ABŞ senatının xarici işlər komitəsinin üzvləri Ben Kardin (demokrat) və Con Makkeyn(respublikaçı) insan hüquqlarının pozulmasına görə qlobal məsuliyyət haqqında qanun layihəsi irəli sürüblər.
Qanun layihəsində nəzərdə tutulur ki, dünyanın hər hansı ölkəsində insan hüquqlarını pozan şəxslərə ABŞ-a gəlmək qadağan edilir və onlar Amerikanın maliyyə müəssisələrinin xidmətlərindən istifadə hüququndan məhrum edilirlər. Bu qanun layihəsində məqsəd “Maqnitski qanunu”nda nəzərdə tutulan sanksiyaların tətbiq dairəsini genişləndirməkdir.
Senator Kardin bildirib ki, ABŞ harada baş verməsindən asılı olmayaraq korrupsiya və insan hüquqları ilə mübarizə sahəsində dünyada başlıca rol oynamalıdır. Senator Makkeyn isə bildirib ki, hər iki partiyanın bəyəndiyi bu qanun layihəsi dünyanın ən müxtəlif ölkələrində insan hüquqlarını kobudcasına pozan şəxslərin məsuliyyətə cəlb olunmasını təmin edəcək.
«Bu qanun layihəsi qəbul olunacağı təqdirdə Azərbaycan mütləq hədəf olacaq»
Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, bu layihə qəbul ediləcəyi təqdirdə Azərbaycana da mütləq şamil olunacaq: “Biz hesab edirik ki, bu qanun layihəsinin qəbul olunması çox vacibdir və insan haqları sahəsində müsbət addımdır. Sülh və Demokratiya Institutu bu istiqamətdə iş aparacaq və çalışacağıq ki, Azərbaycandakı məmur özbaşınalığı, insan haqlarının tapdanması faktlarını ABŞ Konqresinə çatdıraq. Hətta bu layihə 2014-cü ildə qəbul olunmasa belə, narahat olmağa əsas yoxdur. Bu qanun layihəsinin özündə ehtiva etdiyi prinsiplər 100 faiz Azərbaycana şamil olunacaq”.
«Maqnitski aktından fərqli olaraq bu layihə daha geniş sahələri əhatə edir»
Hüquq müdafiəçisi Rəsul Cəfərov da belə bir qanun layihəsinin zəruri olduğunu və insan haqları məsələsində önəmli rol oynayacağını bildirdi: “Maqnitski aktından fərqli olaraq bu qanun layihəsi daha geniş sahələri əhatə edir və daha qlobaldır. Bu layihədə nəzərdə tutulmuş sanksiyalar, siyasi məhbusların qanunsuz həbsinə səbəb olmuş hakimlərdən tutmuş, mülkiyyət hüququnun pozulmasına səbəb olmuş şəxslərə qədər hər kəsə şamil olunacaq. Con Makkeyn və Ben Kardin insan haqları sahəsində prinsipial mövqe nümayiş etdirən senatorlardı. Hesab edirəm ki, onların bu layihəsi qəbul olunacaq. Ola bilər bunun qəbulu bir az vaxt aparacaq. Ancaq hər halda bu çox müsbət və ciddi siqnal olacaq. Biz də bu layihəni çox pozitiv qiymətləndiririk və bu layihənin qəbul ediləcəyi təqdirdə insan haqları sahəsində istinad edə biləcəyimiz qlobal bir sənədin olacağını düşünürük”.
İlham Hüseyn