Məcburi köçkünlər benzin dolu butulkalarla qurumun qarşısına toplaşdı; onlardan biri özünü yandırmağa cəhd etdi
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə yaşayan bir qrup köçkün ailəsi Qaçqın və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin (”Qaçqınkom”) binası qarşısında aksiya keçirməyə cəhd edib. Virtualaz.org saytının məlumatına görə, qaçqınlar komitənin sədri, baş nazirin müavini Əli Həsənovla görüşməyi tələb edib. Komitə əməkdaşlarının Əli Həsənovun məzuniyyətdə olmasını bildirməsi qaçqınları daha da hiddətləndirib.
Çantalarında benzin dolu şüşələr olduğunu deyən şikayətçilər komitə rəsmilərinə tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə özlərini yandırmaqla intihar edəcəklərinə dair xəbərdarlıq ediblər. Bundan sonra komitə əməkdaşları ilə qaçqınlar arasında mübahisə yaranıb. Az sonra şikayətçiləri Əli Həsənovun müavini Gəray Fərhadov qəbul edib.
Görüşdən sonra qaçqınlardan biri binanın qarşısında özünü yandırmağa cəhd edib. Lakin digər şikayətçilərin köməyi ilə qadını sakitləşdirmək mümkün olub.
Qaçqınlar evlərinin Bakı Metropoliteni tərəfindən sökülməsi müqabilində kompensasiya ödənilməsini tələb edirlər.
Şikayətçiləri qəbul edən “Qaçqınkom” sədrinin müavini Gəray Fərhadov mübahisəli məsələnin məhkəmə müstəvisində olduğunu deyib: “Komitə heç bir məcburi köçkünü yaşadığı, məskunlaşdığı ərazidən məcburən, zorla köçürmür. Hətta sizin şikayətinizlə bağlı məlumat da vermişik. Indi sizə verilən evləri Bakı Metropoliteni alıb. Biz isə həmin evləri sizə təqdim eləmişik. Amma bu, o demək deyil ki, komitə sizə kompensasiya ödənilməsinə qarşıdır. Sizə kompensasiya ödənilərsə, biz niyə buna qarşı çıxaq?!”
Gəray Fərhadov söyləyib ki, hazırda iş Ali Məhkəmədədir: “Bu işə məhkəmə baxır. Ali Məhkəmənin qərarını gözləyin”.
Şikayətçilər isə qərar olmadan söküntü işlərinə başlanıldığını bildiriblər: “Bir qurumun sözü ilə digərinin dediyi üst-üstə düşmür. Bəs biz kimdən kömək istəyək? Qapısında 3-4 xarici maşın olanlarlar ”meşok”la pul aldılar. Hələ biri var, prokuror idi, bu yaxınlarda oğlunun bahalı maşınlarına görə vəzifəsindən də çıxardıblar, onun evinə, torpağına qədər hər şeyə görə pul ödədilər. Hətta boş torpaq sahəsinə görə də kompensasiya ödənildi. Bizdə hamının siyahısı var. Biz haqq-ədalət tələb edirik. Hüquqlarımız bərpa olunmayanadək yolumuzdan dönməyəcəyik. Bu haqsızlığın sonu ölümdür”.