Heç olmasa, yaxşı bir film çəkin!

Hər dəfə önəmli tarixi hadisələrin ildönümü dönüb-dolanıb gələndə dərdlərimiz təzələnir. Necə təzələnməsin ki… Dünya tarixinə qanınla şanlı səhifələr yazasan və bunları bir film şəklinə salıb ölkədən kənara çıxara bilməyəsən. Təbii, film çəkmək də o qədər asan iş deyil. Böyük enerji və ruh istər, yaxşı pul, yaxşı ssenari, peşəkar rejissor və aktyor işi, yaradıcı heyət istər… Uzun sözün qısası, bu film məsələsi bir çox önəmli şərtlərlə bərabər, həm də dərin istəyə bağlıdır.

Xatırlayırsınızsa, 3-4 ay bundan əvvəl Tailandın “TrueMove” şirkəti üçün çəkilmiş 2 dəqiqəlik bir reklam filmi dünyaya səs salmışdı. Uşaq yaşlarında xəstə anası üçün dərman oğurladığı zaman onu xilas edən xeyirxah adama 30 il sonra həkim xalatında borcunu ödəyən şəxsin hekayəsi əsasında qurulan qısa film bütün meyarlarına görə peşəkarlıq nümunəsi sayılmışdı. Təbii, 2 dəqiqəlik bu filmin çəkilişinə çox böyük pullar xərcləndiyini də demək olmaz. Amma qısa şəkildə dünyaya verdiyi mesaj və yaratdığı əks-səda ortada.

Insafən, Azərbaycan kinosunun də yaxşı vaxtları olub. On illər bundan öncə maddi imkanların və texniki imkanların qat-qat aşağı olduğu zamanlarda kino sənətçilərimiz gözəl filmlər çəkib. Amma hamıya məlum olduğu kimi, bu, çox uzaq bir tarixdir. O gündən bu günə çox sular axıb, çox şeylər dəyişib, başımızın çəkmədiyi bəla qalmayıb. O halda normal sayılan da bu zaman içində yeni tariximizə işıq salan yeni-yeni filmlərin çəkilməsi olmazdımı?

Nə qədər təəssüfləndirici olsa da, bu günə kimi nə qürur tariximiz olan 20 yanvar, nə bitmək bilməyən qanlı Qarabağ savaşı, nə də Xocalı soyqırımı haqqında geniş arenaya çıxaracaq bir ekran əsərimiz yox. Əslində, mətbuatdan aldığımız xəbərlərə görə, ölkədə kino çəkilişləri adına bir şeylər baş verir. Rəsmi məlumata görə, 2013-cü ildə dövlətin film çəkilişi üçün ayırdığı 6,5 milyon manatÿpulun hamısı sərf olunub. Sərf olunub və nələrsə də çəkilib, amma qeyd etdiyimiz kimi, ortada ortalığa çıxarılacaq bir şey yox anlaşılan. Elə bu il də film istehsalı üçün eyni məbləğdə, 6,5 milyon manat vəsait ayrılıb və bu pulla 4 bədii film istehsal olunacağı nəzərdə tutulur.

Başqa bir xəbərə görə isə, yaxın zamanda çoxseriyalı “Dədə Qorqud” televiziya filminin çəkilməsi üçün ilkin olaraq Prezidentin Ehtiyat Fondundan Mədəniyyət Nazirliyinə 1 milyon manat ayrılıb. “Dədə Qorqud” dastanı tariximizin ən gözəl salnaməsidir, şübhəsiz. Amma 70-ci illərdə bu adda 2 seriyalı bir film çəkilib və həmin film bu günədək maraqla izlənir. O halda yuxarıda qeyd etdiyim tarixi hadisələrin biri haqqında film çəkməyi düşünmək daha faydalı sayılmazdımı?

Təbii, məsələnin başqa bir tərəfi də var. Dünyada kommersiya sənayesi olaraq görülən və ekranlara çıxaraq istehsalçılarına milyonlar qazandıran filmlərə məgər dövlət pul ayırır? Yaxın günlərdə mətbuatda milli qəhrəmanımız  Mübariz Ibrahimov haqqında film çəkmək istəyənlərin Rusiyadakı diasporlar ilə işlədiyi xəbərini oxudum. Yaradıcı qrup üzvləri çəkiliş üçün xaricdən 2-3 nəfər dəvət etmək, dünyaya keyfiyyətli bir film çıxarmaq fikrində olduqlarını bəyan ediblər. Əslində, ortaya yaxşı film çəkmək iddiası qoyan və bunun maliyyə tərəfini həll etmək üçün dövlət büdcəsindən kənar qaynaqlar arayan bacarıqlı insanları alqışlamaq lazımdır. Bu cəhdlər heç şübhəsiz, kinomuzun dirçəlməsi üçün yeni stimullar verə bilər. Amma Azərbaycanda bu təcrübəyə çox az rast gəlindiyinə görə, indi istər-istəməz ağırlıq dövlətin üzərinə düşür.

Bir sözlə, kino elə bir sənət sahəsidir ki, dövlət özü bu sənətin inkişafında istəkli və maraqlı olmalıdır. Dövlət həqiqi mənada öz tarixini dünyaya tanıtdırmaq istəyirsə, bunun ən yaxşı yolu olan kinoya ürəkdən can yandırmalıdır. Ölkədə pul var, imkanlar da var. Bu qədər havaya uçan pullardan, heç olmasa, dünyaya çıxa biləcək yaxşı bir film çəkin!