İlham Əliyevin “siyasi məhbus” yalanına reaksiya

Rəsul Cəfərov: «Azərbaycanda siyasi məhbus var və bu çox ciddi problemdir»

Elşən Həsənov: «Siyasi məhbusların ümumi sayı 140 nəfərdən çoxdur»

Ölkə başçısı Ilham Əliyev Brüsselə səfəri zamanı “Azadlıq” radiosu müxbirinin sualına cavabında Azərbaycanda siyasi məhbusların olmadığını deyib. Dövlət başçısı Avropa Şurasının qərarına istinad edərək qurumun siyasi məhbuslarla bağlı qətnaməyə səs vermədiyini də xatırladıb.
Ancaq xatırlatmaq lazımdır ki, Azərbaycanda siyasi məhbusların mövcudluğunu təkcə yerli hüquq müdafiəçiləri deyil, beynəlxalq təşkilatlar da təsdiq edir. Bu baxımdan dövlət başçısının siyasi məhbusların olmaması ilə bağlı dedikləri narazılıqla qarşılanıb.

Hüquq müdafiəçisi Rəsul Cəfərovun fikrincə, Ilham Əliyevin Azərbaycanda siyasi məhbus olmadığını deməsi reallığı əks etdirmir. Çünki ölkədə yüzdən artıq siyasi məhbus var: “Siyasi məhbusların siyahısını biz öz mülahizəmizə uyğun deyil, mövcud olan siyasi məhbus meyarları əsasında hazırlamışıq. Halbuki Ilham Əliyev deyir ki, o meyarlar da yoxdur. Amma 2012-cü il oktyabrın 3-də AŞ PA ”Siyasi məhbus anlayışı” adlı 1900 saylı qətnamə qəbul etdi. Sənəddə “siyasi məhbus” anlayışının 5 meyarı müəyyən edilib”.
Hüquq müdafiəçisinin sözlərinə görə, 100-dən artıq siyasi məhbusun böyük əksəriyyəti bu beş meyarın hamısına cavab verir. Elələri var ki, o meyarların bəzilərinə, bəziləri ən azından birinə cavab verir. Ona görə də məhz vahid siyasi məhbus meyarlarına görə siyasi məhbus hesab olunurlar: “Bizim mövqe ondan ibarətdir ki, Azərbaycanda siyasi məhbus var və bu çox ciddi problemdir. Çünki siyasi məhbusların sayı nəinki azalır, əksinə, getdikcə artır. Eyni  zamanda bu meyarın olmaması ilə bağlı iddianı da inkar edirik və xatırladırıq ki, AŞ PA-nın məhz bu məsələ ilə bağlı vahid meyarları əks etdirən qətnaməsi var”.

“Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansının rəhbəri Elşən Həsənov isə “Turan”a açıqlamasında qeyd edib ki,  təkcə 2013-cü ildə Azərbaycanda siyasi motivlərlə 33 jurnalist, bloger, gənc fəal və müxalifət partiyaların üzvləri həbs olunub.
Alyansın məlumatına görə, siyasi məhbusların ümumi sayı 140 nəfərdən çoxdur. Əgər 2012-ci ilin oktyabrında Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı həbs olunmuş “hicab məhbusları”nı da bura əlavə etsək, siyasi məhbusların sayı 164 nəfərə çatır, E.Həsənov qeyd edib.
Onun sözlərinə görə, siyasi motivlərlə həbslərə səbəb adamların korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığından narazlığından hakimiyyətin qorxmasıdır.
“Əgər hakimiyyət siyasi məhbusları azad etməsə, biz beynəlxalq birliyi Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarını boykot etməyə çağıracağıq”, – E.Həsənov bildirib.

Fizzə