Rəhim Qazıyevdən Əliyevin ittihamlarına sərt cavab

Geri qaytardığımız 52 faiz ərazi və 6 rayon Heydər Əliyevin hakimiyyəti dövründə işğal edildi

 Yanvarın 21-də ölkə başçısı Ilham Əliyev Gəncədə məcburi köçkün ailələri üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə tanış olarkən Elçibəy hakimiyyətini tənqid atəşinə tutub. O bildirib ki, əgər Heydər Əliyev həmin dövrdə hakimiyyətdə olsaydı Kəlbəcər işğal olunmazadı: “…Kəlbəcərin, Laçının, Şuşanın işğalı Qarabağ müharibəsində mənfi tərəfə dönüş yaratdı. Əgər o vaxt ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, bir qarış torpaq da düşmən tapdağına düşməzdi. Bunu hamı yaxşı bilir. Məhz onun 1987-ci ildə siyasi hakimiyyətdən uzaqlaşdırılmasından iki həftə sonra ermənilər bu məsələni qaldırdılar.

Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər o böyük məsuliyyəti dərk edə, düzgün siyasət apara bilməyib. Onlar xalqdan çox uzaq idilər və bir çox hallarda xəyanətkar siyasət aparıblar. Ona görə bu gün biz bax, bu vəziyyətlə üzləşmişik”- deyə Ilham Əliyev bildirib.

Prezidentin bu çıxışından sonra belə mənzərə yaranır ki, Azərbaycanın işğal olunmuş ərazisi yalnız Kəlbəcər, Şuşa və Laçındır. Axı Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdarə də işğal olunub. Və bu rayonların işğalı Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Yoxsa, bu 6 rayonun qorunması həmin dövrdə hakimiyyətdə olanların maraq dairəsində deyildi? 

Ilham Əliyevin ittihamlarına həmin dövrdə Müdafiə naziri olmuş Rəhim Qazıyev münasibət bildirdi. Rəhim Qaziyev bu hakimiyyətin Qarabağdan danışmağa haqqı olmadığını və torpaqların böyük əksəriyyətinin Əliyevlər hakimiyyətinin dövründə işğal olunduğunu bildirdi: “Ilham Əliyev düz deyir ki, torpaqların verilməsində xəyanət olub. Bəs, niyə bu xəyanətkarların adı hələ də gizli saxlanılır, niyə bu istiqamətdə şəffaf iş aparılmır? Mən bu barədə istənilən debatda iştirak etməyə hazıram. Bu faktdır ki, həmin dövrdə qeyrətli oğulların hesabına 52 faiz ərazi düşməndən geri alınmışdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bizim geri qaytardığımız 52 faiz ərazi ermənilərə verildi və 6 rayon işğal olundu. Mən razıyam ki, açıq məhkəmə prosesi keçirilsin və bu işdə günahkar olanlar ən ağır cəzaya məhkum edilsin. Ilham Əliyev 1-ci prezidentliyi dönəmində Qarabağı azad edəcəyi haqda vəd vermişdi, indi 3-cü prezidentlik dövrünü yaşayır, hələ də bir qarış torpaq azad edilməyib. 22 ildə 22 metr torpağı işğaldan azad edə bilməyən prezidentin 11 aylıq hakimiyyəti ittiham etməyə haqqı yoxdur. 11 aylıq Müdafiə Nazirliyinin əldə etdiyi uğuru, 22 yaşlı Müdafiə Nazirliyi edə bilməyib. Ilham Əliyev həmin dövrdə Moskvada bizneslə məşğul idi. Ancaq bilsin ki, mən Müdafiə Nazirliyini təhvil verəndə Azərbaycanın silahlı qüvvələri Xankəndinin 8 kilometrliyində yerləşirdi. Bəs, indi bu məsafə nə qədərdir? Sadəcə olaraq bu hakimiyyət 22 ildir daxili düşmən axtarmaqla öz fəaliyyətsizliyinə prezident səviyyəsində bəraət qazandırmaq istəyir”. 

Azad