Masonlar Ukraynada

Ukraynada baş verənlərə gənc siyasətçi Dadaş Sadıqlının yazdığı şərh çox gözəldi. Köşəmdə ona yer ayırmağım təkcə səxavətliliyimdən irəli gəlmir, faydalı olduğundan lazım bilirəm.

Dadaş bəy yazır: “Masonlar dünya əhalisini azaltmağa doğru yeni bir addım atdılar. Onlar artıq müsəlmanların qırğın yolu ilə azalmayacağını başa düşüb, bu işi Allahın ümidinə buraxaraq, xristianları qırmağı üstün bildilər. Ukraynadakı hadisələr bunu bir daha sübut edir. Iğtişaş yaradaraq, əhalini azaltmaq!”

Yəqin hiss etdiniz, gəncin yanaşması ironikdi, amma çox yerindədir. Ərəb ölkələrində, ümumən müsəlman dünyasında baş verən hərəkatları Islama qarşı bir həmlə görənlərə yaxşı cavabdır.

Hakimiyyətin kəramətindən bizim ölkəmizdə belə bir fikir populyardır ki, dünyada iki düşüncənin (müsəlman və xristianların) davası gedir. Dünyada baş verən müharibələrin, inqilabların da məhvərində bu ideya çarpışması durur. Bu fikrə səmimi qəlbdən inanan adamlar var və nə yazıq ki, onlar dünyada 900 milyon hinduistin, 500 milyon buddistin olduğunu ya bilmirlər, ya da nəzərə almırlar. Belələri aclıq, səfalət içində yaşayan xristian dövlətlərini unudurlar; cənubi Amerikanı, Rusiya xristian çoxluğa sahib olsa da, ümumən Qərb adlanan dövlətlərlə hamar olmayan münasibətləri nəzərə almırlar.

Əlbəttə, ayrı-ayrı dövlətlərdə, şəxslərdə din təəssübkeşliyinin olması mümkündür. Fəqət, bu, çağdaş siyasətin müəyyən olunmasında nə dərəcədə rol oynayır, bax bu, mübahisəli məsələdir.

Öz misalımızdan çıxış etsək, dinin dövlətlərarası münasibətlərdə başlıca amil olmadığını görürük. Məsələn, Iran və biz.

Azərbaycanda Irana qarşı antipatiya var. Bunun köklü səbəbləri varmı, yoxmu – bu mövzuda mübahisə açmıram. Lakin biz küçədə on adamdan soruşsaq ki, Iran dövləti bizə çox babdır, ya Ermənistana, əksər cavablar bizim xeyrimizə olmayacaq. Halbuki, azərbaycanlıların iranlılarla nəinki dini, əksərən məzhəbi eynidir. Şübhə eləmirəm, biz ikinci sualı belə qoysaq ki, ərəb dünyasında baş verən təlatümlərin səbəbi nədir, o sorğuda iştirak edənlərin çoxu “heç nə, xristianların hiyləsidir, yazıq müsəlmanları qırır” deyər. Bunların hamısı siyasi savadsızlığın, qulaqdan dolma “elmlərin” təsirindəndi.

Xülasə, din böyük faktordur, bunu danmayaq. Fəqət, beynimizin bir ucunda onu da yadda saxlayaq ki, hazırda dindən də güclü motivasiya yaradan faktorlar var.

Ukrayna hadisələrinin necə sonuclanacağını təxmin edirəm, ancaq təxminlərimlə oxucunu yormayacam. Bu çağacan olanlar bəzi dərslər üçün materialdır. Xüsusən, bizim Odlar Yurdundakı “avropapərəstlər” üçün. Bu saxta avropapərəstlər ənənəvi adlandırılan müxalifəti gözdən salmaq üçün həmişə ona iftira atır, uca səslə deməsələr də, bizim müxalifəti “dağıdıcı”, “radikal”, “sivil metodları mənimsəməmiş” adlandırıblar, bu düşüncələri ilə hakimiyyətə fikir qardaşlığı ediblər. Fəqət, indi onları dörd gözlə izləsəm də, Ukraynadakı iğtişaşlar fonunda dilləri betər lal olub. Küçələri odlayan, polisin başına “Molotov kokteyli” çırpan ukraynalı etirazçılar barədə “çox radikaldılar” deyə bilmirlər. Niyə? Çünki onlar üçün risk var, birdən bu düşüncə donorların acığına gələr. Axı hələ o “donor qardaşlar” Ukraynadakı dağıdıcılığı pisləməyib…

Bir məqam da var. Cəmiyyət canlı orqanizmdir. Alimlər deyir ki, ona vaxtaşırı qəzəbini ifadə etməyə imkan yaradılmalıdır. Yaradılmayanda, qapağı bərk örtülən qazan qaynar buxırın təsirindən necə mərəkə qoparırsa, cəmiyyət də ona uyğun təlatüm törədir.

Ukraynada sərbəst toplaşmaq problemi yox idi. Müxalifət kefi istəyəndə toplaşıb etirazını ifadə edirdi. Buna rəğmən, meydanlardakı insanların hakimiyyətə qarşı barışmaz və sərt rəftarı da göz önündədir. Insanlar avtoritar və yarıtmaz hakimiyyətin iş başında qalmasını istəmir.

Indi özümüzə qayıdaq. Yarıtmaz hakimiyyət, sosial problemlərin məngənəsində olan və etiraz etmək hüququ əlindən illərdir alınan xalq.

Ukraynadakı alovları yatağına düşən od kimi qəbul edən hakimiyyət ya xalqa rifah verməlidir, ya da siyasi azadlıq. Bilirəm, bunları vermək çətindir, amma mümkündü və siyasi intihardan yaxşıdır.