orada yüz minlərin apardığı ölüm-dirim savaşının müsbət nəticələri öz bəhrəsini verməkdədir. Hətta yeni koalision hökumət qurulması barədə söhbətlər gedir…

Əslində, Maydanı kənardan daha çox cazibədar edən təkcə xalqın mübarizə gücü deyil, həm də meydana yeni, maraqlı simaların çıxmasıdır. İndi bu meydanın ən rəngli adamı Vitali Kliçkodur, boks üzrə üçqat dünya çempionu. Kliçko bioqrafiyası baxımından da çox maraqlı biridir.  Onun vurduğu zərbələrin dəqiq nöqtələrə düşməsini də nə idman karyerası ilə, nə də təmsil etdiyi “Udar” partiyasının xüsusi gücü ilə bağlamaq olmaz. Bunu sadəcə gənc siyasətçinin çevrəsindəkilərdən fərqli biri olması ilə izah etmək daha doğrudur. O, bəlkə də ayrılıqda qeyri-adi bacarıqlara malik bir siyasi xadim sayılmaz, amma cəsarəti və xarizması ilə meydandakı müxalif gücə ən çox rəng qatan simadır.

Sözsüz ki, böyük mübarizələr böyük çoxluğu bir araya gətirmək imkanı yarananda, gücə güc qatmaq mümkün olanda uğur qazanır. Bu baxımdan, siyasi görüşləri yaxın olan güclərin bir istiqamətdə hərəkət etməsi çox önəmlidir. İndi Maydanın uğur sirrini daha çox bu nöqtədə axtarmaq lazımdır. Bizim mübarizə tarixini orada baş verənlərlə ironiyalı tərzdə müqayisə edənləri də qətiyyən haqlı saymıram. Bir baxsanız, sıramızda nə qədər qurban verə biləcəyi qədər vermiş, itirə biləcəyi qədər itirmiş, məhrumiyyət yaşayacağı qədər yaşamış insan var! Bizim müstəqillik tariximizdə həyatını tam olaraq bu ideallara həsr etmiş minlərlə mübarizin adı keçir. Onların çoxu aramızda yaşayan canlı əfsanələrdir. Bəlkə onların dəyərini zaman 10 il, 20 il sonra, bəlkə də daha gec verəcək. Amma fakt faktlığında qalır, o insanların haqqını yemək kimsənin haqqı deyil. Bu gün Azərbaycanda hökumətə qarşı dayanan alternativ siyasi güc heç də Ukraynada olduğundan zəif deyil. Amma bir ölkədə real dəyişikliklərin baş verməsi və o uğurların sona kimi qorunub saxlanması təkcə daxili şərtlərdən asılı olsaydı, nə vardı ki… Misir təcrübəsi göz önündə deyilmi?..

Azərbaycanın çirkli havasını dəyişən, boz mənzərələrinə rəng qatan dəyişikliklərə böyük ehtiyacımız var və o, yaxın zamanda hökmən gələcək. Amma önəmi olan onun qısa zaman üçün deyil, daha sağlam, daha dayanıqlı və dönməz şəkildə qazanılmasıdır. Bu gün Maydanda baş verənlər 2005-ci il Ukrayna hadisələrini, xalq qəhrəmanı olaraq önə çıxan Kliçko isə o dövrün ən populyar siması Viktor Yuşenkonu xatırladır. İndi yüz minlərin sevimlisi  Kliçko  “ölüm zəhəri”nə belə təslim olmayan Yuşenko qədər cəsur və çəkici görünür. Amma siyasi çəki tərəzisində bunların çox azlıq etdiyi Yuşenko təcrübəsində də özünü isbatladı. Hər halda, xalq öz tarixindən dərs almış olmalı. Bu dərsdən öyrənmək elə bizim özümüz üçün də faydalıdır.