Bir hüznün ardından

“Ölkə şahmatının gerçək durumunu Azərbaycanın son illərdə yetişdirdiyi ən yaxşı şahmatçılardan biri – Vüqar Həşimova qarşı haqsızlıqlardan görə bilərsiniz. O, iradlarını dilə gətirdiyi, həqiqətləri söylədiyi üçün Həşimovu az qala, linç etdilər, sağdan-soldan üstünə gəldilər. Yığmadan uzaqlaşdırdılar” – bu sətirləri ilyarım öncə yazmışdım.

Indi Vüqar yoxdur. Əvəzində Vüqara qarşı illər əvvəlki haqsızlığın “memarları”nın göz yaşı var.

Ədalət duyğusu itən ölkə üçün normal haldır. Burada linç də, linç edənin linç edilən üçün göz yaşları tökməsi normadır.

“Timsah göz yaşları” başqa necə olur?

***

Bir zamanlar Vüqarı “ermənipərəst” deyə ictimai rəyin önünə atanların, onu ən müxtəlif suçlamalara məruz qoyanların, yığmadan uzaqlaşdıranların günlərdir açıqlamalarını oxuyuram. Heyrətə gəlirəm.

Yığmadan uzaqlaşdırıb, turnirlərə dəvət etmirdilər, indi isə xatirəsinə turnir təşkil ediləcəyindən danışırlar.

Axı bu nə riyakarlıqdır? Nə qeyri-səmimilikdir bu? Adam iyrənir.

***

Vüqar Həşimov bu ölkənin şahmatda son onilliklərdə yetişdirdiyi ən parlaq zəka sahibi idi. Bunun üstünə şəxsi ləyaqətini də gəlin.

Onun itkisini qəbul etmək ağırdır. Həm də düşünəndə ki, yaxın gələcəkdə Vüqar kimi yeni bir şahmat zəkasının yetişəcəyinə inanmaq çətindir. Bəlkə də mümkünsüz.

Niyəsini artıq şahmatı belə kirlədən, çirkləndirən oliqarxik sistemdə axtarmaq lazımdır. Ölkənin şahmat təsərrüfatı qeyri-peşəkarların əlində əsirə çevrilib. Idman federasiyalarının biriləri üçün kirli pulların yuyulma vasitəsinə dönüşməsi Şahmat Federasiyasından da yan keçməyib.

Nəticə? Normal bir ölkədə əllər üstündə gəzdirilməli olan Vüqar Həşimov kimi bir zəka sahibini burada gözümçıxdıya saldılar, linç etdilər, küsdürdülər, qırdılar, sındırdılar.

Onu “Erməni əsilli Kasparovun adını daşıyan ispan klubunda çıxış etdiyinə görə” topun ağzına qoyanlar bu gün FIDE-nin reytinq cədvəlinin ilk onluğunda bir nəfər azərbaycanlı şahmatçı olmadığı halda, ilk üçlükdə erməni Aronyanın olmasını necə sinəyə çəkirlər? Bəs hanı “şahmata atalıq qayğısı” adı ilə xərclənən ətək-ətək pulların məntiqi nəticəsi?

***

Şahmat Federasiyasının vitse-prezidenti, işi-gücü indiyədək Federasiya xətti ilə ev almaqdan (indiyədək 3 mənzil aldığını hələ ilyarım əvvəlki yazımda ətraflı yazmışdım) ibarət Faiq Həsənovun müsahibəsini oxuyram. Sitat: “Harri Kasparov 2015-ci Bakıda keçiriləcək Olimpiadada iştirak etmək niyyətini bizə bildirib. Kasparov Azərbaycanın yetişdirməsidir. Ümummilli lider Heydər Əliyev ona lazımi köməklik edib. Harri heç vaxt bunu danmayıb”.

Yaxşı, bəs eyni Faiq Həsənov və Şahmat Federasiyasının digər yetkililəri, hətta gənclər və idman naziri belə, hansı məntiqlə Vüqarı “ermənipərəstlikdə”, “vətənpərvər” olmamaqda suçlayır, “erməni Kasparovun adını daşıyan ispan klubunda çıxış etdiyinə görə” ictimai qınaq hədəfinə çevirmək üçün əldən-ayaqdan gedirdilər?

Bəs indi necə, onların vicdanı rahatdırmı?

***

2010-cu ildə Vüqar Həşimovun “Azadlıq” radiosuna verdiyi bir müsahibə var, internetdən axtarıb tapa bilərsiniz.

O müsahibədə “Məni Azərbaycan xalqının qarşısında pis göstərmək istəyirlər” deyirdi.

“2008-ci ildə Bakıda qran-pri keçirilirdi… O yarışa dəvət aldım və qələbə qazandım. Bundan sonra mənə olan kömək artıq yavaş-yavaş yox olmağa başladı. Neçə vaxtdır, 1-2 ildir sıfır dərəcəsinə çatıb. Bu doğrudan da çox pisdir. Çünki keçən il cənab prezident şahmatın inkişafı ilə bağlı sərəncam imzalamışdı. Orada mənim kimi səviyyəli şahmatçılara hər bir kömək olması haqqında göstərilib. Ancaq çox təəssüf ki, bunun heç biri görünmür” deyirdi.

Bir sözlə, özünə qarşı ədalətsizliklərə, iftiralara üsyan edirdi.

Yəqin indi sağlığında ona həqiqi dəyərini verməyən, vermək istəməyənlərin arxasınca tökdükləri göz yaşlarına, “xatirəsini əbədiləşdirmək üçün səylərinə” də üsyan edərdi.

***

Bunları niyə yazıram?

Birilərinə bu ölkədə heç də hamının “balıq hafizəli” olmadığını, yaddaşsızlıqdan əziyyət çəkmədiyini xatırlatmaq üçün.

Bizi hər sahədə idarə edənlərin sonumuzu necə hazırlayıb, sonra necə “təəssüfləndiklərini”, hüznləndiklərini göstərmək üçün.

Bir də…

Bir də başqa Vüqarların da eyni aqibəti yaşamaması üçün!