Tofiq Yaqublunun həyat yoldaşı əməliyyat olunacaq

Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov avtomobil qəzasına düşərək xəsarət alan Müsavat başqanının müavini Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu və müsavatçı Çingiz Əlinin durumu haqda açıqlama verib.

Yanvarın 22-də “Media forum” saytına danışan baş həkim bildirib ki, qəza zamanı Çingiz Əli kəllə-beyin travması alıb, nəticədə baş beyni orta dərəcədə əzilib: “Xəstələr Respublika Neyrocərrahiyyə Xəstəxanasına İsmayıllı rayonundan gətirilib. Çingiz Əliyə yolda ağrıkəsici, yuxu dərmanları vurulub. İndi özünə gəlib, huş əlamətləri var, durumu sabitləşməyə doğru gedir. İndiyədək yuxuda olması həm qəza nəticəsində aldığı zədənin fəsadıdır, həm də xəstəxanaya gətirilən zaman ona vurulan yuxu dərmanları və ağrıkəsicilərə görədir. Artıq qismən ayılıb, deyilənləri anlayır, reaksiya verir. Hələlik onun əməliyyat olunmasına ehtiyac duyulmur.

Beynində ciddi qansızma, qan laxtalanması yoxdur. Ona görə də əməliyyata ehtiyac duymuruq. Amma travma yenidir, xəstə səhər tezdən bütün müayinələrdən keçirilib. Vəziyyətində hər hansı dəyişiklik olsa, əlavə müayinələr aparılacaq. Xəstə ciddi nəzarət altındadır”.

Baş həkimin sözlərinə görə, müayinədən sonra Maya Yaqubluya kəllə-beyin travması və baş beynin silkələnməsi diaqnozu qoyulub: “Onun boyun fəqərələrində sınıq-çıxıq da var. Sınıq-çıxıq altıncı və yeddinci fəqərələrdə qeydə alınıb. Belə diaqnoz qoyulan xəstələr üzərində cərrahiyə əməliyyatı aparılır. Maya Yaqublu əməliyyat olunacaq. İndi əməliyyata hazırlıq görülür. Əlavə müayinələr aparılacaq.

Hazırda Maya Yaqublu məhdud formada hərəkət edə bilir. Xəstənin durumunun ağırlaşmasını önləmək və tam hərəkət etməsini bərpa etmək üçün əməliyyat vacibdir. Boyun fəqərələrində olan sınıq-çıxıqlar onun onurğa beynini sıxır. Onurğa beyni azad etmək lazımdır. Boyun ciddi nahiyədir, hər zaman pisləşmə ola bilər”.

Kabus Dadaşov bildirib ki, cərrahiyə əməliyyatını Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri edəcək: “Yüksək peşəkarlığa, böyük təcrübəyə malik həkimlərimiz və hər cür şəraitimiz var. Özüm xəstələrə nəzarət edirəm. Səhiyyə Nazirliyi xəstələrin durumu haqda məlumatlandırılıb. Nazirliyin rəhbərliyi xəstələrə xüsusi diqqət göstərilməsi və sağlamlıqlarının bərpa olunması üçün lazım olan bütün işlərin yüksək səviyyədə görülməsi haqda tapşırıqlar verib. Biz də həmin tapşırıqları yerinə yetiririk”.

***

Tofiq Yaqublu ailəsinin qəzaya düşməsinə münasibət bildirib. Bu məlumatı Müsavat Partiyasının üzvləri sosial şəbəkələrdə yazıblar. Tofiq Yaqublu bildirib ki, ailəsi ona görə bir ildir ki, yollardadır: “Mən bu qəzanı hakimiyyətin ailəmə qarşı olan cinayəti hesab edirəm. Mənim ailəm bir ildir ki, yollarda qalıb. Dünənki məhkəmədə də Nicat Vəliyev adlı şəxsin həyasızcasına üzümüzə durması ailə üzvlərimi və dəyərli dostumuz Çingiz Əlini çox əsəbiləşdirdi, o əsəblə də yola çıxdılar. Bütün bunlar qanunsuzluğun məntiqi nəticəsidir”.

***

Yanvarın 21-də Şəkidən, İsmayıllı hadisələri ilə bağlı keçirilən məhkəmədən qayıdarkən qəzaya düşən Müsavat başqanının müavini Tofiq Yaqublunun yaxınları Bakıya gətirilib.

Tofiq Yaqublu da İsmayıllı hadisələrinə görə həbs edilib və hazırda bir neçə nəfərlə birlikdə Şəki Ağır cinayətlər Məhkəməsində mühakimə olunur.
Yanvarın 21-dəki prosesdə Tofiq Yaqublunun xanımı Maya Yaqublu, qızı, “Yeni Müsavat” qəzetinin müxbiri Nərgiz Yaqublu və Müsavat fəalı Çingiz Əli iştirak ediblər. Onlar geri qayıdarkən İsmayıllı rayon mərkəzinin 5 kilometrliyində, Xanagah kəndi ərazisində qəzaya düşüblər. Maşını Çingiz Əli idarə edib. Hava dumanlı olduğundan sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb.
Xəsarət alanlar İsmayıllı rayon xəstəxanasına yerləşdirilmişdilər. Dünən onları Bakıya gətirilib və hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasındadırlar.
Yaralıların həkimi Fərid Qaralov musavat.com-a bildirib ki, Maya Yaqublunun huşu özündədir, ancaq boynunda bir yerdən sınıq var. Həkim onun vəziyyətini orta-ağır kimi qiymətləndirib.
Cingiz Əlinin vəziyyəti isə daha ağırdır. O da əməliyyat olunacaq.