“Boş şeydir…” deyənlərə

Bu günlərdə Ilham Əliyev ANS şirkətinin bağışladığı saatı məhz bahalı olduğu üçün daşımayacağını söylədi. Böyük sərvətləri, ailə şirkətləri, mülkləri ilə yanaşı, bir vaxtlar həm də bahalı saatı ilə gündəmə gəldiyi üçün onun belə davrandığına şübhə yoxdur. Amma sözdə də olsa, imtina etdi bahalı saatdan. Bundan bir neçə gün öncə isə yayılan jurnalist araşdırmasında sənədlərlə sübut olunurdu ki, Çexiyada Ilham Əliyevin qızına məxsus şirkət başqasına satılıb və ya özgə ada sənədləşdirilib. Formal da olsa, bu da imtinadır. Qətiyyən şübhə etməyin, xalqın təsirli basqısı ilə bir gün Ilham Əliyev Azərbaycandan da imtina edəcək. Həm də formal yox, gerçəkdən.

Ona görə də, Azərbaycandakı ictimai mübarizəni, dəyişiklik cəhdlərini, mübarizəni “boş şeydir” deyə kənara atanlar yaxşı-yaxşı düşünməlidir. Öz boş fikirlərinizdən imtina etməyin vaxtı çoxdan çatıb. Heç kimdən tələb olunmur ki, təkbaşına bu gün mübarizənin ön cərgəsinə keçib çaba göstərsin. Baxmayaraq ki, boş saydığınız mübarizədə zaman-zaman bunu edən xeyli adam da tapılır. Amma xırda bir şey olan kimi baxırsan ki, ətrafdan başlayırlar: “biz demişdik axı…”, “boş şeydir…”, “xeyri yoxdur…”! 

Gəlin Azərbaycandakı dəyişiklik cəhdlərinə “boş şeydir” deyənlərin kimliyinə bir ekskurs edək. Bizim ictimai davaya kənardan baxıb gülənlər, hər işin, hər tədbirin, hər ilin sonunda “biz demişdik ki, boş şeydir…” söyləyənlər adətən kimlər olur? Axı bunu hamıdan öncə hakimiyyətə birbaşa bağlı olanlar adamlar, yaxud gizli və dolayısı ilə onlara xidmət edənlər edir. Onların işi elə bundan ibarətdir. Ya da rejimlə mübarizədən, üz-üzə gəlməkdən yayınan, çəkinən, lakin bunu mübarizənin mənasızlığı ilə ifadə etməklə gizlədənlər bir qayda olaraq belə təbliğat aparır, belə münasibət sərgiləyirlər. Nə etsinlər, özlərinə haqq qazandırmalı deyillərmi?! 

Amma sizlər – səmimi olaraq mübarizəyə inanmayanlar, onu boş sayanlar nə üçün belə adamlara qoşulursunuz? Zalıma züy tutmaqdır bunun başqa adı. 

Müxalifəti tənqid edin, siyasi liderləri bəyənməyin, sözüm yoxdur, yanlış və ya doğru olsun, amma bu sizin haqqınızdır. Istəyirsiniz qoşulmayın da mübarizəyə, amma nə haqla onun boş şey olduğunu deyirsiniz. Özünüz də bilirsiniz ki, normal həyat yaşaya bilən bütün xalqlar yalnız mübarizə ilə buna nail oldular. 

Indi isə gəlin görək mübarizə boş şeydirmi?

2013-cü il hamımızı yandıran bir faciə ilə başa çatdı – Qarabağ döyüşçüsü Zaur Həsənov özünə qarşı haqsızlığa etiraz edərək özünü yandırdı. Iş elə gətirmişdi ki, onun intihar etdiyi yer Fəvvarələr bağının düz ətrafıdır. Həmin meydanda bu son illərdə çoxlu aksiyalar olub. Bəli, həmin aksiyalar çox güclü olmayıb. Amma hamısı yaddaqalan olub, xüsusən də əsgər ölümləri ilə bağlı aksiyalar gur və seçilən idi. Hətta o aksiyalar gec-tez hakimiyyəti məcbur etdi ki, özünün əbədi müdafiə nazirinin istefaya yollasın. Fəqət həmin aksiyaya sizlər də qoşulsaydınız, heç olmasa 50 min adam çıxsaydı meydana, ora ətraf binadakı kabinetindən baxan Səttar Mehbalıyev Zaurla o cür davrana bilərdimi? Bilirsiniz ki, yox. Həmin meydana 50 min adamın yığışdığı gün bu hakimiyyət yıxılmasa da, tamam başqa cür işləyəcək, xalqın qarşısında titrəyəcək. 

Deməli, mübarizə boş şey deyil. 

Həmin aksiyanı da müxalifət çağırmamışdı ki? Bəs siz niyə gəlməmişdiniz? Belə çıxır ki, biz mübarizə aparmırıq, sonra da deyirik ki, mübarizə boş şeydir, heç nə alınmır…