Azərbaycan cəmiyyətinin çoxluğu tez-tez eyni səhvi təkrar edir. Hərdən adama elə gəlir ki, hələ bir az da geri gedirik. Görünür, oğru avtoritarizm cəmiyyətimizi hər gün bir az da nadanlıq bataqlığına doğru sürükləməyə nail olur. Bəşəri dəyərlərə çatanda hətta ən savadlı adamlar, bilmirəm, çoxluğun qorxusundan, yoxsa hələ də qəlbinə hakim kəsilən nadanlıq hissindən həqiqətin gözünə dik baxa bilmirlər. Cinsi azlığın nümayəndəsi olan gənc Isa Şahmarlının intiharına münasibətdə bu özünü göstərdi.
Insan özünə olan basqılara tab gətirməyib və intihar edib. Kimliyindən asılı olmayaraq, buna münasibət yalnız bir ola bilər: basqılara “yox” demək. Çünki heç kəsin haqqı yoxdur ki, kimlərisə basqılara layiq saysın, kimlərəsə başqalarına basqı göstərmək haqqı tanısın.
Qanun qarşısında yaxşılar və pislər yoxdur. Sən özlüyündə cinsi azlıqdan iyrənə də bilərsən, öz cinsi halınla öyünə də bilərsən, cinsi azlıq olmadığı üçün oğlunun istənilən yerinin şəklini cibində gəzdirə bilərsən, amma sən başqa bir insana qarşı basqılara haqq qazandıra bilməzsən. Onun kimliyindən asılı olmayaraq. Çünki bu elə bir nadan düşüncədir ki, həmin düşüncə hüquq cəmiyyətini dağıdır və sonucda nəinki cinsi azlıqlara, cinsi azlıq olmayanlara da bəla gətirir. Ona görə ki, hüquq qarşısında bərabərlik ən böyük bəşəri dəyərdir və sən bu dəyəri cinsi azlığa, milli azlığa, siyasi azlığa, dini azlığa, dinsiz azlığa qarşı pozanda ilk olaraq öz cəmiyyətinə, öz xalqına, öz dininə, öz dövlətinə pislik edirsən.
Çünki məhz hüquqlar qarşısında bərabərlik qorunmadığı üçün bu ölkədə dindar insan ona qarşı haqsızlığa tab gətirməyib, son məktubunu yazıb intihar etdi və biz sarsıldıq!
Intiharı ateist də etdi, sarsıldıq!
Intiharı bütün ictimai söhbətlərdən uzaq sadə vətəndaşlar da edir və sarsılırıq!
Özünə qıyan Qarabağ döyüşçüsü də bizi sarsıtdı!
Hüquq qarşısında bərbərliyi müdafiə etməyən, bacı və qardaşlar! Siz elə bir bəşəri dəyərə qarşı çıxırsınız ki, çağdaş dünyada onun yoxluğu ilə milli dəyərlər və hətta millətlər də məhv olub gedir. Onsuz gerçək əxlaq və mənəviyyat olmur. Onsuz keçmiş ola bilər, amma gələcək yoxdur.
Hələ bu harasıdır! Siz bununla ağlınıza gəlməyən cinayətlərə yol açırsınız. Təkcə basqıları gücləndirmirsiniz. Cinsi azlığın təmsilçisinə qarşı haqsızlıq sizi tərpətmir. Amma bilirsinizmi ki, belə haqsız cəmiyyətdə sabah cinsi azlıq olmayan adamı cinsi azlıq kimi şərləyə bilərlər və sizə həmin adamı daş-qalaq etdirərlər. Mühacirətə getməyə məcbur edilən gənc jurnalistə bu hakimiyyət bütün basqılardan sonra yalandan “cinsi-azlıq” damğası vurmadımı? Bunu AzTV-dən bütün xalqa yaymadılarmı? Onun yerində kim istəsən ola bilər sabah, hətta sizin çox sevdiyiniz adam da.
Bir insanın cinsi azlıq olmasının səbəbi ilə bağlı müdrik və dərin ideyalarınızı nə qədər istəyirsiniz özünüzdə saxlayın, amma istənilən insana, istənilən olaya haqlar və qanunlar prizmasından baxmağa borclusunuz. Hamımız borcluyuq.
Hüquq qarşısında bərbərliyi müdafiə etməyən, bacı və qardaşlar! Bir şeyi bilin, bununla siz özünüzə pislik edirsiniz. Bu pislik həm hüquq, həm maddi, həm əxlaqi, həm talesizlik şəklində sizə tərəf gələ bilər. Fakt ortadadır. Fakt – bu gün başdan-ayağa özbaşınalığa və mənəviyyatsızlığa təslim olmuş cəmiyyətimiz, bir qrupun bütün xalqın üzərində ağalığıdır.
Hüquq qarşısında bərbərliyi müdafiə etməyən, bacı və qardaşlar! Bu yanaşma cinayətlərə haqq qazandırmaqdır. Belə cəmiyyətlərdə ən böyük əxlaqsızlar yer alır. Odur ki, biz bu gün haqqı pozulan hər kəsi müdafiə edirik, dindarları da, ateistləri də, başqa millətdən olan insanları da. Biz hətta cinayətkara qarşı qanunsuzluq olduqda etiraz edirik və heç kəsin qanunu pozmaq hüququnu tanımırıq. Çünki ləyaqətli və əxlaqlı, rifahlı və güvənli cəmiyyətdə yaşamaq istəyirik. Çünki gördüyümüz nadanlığın sabaha daşınmasını istəmirik. Çünki bütün nadanlıqların kökü eynidir – həqiqi dəyərlər, insanlıq, haqlar mülahizələrə qurban gedir.