İlham Əliyev bizim də, özünün də ömrünü yelə verdi

Səhv etmirəmsə, Nazim Hikmət əsl xoşbəxtlik haqqında belə deyib: “o insan xoşbəxtdir ki, hər səhər sevimli işinə, hər axşam isə sevimli evinə tələsir”. Sovet hökumətinin vaxtında biz bu bütöv, əsl xoşbəxtliyi yaşamışıq, amma təəssüf ki, xəbərimiz olmayıb. Sevimli şairimiz Əli Kərim demişkən: “Nə xoşbəxt imişəm bir zaman, Allah, xəbərim olmayıb bu səadətdən”. 

Indi isə nəinki bütöv xoşbəxtlik, hətta yarı xoşbəxtlik üzünə də həsrət qalmışıq. Əliyevlər hakimiyyətinin sayəsində nə sevimli iş yerləri qaldı, nə də  can atdığımız doğma, əziz evlər. Adamlar hər səhər yuxudan zorla oyanırlar, ailələrini dolandırmaq üçün məcbur olub sevmədikləri iş yerlərinə(o da əgər varsa) candərdi gedirlər. Axşam isə problem içində boğulan ailədə işdən yorğun-arğın qayıdan bir damcı da xoşbəxt ola bilmir. Kimin üzünə baxırsan, qüssə-fəlakət tökülür. Əslində, saxtakarlıqla beş illik iş yerini yenidən saxlayan, dünyanın hər yerində evi olan Ilham Əliyev də bəxtəvər deyil, çünki kefi istədiyi vaxt sevimli işləri, əyləncələri ilə məşğul ola bilmir. 

Kəsəsi, Ilham Əliyev də xoşbəxt deyil, çünki azad deyil, istədiyi kimi yaşaya bilmir. Axı o, dünyaya xizək sürmək, məşhur müğənnilərlə rəqs etmək, kozinolarda pul xərcləmək, turnikdə dartınmaq… üçün gəlmişdi, amma başını aldadıb “sən anadangəlmə prezidentsən” deyib, həyatını məhv etdilər. Kim bilir, bəlkə, çox vaxt Ilham Əliyevin yanında olan Allahşükür Paşazadə prezidentini inandırıb ki, bu dünyada boşa gedən ömrün üçün üzülmə, o biri dünyada hurilərlə istədiyin qədər xizək sürəcəksən. 

Eh, sərvət yığmaq uğrunda yavaş-yavaş qocalan Ilham Əliyev hələ də dərk etmir ki, nə qədər var-dövləti olsa da 55-60 yaşdan sonra nə xizək sürmək, nə müğənnilərlə qucaqlaşıb rəqs etmək, nə kazinoya getmək, nə turnikdə dartınmaq həzz verməyəcək, çünki insan yaşlandıqca həvəs ölür, bir cıqqana həvəsi isə milyonlara da almaq mümkün deyil. Tamahı, acgözlüyü üzündən Ilham Əliyev bizim də, özünün də ömrünü yelə verdi. Özü, ətrafı öhdəsindən gələ bilmədikləri, sevmədikləri vəzifələrdə olduqları üçün heç kimə də imkan verilmir ki, arzusuna, qabiliyyətinə, bacarığına uyğun olan sevdiyi işlərlə məşğul olsun. Adını yaza bilməyənlər, ana dilində doğru-düzgün danışmağı bacarmayanlar savadlı, istedadlı, zəhmətsevər adamların ömrünü, əməyini istismar edirlər. 

Bu yaxında, keçmiş iş yoldaşımın yeni iş yerində oldum. Bir zamanlar böyük bir laboratoriyada mühəndis-texnoloq işləyən xanım, indi balaca bir çörək sexində xəmir kündələyirdi. Üst-başı un içində olan rəfiqəm əlləri xəmirli olduğu üçün məni qucaqlaya bilmədi, qanadları qırılmış göyərçin kimi eləcə başını köksümə qoydu. Səhər saat 7-də evdən çıxıb, axşam saat 9-da evə çatan, 12-14 saatlıq iş üçün günə 7-8 manat alan qanadları qırılmışların prezidenti hansı yeni iş yerləri ilə fəxr edir?! Yeni iş yerlərində nə nahar fasiləsi var, nə də siqaret çəkmək, çay içmək üçün qısa fasilələr. Vallah, heç konslagerdə insanlara indiki müdirlər kimi işgəncə verməyiblər. 

Quşçuluq fabriklərindən gələn xəbərlərə isə adam bilmir ağlasın, yoxsa gülsün: bir tanış danışır ki, quşçuluq fabrikində işləyənləri səhər də çimdirirlər, axşam da. Möhtərəm toyuq-cücələrin qəfəslərinə daxil olanda isə fəhlələrin ayaqlarını dərmanlayırlar. Fabrik, sex rəhbərləri orda işləyənlərə deyir ki, ölsəniz də gündə iki dəfə mütləq çimmək lazımdır, yoxsa toyuq-cücəyə mikrob keçə bilər. Toyuq-cücəyə diqqətdən, hörmətdən ruhlanaraq, biz də tələb edirik ki, bələdiyyə üzvləri, qaz-işıq nəzarətçiləri, meriya nümayəndələri, polislər… ümumiyyətlə, xalqla ünsiyyətdə olan, kefi istədiyi vaxt camaatın evinə, dükanına, tövləsinə, hininə… girən hər kəs özü ilə səyyar hamam gəzdirsin. Onlarda o qədər mikrob var ki, əslində heç vaxt duşun altından çıxmamalıdırlar… 

Alman rəssamı Maks Ernestin “Mariya balaca Isanı cəzalandırır” adlı ilginc bir əsəri var: Məryəm ana balaca Isanı çıl-çılpaq dizləri üstə kəlləmayallaq uzadıb, güngörməzini hirslə şappalayır. Kaş bizim də bir Məryəm anamız olaydı, ölkəni zəlil günə qoyanları, günümüzü göy əskiyə bükənləri kəlləmayallaq uzadaydı dizlərinin üstünə, bayılınca güngörməzlərini şappalayaydı: yaramaz “balacalar” peyğəmbər olmasalar da, əminəm ki, adam olardılar…