Hər şeyin bir izahı

Bu vurhavurda, basabasda ADP sədri Sərdar Cəlaloğlunun Eynşteyni səhv çıxaran kəşfi lap yerinə düşdü. Şəxsən mən bu haqda oxudum, eynim xeyli açıldı, babat kef elədim. Sərdar bəy yayda Milli Şuranı səhv çıxarırdı, qışda isə məlum oldu ki, Eynşteyn səhv imiş.

Bəli, Sərdar bəy deyir ki, Eynşteynin nisbilik nəzəriyyəsinin yalan olduğunu aşkarlayıb, əvəzində mütləq nisbilik yaradıb, indi gərək buna görə ona Nobel mükafatı versinlər. Hətta Sərdar bəy Nobel Komitəsinə də müraciət edib, sitat: “Komitədən dedilər ki, ildə bir dəfə universitetlərə sifarişlər göndəririk. Onlar məsləhət bildikləri elmi işləri bizə göndərir, universitet xətti ilə göndərin. Mən bilmirəm ki, hansı universitetlərə müraciətlər olunur. Vicdanı olan alim varsa, ən azı, ümumi millətimizin xətrinə mənə deməlidir ki, müraciət gəlib, gəlin sənədinizi göndərək”.

Təsəvvür edin, hörmətli ADP sədri Eynşteyni səhv çıxarır, amma Nobel Komitəsindən hansı universitetlərə sorğu göndərildiyini bilmir.

Dünən dəyərli dostumuz Yalçın Islamzadənin bu mövzuda dəqiq bir şərhini oxudum, hörmətli bəy yazırdı: “Bir biologiya elmləri doktoru var idi, Harun Yəhyanın Darvin nəzəriyyəsini çürütməsi haqqında məqalə yazmışdı. Alimi teologiya ilə məşğul olan ölkənin siyasətçisi Eynşteynin səhvini tapır. Ölkədə elm yoxdur, amma böyük elmi nəzəriyyələri çürüdənlər, daimi mühərrik icad edənlər var”.

Hələ bu harasıdır, görün bir dəfə mənim başıma nə gəlib. Rayonların birindən bir nəfər tez-tez mənə zəng edərdi, dediyinə görə, oxucum idi, hər dəfə zəng edəndə də özünün hansısa yeni “kəşf”i haqqında danışırdı. Gah deyirdi, yeni insan modeli tapmışam, gah deyirdi, təzə əlifba icad eləmişəm.

Sonradan öyrənmişdim ki, yüksək təhsil alıbmış, yaxşı elmi potensialı varmış, namizədlik dissertasiyasını yiyəsizlik, süründürməçilik ucbatından müdafiə edə bilməyəndən sonra hər şeydən bezib iyrənib, içkiyə qurşanıbmış, sonra içkini də atıb özünü inandırıbmış ki, bəşəriyyətin xilası onun əlindədir, insanlıq yalnız onun edə biləcəyi kəşflərlə faciələrdən qurtula bilər.

Bir dəfə soruşdum ki, siz hardasa işləyirsiniz, yoxsa ancaq kəşf eləməklə məşğulsunuz? Dedi, “mən hazırda Tanrının redaktoruyam, onun dünyanı və insanı yaradarkən buraxdığı səhvləri düzəldirəm”.

Qardaşlar, bacılar! Məgər bu ölkədə Milli Elmlər Akademiyasının mətbuat katibi postuna gətirib münəccim Ilham Mirzəyevi oturtmamışdılarmı?

Elmlər Akademiyasının işçilərindən biri çıxıb mətbuat konfransı keçirməmişdimi ki, mələyin uçma sürətini hesablayıb?

Yaxşı, indi biz bütün bunlardan sonra nədən danışırıq? Sərdar Cəlaloğlunun Eynşteyni səhv çıxarmasına niyə gülürük, ya da alimin teologiya ilə məşğul olmasına niyə göz yaşı tökürük? Axı biz heç onu da bilmirik ki, bu saat bizim halımız gülməlidir, ya ağlamalı.

Şəxsən mən heç kimi qınamaq fikrində deyiləm. Hamını başa düşürəm. 20 ildə aldığımız travmalar, yaşadığımız sarsıntılar, başımıza gələnlər-gətirilənlər o qədər ağır və dözülməz, o qədər eybəcər və dəhşətlidir ki, hər şeyin izahı var. Hər şeyin izahı odur – 20 il. Bu 20 ilin travmaları hərəyə bir cür təsir edir, kimini Eynşteyni səhv çıxarmağa sürükləyir, kimini də əlinə silah alıb Suriyaya mücahidlik etməyə göndərir, amma hamımız eyni cür bədbəxtik.

Heç kim deyə bilməz ki, sabah, birigün onun özünü hansı aqibət gözləyir. Təminat varmı ki, bir gün elə bu sətirlərin müəllifinin özü yerin kürə şəkilli yox, xəngəl yarpağı formasında olduğunu iddia etməyəcək?

Hər gün, hər an hər birimizdən nə desən, gözləmək olar.

Geridə qoyduğumuz bu 20 il zarafat gəlməsin sizə.

Çətindi, çox çətindi.

Özünüzdən muğayat olun.