Partiyadan Cəmil Həsənliyə və Rüstəm İbrahimbəyova qarşı sərt açıqlamalar verildi
Müsavat Partiyası, belə görünür ki, onun Milli Şuradan çıxmasına tənqidi yanaşan hər kəsi düşmən elan etmək niyyətindədir. Həm də hər cür absurd ittihamla.
Növbəti hədəflər Milli Şuranın sədri Cəmil Həsənli və fəxri sədri Rüstəm İbrahimbəyovdur.
Hazırda Müsavatın əsas sözçüsü və müdafiəçi qismində çıxış edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu iki gün qabaq Cəmil Həsənlini “qamçılayıb”, müxalif düşərgənin lideri və ağsaqqal kimi qəbul etmədiklərini dedi. Nədir ki, Cəmil Həsənli müsahibələrinin birində “Yeni Müsavat”ın Milli Şura ilə bağlı mövqeyini “dağıdıcılıq” kimi qiymətləndirib. Qəzetin baş redaktoru bu gerçəkliyin ifadə olunmasını görkəmli ziyalımıza keçə bilmədi və onu tərəfkeşlikdə ittiham etdi. Üstündən də Cəmil Həsənliyə minnət qoydu. Həm də onu şərləyərək. Diqqət yetirin, Arifoğlunun dedikləridir: “Cəmil Həsənlinin bu açıqlaması onun uğrunda yağışda-qarda əziyyət çəkmiş reportyorları, həyatlarını riskə qoyaraq, hətta prezidenti təhqir və təhdid edən video-açıqlamalarını, müsahibə və çıxışlarını olduğu kimi yayan bütün qəzet kollektivini dərindən yaralayıb”. Gördüyünüz kimi, Rauf Arifoğlu Milli Şuranın namizədi olmuş Cəmil Həsənlinin seçki kampaniyasını işıqlandırmalarını indi “başqaxıncına” çevirir və bununla da kifayətlənməyərək, Cəmil Həsənliyə böhtan atır ki, guya çıxışlarında İlham Əliyevi təhqir edib. Bu, artıq YAP-çılardan da aşırı dərəcədə İlham Əliyevin müdafiəçisinə çevrilmək, özünü, necə deyərlər, Roma Papasından daha çox katolik göstərməkdir.
Cəmil Həsənliyə Müsavatın tənələrindən biri də onun Milli Şura sədri kimi qalıb mübarizə meydanından çəkilməməsinə görədir. Müsavatın Divan üzvü İkram İsrafil elə bu cür də deyir: “Cəmil müəllim prosesdən çəkilməliydi və tarixçi kimi öz missiyasına qayıtmalı, Azərbaycan tarixinin araşdırılması ilə məşğul olmalıydı”. İkram İsrafil bununla Müsavatın yanlışını malalamayan Cəmil Həsənlini öz aləmində zərərsizləşdirməklə məşğuldur. Amma təkcə bu da deyil. Müsavat funksioneri həm də Cəmil Həsənlinin və Milli Şuranın öz missiyasını başa vurduğu təəssüratını aşılamaq məqsədi güdür.
***
Müsavatın başqa bir görkəmli ziyalımızı – Rüstəm İbrahimbəyovu hədəf almasına da elə İkram İsrafilin açıqlamasından başlayaq: “Müsavatı hakimiyyətə yaxınlaşmaqda ittiham edənlər özlərinin bir ziyalı kimi yaxın siyasi keçmişlərinə diqqət etsələr… Azərbaycan siyasətində bircə külüng çalmayan Rüstəm müəllimin Müsavat haqqında belə bir ifadələr işlətməsi adi bir kinoşünasa da yaraşmayan mövqedir” (“Yeni Müsavat” qəzeti, 19 yanvar 2014).
Söhbət Rüstəm İbrahimbəyovun “Azadlıq” qəzetində dərc etdirdiyi məqalədən gedir. Daha doğrusu məqalədəki bir cümlədən – “Zaman hər şeyə mütləq aydınlıq gətirəcək, ancaq elə bu gün də görünür ki, Milli Şuradan məsafə saxlamaq Müsavata hakimiyyətlə yaxınlaşmaq üçün lazım olub, çünki seçkidəki uğursuzluqdan sonra mövcud müxalifəti “radikallara” və rejim üçün zəruri olan kompromislərə gedə bilən “konstruktiv düşünənlərə” bölə bilmək hakimiyyətə çox vacib idi”.
Rüstəm İbrahimbəyovun bu ifadəsinə görə Müsavat iki gündür onu mühakimə edir. Əvvəlcə Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının timsalında həmin ifadənin (yəni məqalənin) Rüstəm İbrahimbəyova məxsus olduğuna şübhə ilə yanaşdılar. Bununla bağlı araşdırma aparacaqlarını deyən Arif Hacılıya yazını dərc edən “Azadlıq” qəzetinin cavabı artıq çap olunub. Amma Arif Hacılının cavabını Müsavat Partiyası adından yayılan bəyanat da verir. Bəyanatda yazının və Müsavatın ünvanına işlənən o ifadənin Rüstəm bəyin qələmindən çıxdığı qəbul olunur. Partiya İbrahimbəyovu özünə qarşı “şər-böhtan kampaniyasının iştirakçısı” adlandırır, onun yazdıqlarını “yersiz və əsassız ittiham” kimi qiymətləndirir.
Bəyanatda deyilir ki, Müsavat Milli Şuradan oradakı bəzi siyasi qüvvələrlə “Azərbaycanın gələcək inkişafı və geosiyasi istiqaməti ilə əlaqədar mövcud olan və son vaxtlar xüsusilə dərinləşən ideoloji-siyasi fərqlərə görə” ayrılıb, bu zaman “qapını çırparaq getmədiyini” bəyan edib, Milli Şurada olan siyasi qüvvələrlə bundan sonra da əməkdaşlığa hazır olduğunu bildirib. “Gözləmək olardı ki, Azərbaycan ziyalıları, xüsusilə Azərbaycan Milli Şurası kimi hörmətli adı olan bir təşkilatı yönəldən şəxslər Müsavat Partiyasının bu mövqeyini nəzərə alaraq proseslərə daha təmkinlə və obyektiv yanaşacaqlar. Rüstəm Ibrahimbəyovun son açıqlaması bu gözləntiləri doğrultmadı. Onun Müsavat Partiyası əleyhinə aparılan böhtan və təhqir kampaniyasına qoşulması, Müsavat Partiyası üzvlərinin Milli Şuradan çıxmasını hakimiyyətlə yaxınlaşmaq cəhdi kimi qələmə verməsi, xüsusilə Milli Şurada olanların “radikallar”, Müsavat Partiyasının isə “konstruktiv düşünənlər” adlandırması çox əcaib səslənir”, – deyə bəyanatda yazılır.
***
Müsavatın Milli Şuradan ayrılmasını nəinki quruma daxil olan qüvvələr, eləcə də oradan kənardakı ictimai xadimlər, ziyalılar, hətta bu partiyanın bəzi üzvləri də pisləyib. Müsavat Partiyasının bu addımının Milli Şuranı parçalamağa, demokratik düşərgəni zəiflətməyə yönəldiyini və hakimiyyətin maraqlarına xidmət etdiyini Rüstəm İbrahimbəyova qədər çoxları deyib. Görünür, Müsavat rəhbərliyi bu ümumi ictimai rəyi sözünün çəkisi ilə fərqlənən titullu ziyalılarımızın daha da möhkəmləndirməsindən ciddi narahat olub. Bu mənada demək olar ki, Rüstəm bəyin bir cümləlik fikrinə qarşı belə aqressiv reaksiya əslində baş verənlərin mahiyyətini danmaq məqsədi güdür.
Müsavat Partiyası ilk olaraq Rüstəm bəyin sədrliyini, daha sonra fəxri sədrliyini bəhanə gətirib Milli Şuradakı fəaliyyətini mümkünsüz saydı. Ancaq Rüstəm bəy müdriklik göstərib, Milli Şuranın bütövlüyü naminə əvvəlcə sədrlikdən, sonra isə fəxri sədrlikdən istefa verdi. Lakin Müsavat Milli Şuradan ayrılmaq niyyətində qəti idi və bunun üçün yeni-yeni bəhanələr tapacaqdı. Günümüzün gerçəkliyi odur ki, Müsavat artıq özünü demokratik qüvvələrin birliyindən kənarda qoyub və bu siyasətin yanlış olduğu, hakimiyyətin maraqlarına cavab verdiyi haqda bütün fikirləri “təhqir-böhtan” adlandırır. Müsavatın bu taktika ilə nəyə nail olmaq istədiyi əlbəttə ki, bəllidir. Amma nail ola biləcəkmi, bax, bu şübhəlidir…
Bu gün Müsavat öz addımı ilə cəmiyyətimizin ən müxtəlif kəsimlərinin – siyasi qüvvələrin, gənclər təşkilatlarının, ziyalıların qınaq obyektinə çevrilib, faktiki demokratik düşərgədən tamamilə təcrid vəziyyətinə düşüb. Cəmil Həsənli, Rüstəm Ibrahimbəyov başda olmaqla ziyalılar heç bir maraq güdmürlər. Demokratik qüvvələrin yanında yer alan ziyalıların məqsədi ölkədə demokratik ənənələrin bərqərar olmasıdır. Bu baxımdan onların mövqeyi əsl arbitr rolunu oynayır. Çox təəssüf ki, Müsavat Partiyası məhz doğru olmayan, destruktiv fəaliyyətini ziyalıların qınamasına qarşı aqressiv münasibət göstərərək, yanlış hərəkətlərini müdafiə etməyə çalışır… Müsavatın əsasını qoyanlar əsrin əvvələrində ölkənin aydınları olublar. Bu gün isə Müsavat ziyalı prinsipindən uzaqlaşan partiyaya çevrilib, bir qrup şəxsin hakimiyyətlə siyasi maraqlaırnın təmin olunması alətinə çevrilib. Bu da təbii ki, ilk növbədə ölkədəki demokratik proseslərin inkişafına daha həssas yanaşan ziyalı təbəqəsini narahat etməkdədir.
Hikmət