Yaxud, Əli Kərimli necə savab qazanır?
Uzun illərdir mövcud hakimiyyət Əli Kərimliyə və onun rəhbərlik etdiyi partiyaya qarşı şeytanın ağlına gəlməyən üsullarla “mübarizə” aparır. Daha dəqiq desək, YAP rejimi 20 ildən artıqdır ki, Əli Kərimlinin fəaliyyətində “arxeoloji qazıntı” aparmaqla məşğuldur. Bu “qazıntı”lar nəticəsində “qəbir daşları”, “Elçibəyi öldürən zəhər”, “tank əleyhinə mina”, “xaricdən maliyyələşmə” kimi “nümunə”lər üzə çıxıb. Ancaq nə tarix, nə də cəmiyyət bunu qəbul etdiyinə görə bu “tapıntı”ları “elmi nəaliyyət” kimi sırımaq mümükün olmayıb. Bu faktın özü də rejim “tarixçi”lərini Əli Kərimliyə qarşı daha qəddar olmağa sövq edib. Ona görə də hafizlər, əhədlər, etibarlar və digər bu “fakültə”dən olan “araşdırmaçı”lar Əli Kərimli mövzusunu işləməyə davam edirlər.
Biz bu tendensiyanı müşahidə edəndə, yeni hafizlərin, etibarların “istehsal” olunacağına əmin idik. Ancaq biz bu istehsal prosesinin başqa “zavod”larda cərəyan edəcəyini düşünürdük. Görünür, ciddi mənada yanılmışıq.
Belə ki, yeni hafizlər, etibarlar köhnə müxalifət qəzeti olan “Yeni Müsavat”dan boy verməyə başladı. İndi bu qəzetin bəzi köşə yazarları öz fantaziyalarını, yazı öhdəliklərini Əli Kərimli ilə həyata keçirirlər. Hökumətin yadından çıxan, bəlkə də özünə rəva bilmədiyi nə varsa “Yeni Müsavat”ın muzdlu əsgərləri yerinə yetirir. Bunları “kamikadze yazar” da adlandırmaq olar. Çünki, baş yazarın tapışırığı ilə özlərini mənəvi baxımdan partlatmağa hazırdırlar.
Adam bu yazıları oxuyanda dərin fikrə gedir. Sanki bu ölkənin sərvətlərini talayan, Dubayda övladına villa alan, qəzetlərin satışına məhdudiyyət qoyan, vətəndaşların evini başına uçuran, neft gəlirlərini mənimsəyən, yüzlərlə intihara səbəb olan, minlərlə əsgərin ölümünə rəvac verən, seçkiləri saxtalaşdıran və s. Əli Kərimli və onun komandasıdır.
Cənablar, öz köşələrinizdə ədaləti qətlə yetirməklə, tarixin pis bir köşəsində qalacağınızın fərqindəsinizmi? Hakimiyyətin qarşısında “ağ bayraq” qaldırıb, Əli Kərimlini hədəf seçmək cəsarət kimi deyil, satılmış adamların alıcılara özünü sübut etməsi kimi görünür.
Nə yaxşı ki, Müsavat Milli Şuradan getdi, yoxsa hakimiyyətlə eyni dərdi bölüşənlərin sifətini şəffaf şəkildə görə bilməzdik.
Əslində Əli Kərimlinin fəaliyyətində zəhər də, qəbir də, qumbara da, maliyyələşmə də var.
Bəli, Əli Kərimli öz varlığı ilə çoxlarının həyatını zəhərə döndərib, çoxlarını diri-diri qəbirə gömüb, çoxlarının yalan fəaliyyətini partladıb. Və bütün bunlar, Əli Kərimlinin maliyyələşməsi hesabına baş verib – Allah bu mübarizədə onu ləyaqətlə, cəsarətlə, vicdanla maliyyələşdirib.
Muzdluların aldığı maliyyədən fərqli olaraq, bu maliyyə xərclənməklə qurtarmır.
Siz Hafizləşməyə davam edin, Əli Kərimli də hafizləri ifaş etməkdə davam edəcək.
Ey, muzdlular, heç olmasa Əli Kərimli ilə bağlı böhtan yazandan sonra, ürəyinizdə də olsa, ona təşəkkür edin. Çünki qazandığınız ruzi Əli Kərimli faktoruna bağlıdır. Yoxsa sizə kimdir pul verən?
Siz ittiham etdikcə Əli Kərimli savab qazanır. Zarafat deyil, bu adam varlığı ilə nə qədər ailənin dolanışığına kömək edir. Əli Kərimli kimi düşməni olanların dərdi ağır olsa da, dolanışıqları pis olmur.
Davam edin ki, savab qazana bilək.