Paytaxtın mərkəzi prospektində söküntü işi faciəyə səbəb oldu
Heydər Əliyev prospektində sökülməkdə olan binanın uçması nəticəsində ölən iki nəfərin adları məlum olub. Bunlar – Bakı sakinləri – 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğludur. Nərimanov rayon Polis İdarəsindən alınan məlumata görə, qalıqlar altında qalan avtomobilin sürücüsünün Cavid Bayramlı olduğu təsdiqlənib.
Ölənlər ərazidəki Shevrolet Niva maşının içində olublar. Hadisə zamanı bu maşından əlavə daha 5 maşına ciddi zədə dəyib. ANS TV-nin hadisə yerində olan müxbiri xəbər verib ki, hadisəyə uçurulan binanın üstündəki ekskavator səbəb olub. Binanın uçması nəticəsində xoşbəxtlikdən həmin ekskavator yerə düşməyib.
Cavid Bayramlı və Asiman Ələkbərov
***
Yanvarın 25-i saat 16 radələrində Bakının Heydər Əliyev prospektində dəhşətli hadisə baş verib. “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında sökülməkdə olan bina yola uçub.
“Ans press” hadisə şahidlərinə istinadla bildirir ki, bina yoldan ötən maşınların üzərinə aşıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hazırda həmin ərazidə yolun bağlandığı deyilir. Hadisə yerində Təcili Tibbi Yardım briqadası, FHN xilasediciləri və texnikası çalışır.