Ötən il mitinq zamanı saxlanıldığımızda polis idarəsində yaşlı bir zabit məni tanıdığını söylədi: “Neçə il qabaq da səni saxlamışdıq mitinqdə. Qəzetlərdə də rast gəlirsən mənə, görürəm hələ də mitinqə çıxırsan…”
Təbii ki, belələri dərhal adama sual verirlər: “Yorulmadın, ağlın başına gəlmədi və s.?”
Sual verəndən sonra da ağıl verirlər: “Get başını saxla, uşaqlarını saxla və s.”
Belə olanda biz də onların və qulluq etdikləri hakimiyyətin qanunsuzluqlarından, ölkədəki anormallıqlardan, öz amallarımızdan danışırıq. Amma bu dəfə mən o yolla getmədim, tamam başqa oldu söhbətimizin gedişi.
Həmin polis zabitinə sual verdim:
– Son illərdə heç 20 Yanvar şəhidlərini ziyarət etmisinizmi?
– Əlbəttə, niyə də yox. Hər il gedirəm.
– Heç baş əymisinizmi onların məzarına, gül qoymusunuzmu?
– Kim bunu etmir ki?! Baş da əyirəm, gül də qoyuram.
– Siz bilirsiniz ki, onlar da mitinqçilər idi. Silahları-zadı yox idi, əliyalın mitinqçilər idi. Yəqin xatırlayırsınız bunu.
– Bunu kim bilmir. Rus ordusu əliyalın insanları qırdı.
Bu zaman mən bir az dayandım və təbəssümlə onu süzdüm, təbii ki, o da nə deyəcəyimi həyəcanla gözləyirdi. Nəhayət, dilləndim:
– Hə, cənab zabit, mən elə o zamandan mitinqlərə çıxıram və mənim kimi xeyli adam var. Indi bizə çox maraqlı görünür ki, niyə o zaman mitinq edənlərə 20 Yanvar günü baş əyirsiniz, indi mitinq edənləri isə döyür, söyür və həbs edirsiniz? Nə üçün belə edirsiniz? O zaman da azərbaycanlılar dinc şəkildə etiraz etmək üçün küçələrə çıxmışdı. Azadlıq istəyirdilər. Ədalətli cəmiyyətdə yaşamaq arzulayırdılar. Xalq bütövlüyünü və müstəqilliyini təmin etməyə çalışırdı. Qarabağı tələb edirdi. Amma nə baş verdi? Özünü dünyanın ən ədalətli ölkəsi sayan dövlət tankla-qoşunla hücum edib dinc insanları əzdi, öldürdü, küçələrdən qovdu. Ölənlər Xiyabandadır, qalanların bir qismi hələ də mitinqə çıxır. Indi siz mitinqçiləri həbs edəndə, ağlınıza gəlmir ki, şəhidlərin dünənki yoldaşlarını tutub bura, bölməyə gətirirsiniz.
Polis zabiti dinləyirdi və amma artıq sifətində bir ikrah hissi yaranmışdı. Elə bil, axmaq bir adamın mənasız sözlərinə qulaq asırdı.
– Bəli, cənab zabit, indi də bu hökumət sizin əlinizlə bizi küçələrdən yığışdırır. Siz də bizə deyirsiniz, niyə mitinqə çıxırıq. Zəhmət olmasa, bu sualı növbəti dəfə 20 Yanvar günü Şəhidlər xiyabanına gedib, həmin şəhidlərə də verərsiniz. Eləcə ürəyinizdə səsləndirin, amma hökmən deyin: axı siz niyə çıxmışdınız küçəyə?!
Mənim sakit, amma kifayət qədər emosiyalı nitqimdən sonra yalnız belə bir qəzəbli cavab eşitdim: “Jurnalistsən, sənin üçün söz tapıb danışmağa nə var, ağzına gələni danışırsan!”
Təbii ki, sualım ritorik olaraq qaldı, amma cavab onsuz da hamıya aydındır. Məsələ orasındadır ki, zaman-zaman bu ölkədə az qala hamı unudur ki, bu ölkəyə müstəqilliyi də mitinqçilər qazandırıb. Daha doğrusu, xalq müstəqilliyi mitinq etməklə qazanıb.
Müstəqillik hərəkatına yuxarıdan aşağı baxanlar bir vaxtlar tez-tez deyərdi ki, Türkmənistan heç nə etmədi, amma müstəqillik qazandı. Görəsən bütün xalqlar türkmənlər kimi sakitcə otursaydı, SSRI necə dağılardı və respublikalar necə müstəqillik qazanardı? Həm də Türkmənistan müdrikliyindən sakit oturmadı, sadəcə sakitliyi pozub ayağa dura bilmədi.
…Mən bilmədim, bu il 20 Yanvar günü həmin polis zabiti üzünü şəhidlərə tutub sual verdimi: “Siz o gecə niyə çıxmışdınız küçəyə?”