Unudulmamalı bir məqam

Son günlərin yeni Cəbhə-Müsavat təlatümündə biriləri Şər qarşısında susqunluqlarına və Şərlə əməkdaşlıqlarına bəraət axtarışına çıxıbmış kimi görünür.

Guya cəbhəçilərlə müsavatçılar yenidən yola getmirsə…

Guya onların bir-birini nə vaxtsa və indi hakimiyyətlə gizli sövdələşmə içində olduqlarına dair ittihamları havada uçuşursa…

Guya müxalifət rejimdən çox öz iç problemləri ilə uğraşmaqdadırsa…

Guya ənənəvi birləşmə-ayrılma qovğaları insanları yorur və iyrəndirirsə, bu, ölkədəki bunca siyasi, ictimai, sosial və mənəvi eybəcərliklərə səssiz qalmağa, səssiz qalmaq nədir, hətta bütün bu çirkinliklərin, pisliklərin baiskarı olan bir sistemlə iç-içə olmağa əsas verir.

Əsla!

Qətiiyyən!

Unudulmamalıdır ki:

Cəbhəçisi, müsavatçısı istədiyi qədər bir-biri ilə didişsin…

Lap ortada müxalifət adına nə bir qəzet, nə partiya, nə hər hansı digər qurum qalsın…

Birinin deyil, lap hamısının rejimlə bu və ya digər şəkildə sövdələşdiyi aydın olsun, fərq etməz, heç bir səbəb nə Azərbaycanın bu cür idbarcasına idarə edilməsinə, nə də ölkəni səfalət və cəhalət bataqlığına çevirən, onu hər gün çağın bir az da gerisinə atan yaptokrat rejimi ilə əməkdaşlıq edilməsinə əsas verə, bəraət qazandıra bilməz.

Ilham Əliyev nə deməli idi?

Ilham Əliyev Brüsselə gedibmiş, ondan orada Azərbaycandakı siyasi sifarişli həbslər barədə soruşublar, möhtərəm də qətiyyətlə bəyan edib ki, “Azərbaycanda siyasi məhbus yoxdur”.

Indi xeyli adam bu sözlərə elə reaksiya verir ki, sanki təəccüblü nəsə baş verib, gərək əlahəzrət deyəymiş ki, “bəli, ölkəmizdə insanlar fərqli fikirlərinə görə həbsxanalara doldurulur, olmaz belə”.

Mən həmin bu xeyli adama səslənirəm: siz tarixdən öz opponentləri ilə, özü kimi düşünməyənlərlə repressiya, işgəncə dilində danışan elə bir rejim göstərə bilərsinizmi ki, onun başçısı “bizdə siyasi məhbus var” desin, biz insanları “siyasi baxışlarına görə həbsə göndəririk” desin.

Indi tarixdə örnəyi olmayan belə bir davranışı Ilham Əliyevdən gözləmək:

BIR: nə qədər doğrudur?

IKI: ümumiyyətlə, hansı məntiqə sığır?

Neft pullarından əvvəl və sonra

Keçənlərdə dəyərli iqtisadçı dostumuz Rövşən Ağayev maraqlı bir fakt açıqlamışdı, həm də rəsmi statistikaya istinad edərək.

Beləliklə, rəsmi statistikaya görə:

1. 2005-ci ilədək Azərbaycanda “Jaguar” olmayıb, məhz həmin il bu markadan 43 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə ölkədə 150 “Jaguar” markalı minik avtomobili var;

2. 2006-cı ilədək Azərbaycanda “Land Rover” olmayıb, məhz həmin il bu markadan 577 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə ölkədə 3100 “Land Rover” markalı minik avtomobili var;

3. 2006-cı ilədək Azərbaycanda “Infiniti” olmayıb, məhz həmin il bu markadan 130 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə ölkədə 1600 “Infiniti” markalı minik avtomobili var;

4. 2006-cı ilədək Azərbaycanda “Lexus” olmayıb, məhz həmin il bu markadan 470 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə ölkədə 6100 “Lexus” markalı minik avtomobili var;

5. 2006-cı ilədək Azərbaycanda “Porsche” olmayıb, məhz həmin il bu markadan 2 ədəd gətirilib. 2013-cü ilin əvvəlinə ölkədə 958 “Porsche” markalı minik avtomobili var.

Buradan hansı nəticə çıxır?

Azərbaycana bahalı maşınlar 2005-2006-cı illərdə gətirilməyə başlayıb.

Bu, o vaxt idi ki, ölkəyə neft pullarının axını da artıq başlamışdı.

Məsələ yalnız bahalı maşınlarda deyil. Dəbdəbəli villaların, gözqamaşdıran ticarət mərkəzlərinin, daha nələrin, nələrin də Azərbaycana gəlişi neft pulları ilə birbaşa bağlıdır.

O, milli iradənin əgəmənliyidir ki, nə neft pullarından əvvəl vardı, nə də sonra var.

O, hüququn üstünlüyü, qanunun aliliyidir ki, nə neft pullarından əvvəl vardı, nə də sonra var.

Yəni, hansısa “Alov qülləsi”ni-zadı nəzərdə tutub “neft pullarından əvvəl yox idi, amma indi var” deyib öyünməyə, qürrələnməyə dəyməz.

Neft pullarından əvvəl var olmayanların niyə hələ də var olmadığının hesabını vermək lazımdır.