İslahat görüntüsü yaratmaq və müxalifət üçün tələ
Son günlər iqtidara yaxın şəxslər proporsional seçki sisteminin bərpasının vacibliyi barədə açıqlamalar verirlər. “Azadlıq”a daxil olan məlumatlara görə, bu açıqlamalar təsadüfi deyil. Həqiqətən də proporsional seçki sisteminin bərpası hakimiyyətdə müzakirə mövzusudur. Hətta belə iddialar var ki, iqtidar bununla bağlı bələdiyyə seçkiləri ilə bərabər referendum keçirməyi düşünür.
Hakimiyyətdəki mənbə qəzetimizə bildirib ki, iqtidarın proporsional seçki sisteminin bərpası haqqında düşünməsinin ciddi səbəbləri var: “Hakimiyyət 2013-cü ildə prezident seçkisindən çox pis vəziyyətdə çıxıb. Ilham Əliyev özünü qalib elan etsə də, legitimilik problemi yaşayır. Hətta Ilham Əliyevə təbrikə bənzər məktublarda belə ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun rəyinə istinad olunmaqla ölkə başçısının legitim hesab edilmədiyinə dolayısı ilə işarə olunub. Hakimiyyət anlayır ki, belə bir vəziyyətdə parlament seçkilərini ənənəvi qaydada keçirmək daha ciddi beynəlxalq təzyiqlərə səbəb ola bilər. Bu hətta iqtidarın sonu ilə nəticələnər. Bu baxımdan islahat görüntüsü yaratmaq üçün proporsional seçki sisteminin bərpa edilməsi məqbul variant sayılır. Yeri gəlmişkən, nəzərə alınmalıdır ki, parlament seçkiləri Avropa Yay Olimpia oyunları ərəfəsinə təsadüf edir. Həmin vaxt bütün beynəlxalq diqqət Azərbaycanda olacaq”.
Mənbə bir daha qeyd edib ki, bu addımın kökündə başqa məqsədlər də dayanır: “Hakimiyyət islahat görüntüsü yaratmaqdan əlavə müxalifəti tələyə salmaq istəyir. Məsələ burasındadır ki, proporsional seçki sisteminin bərpası həm də müxalifətin birliyinin qarşısını almaq üçündür. Hakimiyyət hesab edir ki, bu halda güclü müxalif partiyalar iddialarını tək ortaya qoya bilər. Digər tərəfdən müxalifətin şanslı namizədlərinin diqqəti yalnız proporsional seçkiyə yönələcək. Majoritar dairələr isə diqqətdən kənarda qalacaq. Bu isə hakimiyyətə həmin dairələrdə seçkini ənənəvi qaydada keçirməyə fürsət verəcək”.