İnkişaf uçanda

Əvvəl binanı təmir edib inkişaf kimi gözə soxurlar, sonra da uçurub faciə törədirlər…

 Məcburam əyani göstərmək üçün yazıya foto əlavə edim. Şəkildəki dünən sökülərkən uçan binadır. Uçurdularkən uçan bina da demək olar ona. Faciə binası da! Foto çəkiləndə artıq faciə baş vermişdi. Iki gənc həyatını itirmişdi. Məsuliyyətsiz, yekəxana, bacarıqsız, oğru adamlar yığını həmişə belə işləyir… Qorxuları yox, yanğıları yox, sevgiləri yox! Niyə də ehtiyatla, əsə-əsə, qaydalarla işləməlidirlər? Kimə nə deyəcək? Kim bunlardan hesab soracaq? Işi görməyə də tender ha keçirməyiblər, nə bilim kimin qohumunun briqadasını çağırıblar. 

Yuxarıdan əmr gəlib… Sökün əəə! 

Sökdülər və qan saldılar, can aldılar, yerində də yaxşı bir obyektdən-zaddan tikəcəklər. 

Amma siz fotoya yalnız uçqun kimi baxmayın. Diqqət edin və binanın yarımçıq hissəsində üzlüyə baxın. Deməli, həmin bina bundan öncə təmir edilibmiş bahalı aqlay işi ilə. Dekorativ iş, işıqlar, parıltı. Bəs bu binanı uçurdacaqdınızsa, niyə təmir etmişdiniz? Niyə xərcləmişdiniz büdcə pullarını ora? Bir vaxtlar aparılan jurnalist araşdırmaları göstərmişdi ki, binaların o cür üzlənməsi və işıqlandırılması büdcəyə ağlasığmaz dərəcədə böyük vəsaitlərə başa gəlir…

Dünən inkişaf kimi təqdim edilən bu təmir, bu təmiri daşıyan bina uçursa, deməli, inkişaf uçub. Bunun başqa adı yoxdur. Altında da iki can!

Sabitliyi qoruyanlar

Bu günlərdə şəhərdə gedərkən mənə zəng gəldi və maşını saxlayıb telefona cavab verdim. Bir dəqiqə keçməmişdi ki, 6-7 nəfər ucaboylu, cüssəli oğlanlar maşına tərəf qaçdılar. Bilmədim nə baş verir. Qəribə mənzərə idi. Sanki əməliyyat tədbiri idi. Maşının pəncərəsi açıq idi və gələnlərin hamısı üstümə qaçıb soruşdu ki, niyə burada dayanmışam? Dedim, axı nə olub ki, nə baş verir? Sadəcə, telefonla danışıram. Sual verdilər ki, niyə burada danışıram. Izah etdim ki, qanunla maşın gedərkən sürücü telefonla danışa bilməz. Zəng burada gəldi və burada dayandım. Bir az sakitləşdilər. Bundan sonra hamısı da məndən nəzakətlə xahiş etdilər ki, bir az qabağa gedim, orada danışım. Zatən danışıq məcburən bitmişdi…

Qabaqda bir taksi sürücüsü izah etdi ki, həmin yerdə – sağda hansısa böyük məmur yaşayır. Həmin oğlanlar da onun evini qoruyurlar.

Yadıma bilirsinizmi nə düşdü? Bir dəfə Türkiyənin tanınmış köşə yazarı Əhməd Hakan Azərbaycana gəlmişdi və buradan getdikdən sonra şanlı ölkəmiz barədə yazılar dərc etdirdi. Iki şey onu heyrətləndirmişdi. Öyrənmişdi ki, Bakıda o qədər də böyük olmayan pulla dissertasiya müdafiə edə və alimlik dərəcəsi ala bilər. “Şakamı?”, yəni “zarafatmı?” deyə türkiyəli yazarın ağzı əyilmişdi. Inanmamış, amma bir neçə adam bunu təsdiqlədikdən sonra həqiqəti qəbul etmişdi.

Onun heyrətləndirən ikinci məsələ məmurlarımızın şəxsi həyatı idi. Köşə yazarı heyrətlənmişdi ki, məmurlar öz bağbanına dövlətdən aldığı maaşdan çox məvacib verir. Yazıq Əhməd Hakan hələ nəzərə almırdı ki, bu məmurların qulluqçuları, sürücüləri, mühafizəçiləri də var. Bəzən də 5-6 nəfər. Məmur onlara da pul ödəyir.