Qış əbədi deyil

Siyasi məhbus Tofiq Yaqublunun ailəsi Şəkidən – məhkəmə adlanan məzhəkədən qayıdarkən qəzaya düşüb. 

Bu fədakar, ləyaqətli, mübariz, yenilməz ailə iki ildir faktiki olaraq, linç edilir. Başlarına gəlməyən-gətirilməyən qalmayıb.

Haqlı olaraq dünənki qəzanı da əslində rejimin repressiya siyasətinin nəticəsi kimi dəyərləndirənlər var. Məsuliyyət bir ildir o ailəni yollarda qoyanların üzərindədir. 

Başqa bir siyasi məbus dostumuz – Rəşadət Axundovun ailəsində baş verənləri xatırlayın. Babası nəvəsinin haqsızca, ədalətsizcə həbsinə daha artıq dözə bilmədi, damarlarını doğrayaraq intihar etdi. Çox keçmədi, Rəşadətin nənəsinin də ürəyi tab gətirmədi.

Digər məhbus ailələrinin üzvlərinin hansı acılar, məşəqqətlər çəkdiyini də bilmək, təsəvvür etmək çətin deyil.

Artıq hakimiyyətdə yatmış vicdanlar oyanmalıdır. Bu cür zülmlərin gələcək üçün nə qədər ağır sonluqlar vəd etdiyinin fərqinə varmaq lazımdır.

Hər haqsız həbslə, hər ədalətsiz addımla bu ölkədə kin, nifrət, düşmənçilik toxumları əkdiklərini anlamalıdırlar. Bu gün külək əkən sabah fırtına biçəcəyini unutmamalıdır.  

Qış əbədi deyil, qar-çovğun, şaxta-ayaz əbədi deyil. Istədiyi qədər sərt keçsin, amma ardınca həmişə güllü, günəşli bir baharın gəldiyi şübhəsizdir.

Hesab günü mütləq olacaq, amma onda da peşimançılıq üçün, üzrxahlıq üçün, bağışlanmaq üçün çox gec olacaq. 

Bir millət, iki zillət

Türkiyənin xəbər portallarında oxudum, Ərdoğan Brüsseldə çıxış edərkən orada yaşayan türklərdən biri qəfil yerindən qalxaraq bağırıb: “Ömrümün yarısını sana veririm, Başbakanım”.

Yadıma bir zamanlar Azərbaycanda dəb olan “allah mənim ömrümdən kəsib sənin ömrünə calasın” sözləri düşdü.

“Bir millət, iki zillət” deyirəm, başqa heç nə demirəm. 

AzTV-nin şərhi

Müdafiə Nazirliyinin açıqlamasını oxuyuram: “Ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 98 dəfə atəşkəs rejimini pozublar”.

Təsəvvür edirsinizmi, nə az, nə çox, bir gündə düz 98 dəfə!

Hesablasanız, bəlkə heç müharibə şəraitində bir gündə 98 dəfə atışma olmur. 

Yəqin indi AzTV-nin Ibrahim Məmmədovu Müdafiə Nazirliyinin məlumatına belə şərh verir: “Ermənistan sürətlə boşalır, onlar sonuncu güllələrini atıb ölkəni tərk edirlər!” 

Yenə əsgər vaqeəsi

Dünən daha bir əsgərin ölüm xəbəri gəldi.

Yox, yox, o bir gündə 98 dəfə pozulan atəşkəs nəticəsində, düşmən gülləsindən ölməyib.

O, öz-özünü güllələyib.

Bir sözlə, əsgər ölümlərinin səbəbi ilə bağlı dəyişən heç nə yoxdur.

Nə baş verir? Rahat olun, gedin aşıq müsabiqələrinə, meyxana yarışlarına, “Maşın” şousuna, Elgizin saçyoldu verilişlərinə baxmaqda davam edin. Azərbaycanda hər şey yaxşıdır. Ukraynalılara da ayıb olsun ki, meydanlara çıxıb haqq-hüquq, azadlıq, çağdaşlıq tələb edirlər. 

O gəncin arxasınca

Dünən Isa Şahmarlı adlı gənc fəal üzərindəki məhəllə basqısına, saxta əxlaq kodeksinə dözə bilməyərək intihar etdi, intihar məktubunda da “Hamınız ölümümdə günahkarsınız. Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil” yazdı.

Ilin əvvəlindən bu yana neçənci intihar faktıdır, bilmirəm. Sayını-hesabını itirmişik. 

Hər tərəf, hər addım ölüm saçır elə bil: kasıblıq öldürür. Işsizlik öldürür. Mentalitet öldürür. Pis, zalım idarəetmə öldürür. 

Və hər belə ölən insanla insanlıq ölür, fərqindəsinizmi, ey insanlar?! 

Köçün adı

Intiharlardan söz düşmüşkən.

Dünən dostlardan biri sosial şəbəkədə yazmışdı: “Deyirlər, Afrikada bir köçəri qəbilə var. Padşahın zülm damarı tutan kimi, gecənin bir yarısı, padşah şirin yuxuda ikən qəbilə üzvləri oyanır, sakit, səssiz şəkildə köçüb başqa bir ərazidə məskunlaşırlar. Padşah səhər oyandığında isə artıq nə idarə, nə də zülm etməyə adam qalmır”.

Indi deyəsən, bizdə – Azərbaycanda o köç intihar formasında baş verir.