Müsavatın nizamnaməsinin dəyişiləcəyi xəbəri yayıldı
Gülağa Aslanlı yayılan məlumatları əsassız adlandırdı
Müsavat partiyasının qurultayının keçirilməsi son günlər yenidən gündəmə gəlib. Partiyanın icra aparatının rəhbəri Arif Hacılı da mətbuata açıqlamasında bildirmişdi ki, Sumqayıtda da olsa qurultayı keçirəcəklər və qurultayın gecikməsi partiyaya ziyan vurur.
Qeyd edək ki, partiya Nizamnaməsinə uyğun olaraq qurultayda Isa Qəmbər başqanlıqdan gedəcək. Isa Qəmbər özü də bu məsələyə münasibətində başqanlıqdan gedəcəyini təsdiqləmişdi. Ancaq “Olaylar” qəzetində Müsavatla bağlı maraqlı bir məlumat yayılıb. Qəzet yazır ki, Isa Qəmbərin başqanlıqda qalması üçün partiya Nizamnaməsinə dəyişiklik ediləcək: “Qurultay indi keçirilərsə, Arif Hacılı heç bir maneə olmadan başqan olacaq. Amma Qadınlar Təşkilatının son konfransı, Vurğun Əyyuba və başqana yaxın Ellada Məmmədlinin heç kimin gözləmədiyi halda sədr seçilməsi dəngələrin dəyişdiyini göstərir. Açıq-aşkar görünür ki, Müsavat daxilində bəziləri Arif Hacılının həddən artıq güclənməsini istəmirlər. Ona yaxın Vəfa Cümşüdlünün Qadın Təşkilatının sədrliyindən çıxarılması ciddi mesajdır. Bir sıra siyasi müşahidəçilər Vurğun Əyyubun irəli çıxdığını ehtimal edirlər. Amma bu mesaj başqan tərəfdən də ola bilər. Belə bir fikir var ki, Isa Qəmbər ”başqanlığa namizəd olmayacam” fikrindən peşmandır və qalmaq istəyir. Milli Şura ilə bağlı yaranmış böhran, AXCP ilə savaşın pik nöqtəyə çatması Müsavatda Isa Qəmbərin qalmasını istəyənləri hərəkətə gətirib. Ola bilər ki, onlar “AXCP ilə savaş vəziyyətindəyik, indiki halda başqan dəyişikliyi ziyanımıza işləyə, rəqibə fürsət verə bilər, başqan yerində qalsın” bəhanəsi ilə Nizamnamə dəyişikliyi tələbini irəli sürə bilərlər. O halda bu təklif böyük dəstək qazanacaq. Indiki halda Müsavatın qərarlarına təsir gücündə olan bütün insanlar: Rauf Arifoğlu, Hikmət Hacızadə, Arzu Səmədbəyli, hətta gənclər arasında nüfuzu olan Tural Abbaslı bu düşüncədədi. Onlar Arif Hacılıdansa, Isa Qəmbərin başqan olmasını istəyirlər. Proseslər bu istiqamətdə gedir. Yəqin ki, Müsavatın növbəti qurultayında Nizamnamə dəyişdiriləcək və Isa Qəmbər yenidən partiyanın sədri seçiləcək”- deyə qəzet yazır.
Səslənən fikirlərə münasibətində Müsavat başqanının müavini Gülağa Aslanlı bildirdi ki, yayılan məlumatların heç bir əsası yoxdur: “Əməliyyatdan çıxdığım üçün çox danışa bilmirəm. Ancaq deyə bilərəm ki, Nizamnaməyə dəyişiklik məsələsi müzakirə olunmayıb və yayılan xəbərlər reallığı əks etdirmir”.
Azad