Həsən Kərimov: «Proporsional seçki sisteminin bərpası məsələsi gündəmə gətirilsə, AXCP buna yalnız dəstək verəcək»
Azərbaycanda proporsional seçki sistemi bərpa edilə bilər. Artıq bununla bağlı Milli Məclis üzvləri tərəfindən də təkliflər səsləndirilir. Xatırladaq ki, ölkə konstitusiyasına görə, parlament seçkiləri majoritar qaydada keçirilir. Majoritar seçki sistemində ayrı-ayrı dairələrdən namizədliklərini irəli sürənlər səs çoxluğu ilə deputat mandatı qazanırlar.
Azərbaycanın müstəqilliyi yenidən elan olunandan sonra proporsional seçki sistemi də tətbiq olunurdu. Amma 2002-ci ilin avqust ayında keçirilən referendumla proporsional seçki sistemi ləğv edilib. Bundan sonra parlament seçkilərinin həm majoritar, həm də proporsional qaydada keçirilməsi dəfələrlə təklif olunsa da, bu reallaşmayıb.
Bir qayda olaraq hakimiyyətin reallaşdırmaq istədiyi addımlarla bağlı təkliflər deputatların yaxud hakimiyyətə yaxınlığı ilə seçilən digər şəxslərin dilindən səslənir. Görünür, vaxtilə proporsional seçki sistemini ləğv edən hakimiyyət yenidən onun bərpasına çalışır.
Bu təklif reallaşarsa, müxalifət bunu necə qarşılayar?
AXCP Ali Məclisinin sədri Həsən Kərimov müxalifətin bu təklifə normal yanaşdığını deyir. Çünki vaxtilə bununla bağlı konstitusiyaya dəyişiklik ediləndə AXCP proporsional seçki sisteminin ləğvinin əleyhinə olmuşdu: “AXCP birmənalı olaraq həmin maddənin qəbul edilməməsinə çağırmışdı. Çox təəssüflər olsun ki, həmin konstitusiya dəyişikliyində də hakimiyyət yenə saxtakarlığa yol verdi və proporsional seçki sistemini ləğv etdi. Bizim 2000-2005-ci ildə parlamentdə olan deputat qrupumuz tərəfindən proporsional seçki sisteminin bərpası ilə bağlı qanun layihəsi parlamentə təqdim olunmuşdu. Əgər indi hakimiyyət orqanları proporsional seçki sisteminin bərpası məsələsini gündəmə gətirərsə, o zaman AXCP buna yalnız dəstək verəcək”.
Qeyd edək ki, proporsional seçki sisteminin bərpası ilə yanaşı parlament üzvlərinin sayının artırılması da təklif edilir.
H.Kərimov isə buna ehtiyac olmadığını deyir.
Azərbaycanda demokratik, azad və ədalətli seçki keçirilərsə, 125 deputat da kifayət edər: “Deputatların sayını artırmağa elə də ehtiyac yoxdur. Azərbaycan elə böyük ərazini əhatə edən dövlət deyil. 125 deputatla da çevik, xalqın taleyini həll edən qanun layihələri hazırlayıb qəbul etmək mümkündür”.
Fizzə