“Demokratiya iki qurdla bir quzunun naharda nə yeyəcəklərinə dair səsverməsi, azadlıq isə quzunun bütün gücü ilə bu səsverməyə qarşı çıxmasıdır”
(B.Franklin)
Heç şübhəsiz, bir ölkədə ən böyük dərd istisnasız gücü olan haqsız qurdların arasında qalan və haqqını tələb edən gücsüz quzuların işidir. Daha ağırı isə o canavar iştahalı güclərin öz şikarını haqsız çıxarıb, onu yemək haqqını “leqallaşdırmasıdır”. Hələ o ölkədə demokratiya adına heç bir şey yoxdursa…
Bu günlərdə ABŞ senatının xarici işlər komitəsinin üzvləri demokrat Ben Kardin və respublikaçı Con Makkeyn insan hüquqlarının pozulmasına görə qlobal məsuliyyət haqqında qanun layihəsi irəli sürüb. Bu layihənin müddəalarına inansaq, dünyanın hər hansı ölkəsində insan hüquqlarını pozan şəxslərə ABŞ-a gəlmək qadağan ediləcək və onlar Amerikanın maliyyə müəssisələrinin xidmətlərindən istifadə hüququndan məhrum olacaqlar.
Inansaq deyəndə ki… Layihəyə münasibətini bildirən dəyərli ekspertlərimiz xeyli nikbindirlər. Bu sənəd əvvəllər qəbul olunmuş bənzər “Maqnitski aktı”ndan daha geniş və daha qlobaldır, bütün sahələri əhatə edir, heç kimə güzəşt tanımır və s… Hörmətli hüquq müdafiəçimiz Leyla Yunus, qəbul olunacağı halda, sənəddəki prinsiplərin 100% Azərbaycana şamil olunacağına inanır. Təki elə olsun. Pozitiv düşünmək, hamı kimi, mənə də sərfəlidir, ən azı sağlamlıq baxımından. Amma illər boyu qəbul olunan bənzər sənədlərin sanksiyalarından hər dəfə Azərbaycan hökumət yetkililərinin sivişib aradan çıxdığını görəndə, optimist olmağa bir səbəb qalmır…
Optimist olmağa necə əsas qalsın ki, son illər “Azadlıq” qəzetinin başına gətirilən müsibətlərə bais olan dövlət adamlarından kiminsə ünvanına ciddi bir qınaq belə səslənməyib. Dilucu nəsə səslənmiş ola bilər, bəlkə də, amma ortalıqda real nəticə yox. Elə bu özbaşınalıqdandır ki, sifarişli məhkəmələr vəzifəli şəxslərin qəzetə qarşı irəli sürülmüş absurd iddiaları əsasında kəsilən böyük cərimələri sıra ilə icraata yönəldir, qəzetin bank hesabına həbs qoyulur, ölkənin ən böyük satış firmasının qəzetə olan xeyli borcunun ödənilməsinə əngəl yaradılır… Bu il üçün “Azadlıq”ın KIV-ə Dəstək Fondu çərçivəsində dövlət tərəfindən ayrılan maliyyə vəsaitindən məhrum edilməsini də yada salsaq, məsələ tam aydınlaşır. Bəli, bu, böyük bir təzyiq zənciridir və başını məlum qapalı dairədən kənara çıxarmaq istəyənləri öz yerində oturtmaq məqsədi daşıyır. Deyim ki, qapalı dairəni daraltmaq istiqamətində müəyyən “uğurlu” nəticələr də əldə olunub. Keçən ilin sonundan metro və yeraltı keçidlərdə qəzet satışı rəsmən yasaqlandı. Nəhayət, sıra son yayım vasitəsinin – səyyar satışın qarşısının alınmasına gəlib çatdı. Üç gün əvvəl isə Bakı Şəhər Ticarət Xidmət Departamenti 1 yanvar tarixindən səyyar qəzet və jurnal satışına qadağa qoyulduğunu bəyan etdi. Bu mürtəce qərar, demək olar ki, müstəqilliyini zor-güc qoruyub saxlamaq istəyən mətbu orqanların və satış firmalarının çıxış qapılarını bağlamağa yönəlib. O qapıların bağlanması isə gözünü oradan gələn gündəlik çörək puluna dikən 300 nəfərin işsiz qalması deməkdir.
Mən konkretlik naminə yalnız öz fəaliyyətimiz daxilində üzləşdiyimiz problemlərlə bağlı faktları sadaladım. Bu faktlar bütünlükdə ölkədəki hüquq və azadlıqların qorunması ilə bağlı olduğundan, ümumi mənzərəyə də bir işıq salır. Vəziyyət həqiqətən də bu qədər çətindir. Amma göründüyü kimi, hər hansı fakta və ya akta baxan yoxdur. Hələ ki, yalnız bizi cəzalandırma mexanizmi işləyir.