Dünən saytlarda bir xəbər başlığı gördüm, maraq məni bürüdü: “Azərbaycan və Türkiyə ”dost-düşmən tanıma” sistemi qurur”. Dərhal xəbərə tıkladım, baxım görüm, bu nə sistemdir belə.
Xəbərdə deyilirdi ki, “Azərbaycan və Türkiyə arasında aviasiyası və hava hücumundan müdafiə sistemində vahid ”dost-düşmən tanıma” sistemi qurula bilər. Bu sistem hər iki ölkənin hava hücumundan müdafiə sistemini avtomatik rejimdə öz təyyarələrini və digər ölkələrə aid olan uçuş aparatlarını təyin etməyə imkan verəcək”.
Bəs gəlin görək bu “vahid dost-düşmən tanıma” sisteminə görə bizim ortaq dostumuz kimdir?
***
Əlbəttə, əvvəla korrupsiya. Həm bizdə, həm orada rüşvət, korrupsiya dövlətin ən dərin qatlarına qədər kök atıb, bir növ idarəetmənin ayrılmaz, vazkeçilməz parçasına çevrilib.
Düzdür, bu məsələdə fərqli cəhətlərimiz də var, məsələn, bizdə çirkli pulların səsi offşor zonalardan gəlir, Türkiyədə isə ayaqqabı qutusundan çıxır. Bilənlər bilir, təzəlikcə, orada böyük bir rüşvət əməliyyatı keçirilmişdi, nəticədə xeyli nazirin, nazir uşaqlarının, hətta Ərdoğanın oğlunun belə, kirli işlərə qarışdığı məlum olmuşdu. Məsələn, birinin evindən 4 milyon dollar tapılmışdı, özü də bu qədər pulu ayaqqabı qutusunda gizlədibmiş. Halbuki, bizdə 4 milyonu heç gizlətməyə ehtiyac yoxdur, ona biri bir milyondan dörd ayı kəsib kabab eləyərsən, yerində qara qəpik də qalmaz. 4 milyon nə puldur axı?
Amma əlbəttə, kirli pul hər bir halda kirli puldur, 4 milyon da olsa, 48 milyard da olsa!
***
Başqa bir ortaq “dost”umuz repressiyadır. Doğrudur, Azərbaycanla müqayisədə Türkiyədə demokratiya nəfəslikləri tamamilə qapadılmayıb, hətta bizimlə müqayisə xeyli bəlkə qüsurludur da.
Amma həm Azərbaycanda, həm Türkiyədə siyasi səbəblərlə, sifarişli hökmlərlə hazırda xeyli adam – qəzetçi, hüquq müdafiəçisi, siyasi fəallar, gənc aktivistlər və s. həbsə məhkum olunub. Məsələn, Türkiyə həbsdəki jurnalist sayına görə dünya liderlərindəndir, biz də belə siyahılarda əlhəmdülillah, adımıza layiq yerləri tuturuq.
***
Bir ortaq “dostumuz” da var, o da hər iki ölkədə iqtidarların siyasi leksikonudur.
Deyək ki, korrupsiya ilə bağlı ifşaedici fakt ortaya çıxdı. Boş şeydir, “inkişafımızı gözü götürməyən qüvvələrin işi”dir, “çirkin komplo”dur, “düşmən dəyirmanına su tökənlərin əməli”dir, “yüksələn bir Türkiyə”, yaxud “güclü Azərbaycan” arzulamayan dairələrin qurğusudur.
Siyasi məhbus… O nədir, nəmənədir? “Bizdə siyasi məhbus yoxdur”, “jurnalistdir deyə, cinayətlərinə gözmü yumacağıq?”, “Demokratiyanın nə olduğunu Avropadan öyrənməyəcəyik, qoy onlar gəlib bizdən öyrənsinlər”, “Heç kim bizim daxili işlərimizə qarışa bilməz” və s.
Istanbulda “Gəzi” mitinqləri, yaxud Bakıda “Əsgər ölümlərinə son” aksiyaları keçirilir… Danışılan dil eynidir: “Kimsəyə ölkənin hüzurunu qaçırmağa imkan verməyəcəyik”, “xaricdən maliyyələşirlər”, “anti-milli ünsürlər”, “hansı qaranlıq güclərin işbirlikçisi olduqlarından xəbərdarıq”, “təxribatdır”, “müftərilər”…
***
Deyəcəksiniz ki, bəs ortaq düşmənlərimiz yoxdur?
Niyə yoxdur, var, həm də bəs deyincə:
Çağdaşlıq.
Azadlıq.
Demokratiya.
Bilgi. Təhsil.
Sorğulamağı, hesab istəməyi, tənqid etməyi sevən hər kəs.
Azad qələm. Özgür düşüncə. Fərqli fikir.
Sonda arzu edək ki, birgə “dost-düşmən tanıma” sistemi hamımıza xeyirli-uğurlu olsun.
Gün o gün olsun, “halal-haram tanıma”, ?ünsür-anti-milli ünsür tanıma” sistemlərimiz də olsun.
“Amin” deməyən dillər qurusun…