ABŞ-dan Azərbaycan hakimiyyətinə çağırış

Yanvarın 23-ü Vyanada ATƏT Daimi Şurasının iclası keçirilib. “Turan”ın məlumatına görə, ABŞ-ın ATƏT-dəki missiyasının siyasi müşaviri Kristofer Robinson iclasda çıxış edərək Azərbaycanda müxalifət fəalı Yadigar Sadıqova 6 il həbs cəzası verilməsindən narahat olduğunu deyib: “Birləşmiş Ştatlar Azərbaycanda məhkəmənin Yadigar Sadıqovu xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum etməsindən narahatdır. Cənab Sadıqov siyasi fəal və Müsavat Partiyası rəhbərinin müşaviridir. O, 2013-cü ilin iyununda, prezident seçkisi kampaniyası başlamazdan əvvəl həbs edilib. Sadıqovun həbsi və mühakiməsi Azərbaycanda vətəndaş cəmiyyətinə və siyasi plüralizmə həyəcan yaradan hadisələr seriyasından daha bir faktdır. Biz qanunsuz sahibkarlıqda və vergi ödənişindən yayınmaqda ittiham olunan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” təşkilatı fəallarının işinin araşdırılmasını diqqətlə izləyirik. Bir müddət əvvəl Daimi Şurada cənab Məmmədlinin həbsinin seçkilərin monitorinqini həyata keçirməsi ilə bağlı olmasından narahatlığımızı ifadə etmişdik. Biz həmçinin İsmayıllı sakinlərini dinc etirazlara təhrik etmək ittihamı ilə həbs edilmiş REAL hərəkatının lideri İlqar Məmmədovun və Müsavat başqanının müavini Tofiq Yaqublunun, habelə qeyri-döyüş şəraitində əsgər ölümlərinə etiraz aksiyasına görə həbs edilmiş “Nida” hərəkatı fəallarının işi üzrə araşdırmaları da diqqətlə izləməkdə davam edirik və zəruri hüquqi prosedurları təmin etməyə çağırırıq”. ABŞ rəsmisi həmçinin prezident İlham Əliyevi parlamentin QHT qanunvericiliyinə bu yaxınlarda qəbul etdiyi düzəlişləri təsdiq etməməyə və düzəlişləri beynəlxalq standartlara, ATƏT qarşısında öhdəliklərə uyğunlaşdırmaq imkanlarını müəyyən etməyə çağırıb.