Şahdağdakı qış turizm kompleksinin də hakim ailəyə məxsus olduğunu eşidəndə dostlardan biri maraqlı reaksiya verdi: “Bəs mən niyə təəccüblənmirəm?”.
Əslində nə qədərimiz təəccüblənirik? Əminəm, heç birimiz. Təəccüblü o olardı ki, həmin kompleksin arxasından hakim ailə çıxmasın.
Bəli, get-gedə gözlərimizin heyrəti ölür. Illər əvvəl az qala gözümüzə təpdiyimiz xəbərlər indi bizə sıradan, adi hal kimi görünür. Offşor şirkətlərdən tutmuş bahalı mülklərə, gizli bank hesablarınadək, ədalətsiz, sifarişli məhkəmə hökmlərindən siyasi həbslərədək. Lap Damda Yaşayan Karlsonunun dediyi kimi, hamısı adi həyat hadisələridir.
Artıq günahsız həbslərə heyrətlənmirik, təəccüblənirik ki, niyə hələ də çöldə olan mübariz adamlar var? Bəs onlar niyə qandallanmır? Bəlkə cibə atmağa nəşə, üzə qoymağa işverən qalmayıb?
Hər şey adiləşir, hər şey. Görün hansı vəziyyətə gəlib düşmüşük ki, Ilqar Məmmədovla Tofiq Yaqublunun məhkəməsindən bir polisin yalan ifadədən imtina etməsi bizə az qala dünyanın səkkizinci möcüzəsi kimi görünür. Heyrətdən az qalır gözlərimiz hədəqəsindən çıxsın, tüklərimiz biz-biz olsun, az qala indi qiyamətin qopacağını, çayların belə tərsinə axmağa başlayacağını fikirləşək. Halbuki vur-tut yalandan imtina edilib, nə var bunda qeyri-adi olan? Niyə təəccüblənməliyik buna?
Ölkədə elə bir əxlaq deqradasiyası, elə bir dəyər aşınması baş verdi (əlbəttə, məqsədli və planlı şəkildə!) ki, indi adamlar bizi olsa-olsa, yalan danışmamaqla, doğru söyləməklə heyrətləndirirlər.
Kimsə rüşvət almır? Yox, nə danışırsınız, ola bilməz! Heç rüşvətsiz də yaşamaq mümkündür? Yalansız yaşamaq? Yox bir, daha nələr? Azərbaycanda havasız, susuz, çörəksiz yaşamaq mümkündür bəlkə, amma yarınmadan, yaltaqlanmadan, yalan danışmadan axı bu necə mümkün ola bilər?
Bax indi biz belə bir rüsvayçı, ürək ağrıdan həddə gəlib çıxmışıq. Hansısa yazıçının, şairin, aktyorun ictimai bir həqiqəti ən ötəri dilə gətirməsindən elə sevinirik ki, inanmağımız da gəlmir bir müddət. Onun dediyini təkrar-təkrar oxuyuruq, dönə-dönə dinləyirik, fikirləşirik ki, bəlkə gözlərimiz bizi aldadır, bəlkə qulaqlarımız aldadır bizi?
Yalan təəccübləndirmir artıq. Yaltaqlıq təəccübləndirmir. Korrupsiya? Adi haldır. Işverənlik? Olan şeydir.
Bir ətrafınıza baxın. Siz orada nəhəng bir susqunluqdan başqa nə görürsünüz? Küçələrin hay-küyü aldadıcıdır. Olsa-olsa, quru gəvəzəlik, uğultudur. Əslində isə hər tərəf dərin bir sükut içindədir. Təəccüb öldükcə, təpki də ölür. Azərbaycanlılar artıq bu ölkədə elə yaşayırlar ki, sanki onlar burada ötəri qonaqdırlar, yeyib-içib sonra da çıxıb gedəcəklər. Sanki “qonaq” olduqları bu evin divarlarının uçmağa başlamasının…
Döşəməsini qurdların gəmirməsinin…
Qapı-pəncərəsinin olmamasının ona heç bir dəxli yoxdur. “Evin sahibi var, qoy bütün bunlar haqqında onun özü düşünsün, mənə nə?” – bax indi əksər azərbaycanlının öz ölkəsi haqqında, öz ölkəsindəki pisliklər, çirkinliklər haqqında yekun qənaəti bundan irəli getmir.
Artıq xalqın öz taleyi ilə kütləvi barışqanlığı, laqeydliyi də heç kimə təəccüblü deyil. Sanki elə belə də olmalıdır. Sanki başqa cür olsa, heyrətdən damarlarda qanımız donardı.
Sadəcə, indi ona inanmaq istəyirsən ki, bütün heyrətlər adiləşdi, sıradanlaşdısa, eyni məntiqlə bunun əksi də olmalıdır: bu təəccübsüzlük illərinin sonunda nəhayət qeyri-adi, heyrətamiz bir şey baş verməlidir. Qeyri-adi, heyrətamiz, amma eyni zamanda hamımızın gözlədiyimiz və arzuladığımız.
Hə, inanmaq istəyirsən, başqa nə etməli? Görürsünüz ki, təəccübsüz də yaşamaq olur, inamsız isə – əsla!