Ziyalıların hədəf alınması riyakarlıqdır

Milli Şura üzvləri Müsavatın mövqeyinə etiraz etdi

Müsavat partiyasının Milli Şuradan çıxması birmənalı qarşılanmadı və ictimaiyyətin tənqidinə tuş gəldi. Yaranmış mənzərə onu göstərir ki, Müsavat partiyası da öz növbəsində onu tənqid edənləri düşmən gözündə görür. 

Milli Şuranın sədri Cəmil Həsənlinin və fəxri sədri Rüstəm Ibrahimbəyovun hədəf alınması da bunun bariz nümunəsidir.

Belə ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bir neçə gün öncə açıq şəkildə bildirdi ki, Cəmil Həsənlini müxalif düşərgənin lideri və ağsaqqalı kimi qəbul etmirlər. Buna səbəb isə Cəmil Həsənlinin müsahibələrinin birində “Yeni Müsavat”ın Milli Şura ilə bağlı mövqeyini “dağıdıcılıq” kimi qiymətləndirməsi olub.

Bu azmış kimi hələ Cəmil Həsənliyə minnət də qoyur: “Cəmil Həsənlinin bu açıqlaması onun uğrunda yağışda-qarda əziyyət çəkmiş reportyorları, həyatlarını riskə qoyaraq, hətta prezidenti təhqir və təhdid edən video-açıqlamalarını, müsahibə və çıxışlarını olduğu kimi yayan bütün qəzet kollektivini dərindən yaralayıb”.  

Müsavatın Divan üzvü Ikram Israfil isə bildirir ki, Cəmil müəllim prosesdən çəkilməliydi və tarixçi kimi öz missiyasına qayıtmalı, Azərbaycan tarixinin araşdırılması ilə məşğul olmalıydı. Diqqət edirsinizsə eyni “təklif”lər hakimiyyətin qatı sözçüləri tərəfindən də dəfələrlə səsləndirilir. 

Daha sonra Ikram Israfil Rüstəm Ibrahimbəyovu hədəf alır:  “Müsavatı hakimiyyətə yaxınlaşmaqda ittiham edənlər özlərinin bir ziyalı kimi yaxın siyasi keçmişlərinə diqqət etsələr… Azərbaycan siyasətində bircə külüng çalmayan Rüstəm müəllimin Müsavat haqqında belə bir ifadələr işlətməsi adi bir kinoşünasa da yaraşmayan mövqedir”. 

Müsavat partiyası bununla da kifayətlənmir və Rüstəm Ibrahimbəyov barədə bəyanatla çıxış edir. Bəyanatda partiya Ibrahimbəyovu özünə qarşı “şər-böhtan kampaniyasının iştirakçısı” adlandırır, onun yazdıqlarını “yersiz və əsassız ittiham” kimi qiymətləndirir.  

Göründüyü kimi Müsavat partiyası bir neçə kəlmə tənqidə görə hər iki ziyalıya qarşı hücuma keçib və onların fəaliyyətini aşağılamaqla məşğuldur.

Müsavatın hər iki ziyalını hədəf almasına Milli Şura üzvləri də münasibət bildirdi.

Milli Şura üzvü Namizəd Səfərov Müsavatın mövqeyini pislədiyini və ziyalıların hədəf alınmasının qəbuledilməz olduğunu bildirdi: “Bu bir faktdır ki, həm Rüstəm Ibrahimbəyov, həm də Cəmil Həsənli bu dövr ərzində əsl ziyalı mövqeyi nümayiş etdirdi və partiyalar arasındakı qarşıdurmaya barışdırıcı mövqedən yanaşdılar. Müsavat funksionerlərinin bu ziyalıları hədəf alması, onlara qarşı lazımsız ifadələr işlətməsi məqbul sayıla bilməz və biz bunu qınayırıq. Inanmıram ki, cəmiyyətdə kimsə bu münasibətlə barışsın. Son zamanlar Müsavatın tutduğu mövqe vətəndaş cəmiyyəti arasında başa düşülmür. Həm Müsavat partiyasının, həm də ”Yeni Müsavat” qəzetinin mövqeyi birmənalı şəkildə pislənilir. Mən məsləhət görərdim ki, onlar bu yoldan çəkinsinlər və ağlabatmayan, anlaşılmaz açıqlamalardan əl çəksinlər”.

Milli Şura üzvü Eldəniz Quliyev də baş verənləri biabırçılıq hesab etdiyini və onların əvəzinə xəcalət çəkdiyini bildirdi: “Hər bir adam öz yerini bilməlidir. Rüstəm Ibrahimbəyov və Cəmil Həsənliyə qarşı deyilmiş söz xalqa qarşı hörmətsizlikdir. Mən baş verənləri ağrıyla qarşılayıram və bu adamların yerinə xəcalət çəkirəm. Hər iki ziyalını hədəf alan adamlara diqqət yetiririk. Sanki, qarışqa fili güləşməyə çağırır və bu çox gülüncdür. Mən səslənən ittihamları yalnız qərəz hesab etmirəm, həm də riyakarlıq sayıram”.

Akif