Hacıbaba Əzimov “MTN-ə müraciət” məsələsinə aydınlıq gətirdi

«Haqqımda yayılan məlumatlar reallığı əks etdirmir»

Bugünlərdə müxtəlif saytlarda VAHMP sədri, Milli Şura üzvü Hacıbaba Əzimovun təhrif olunmuş açıqlamaları yayıldı. Guya Hacıbaba Əzimov MTN-i Milli Şurada yoxlama aparmağa, müəyyən adamlarla bağlı tədbir görməyə səsləyib. Təbii ki, bütün bu xəbərlər Milli Şuranı gözdən salmağa, cəmiyyətdə Milli Şuraya qarşı mənfi rəy formalaşdırmağa hesablanmış addımlardı.

Hacıbaba Əzimov “Azadlıq”a açıqlamasında bildirdi ki, haqqında səsləndirilən fikirlər yanlışdır və jurnalistlərin belə yanaşması yolverilməzdir: “Mən ağzıma gələni danışan adam deyiləm. Əgər bir fikir səsləndirmişəmsə, sona qədər arxasında duraram. Əvvəl deyib, sonra sözünü danmaq mənə yaraşmaz. Düzdür, mənim xoşum gəlməyən, fəaliyyətini təqdir etmədəyim adamlar var və bunları tənqid etmişəm. Ancaq mənim Milli Şura ilə bağlı MTN-ə müraciət etməyim absurddur. Bunlar məni gözdən salmaq cəhdidir. Bu çox mənasız yazıdır. Əgər mənim belə bir fikrim olsa, müvafiq orqanlara rəsmi müraciət edib, tələblərimi çatdıraram. Mən demişəm ki, ölkədə milli ayrı-seçkilik salmaq istəyən, etnik zəmində münaqişə yaratmaq istəyən adamlarla profilaktik iş aparılmalıdır. Mənim dediklərimi təhrif ediblər və mən bu adamlara öz etirazımı bildirmişəm”.