Iki ay əvvəl Ilham Əliyev Rəsulzadənin 130 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam verəndə xeyli adam özünə əl qatmışdı, bunu yaptokratiyanın Cümhuriyyət banisinə qısqanc münasibətinin dəyişməsi kimi qələmə verirdilər. Sərəncamın üstündən aylar keçib, Rəsulzadənin yubiley ildönümünə isə cəmi iki həftə qalıb, Məhəmməd Əminlə bağlı bugünədək sizin diqqətinizi çəkən hansı yubiley hazırlığının şahidi olmusunuz?
Özünüzü yormayın, heç şahidi olmayacaqsınız da. Bəlkə hansısa formal tədbir-zad təşkil ediləcək, bir-iki veriliş-filan hazırlanacaq, vəssalam. Bu da olacaq Rəsulzadənin 130 illiyi.
Halbuki, o sərəncam imzalandığı günlərdə ağlı başında olan insanlar bunu deyirdilər: əgər bu gün Azərbaycanda Cümhuriyyət banisinin müdafiə etdiyi dəyərlər rədd olunursa, ölkə monarxiya yolu ilə gedirsə, geriyə qalan mifdir, fiksiyadır, Rəsulzadənin yubileyi qeyd edilsə nə dəyişər, qeyd edilməsə nə.
Rəsulzadənin 130 illiyinə ən böyük hədiyyə şübhəsiz, 2013 prezident seçkisini demokratik, ədalətli qaydada keçirmək olardı.
Siyasi sifarişli həbsləri dayandırmaq, vicdan məhbuslarını azad etmək olardı.
Bir nəfərin istək və iradəsinə uyğunlaşdırılmış idarəetmə prinsiplərindən əl çəkmək olardı.
Əks halda, Rəsulzadənin 130 illiyi ilə bağlı bir deyil, lap min bir sərəncam imzalansa faydası nədir?
***
Məsələ yalnız Rəsulzadə ilə bağlı deyil.
2012-ci ildə Axundovun 200 illiyinin qeyd olunması üçün sərəncam imzalandı.
Nəticə?
Axundovun, uğrunda həyatını şam kimi əritdiyi dəyərlər yerinə, ölkə telekanallarında Ibrahimxəlil kimyagərlərin at oynatdığını gördük.
Cin çıxarmaq, ələm uçurmaq adət halını aldı.
Dərviş Məstəli şahlar toplumun yeganə güvənc yerinə çevrildi. Cadugərlik, falçılıq evimizin içinədək gəldi.
Niyə?
Çünki siz Axundovun 200 illiyinin qeyd edilməsi ilə bağlı istədiyiniz qədər sərəncam imzalaya bilərsiniz, amma ölkəni idarəetmə tərzi və təfəkkürü Azərbaycanı hər gün bir az da çağın gerisinə sürüklədikcə…
Elmi və təhsili yox etdikcə…
Cəhalətin önünü açdıqca…
Insanların öz bilik və bacarığı ilə deyil, sadəcə, yalan və yaltaqlıq hesabına, əl çalaraq və alçalaraq yüksələ biləcəyi bir ortam hazırladıqca həmin sərəncamın da kağız parçasına çevrilməkdən qeyri anlamı qalmaz.
***
Səmimi olmaq lazımdır, bu gün ölkədə hakim olan zehniyyətə Sabir nə qədər lazımdır? Bir satirik videoya belə, dözə bilmədilər. Iki gənc buna görə həbsxana həyatı yaşamalı oldu. Halbuki, Sabirin 150 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam verilmişdi 2010-cu ildə.
Sabir sağ olsaydı, yəqin ondan ciyərlərini müalicə etdirmək üçün “Hophopnamə” yerinə, “Yapyapnamə” yazmasını tələb edərdilər.
2012-ci ildə Zərdabinin 170 illiyi ilə bağlı sərəncam imzalandı. Mənası nə idi axı? Ölkədə doğru söz yasaqdırsa, düşmənçilik kimi qəbul edilirsə, tənqidçi qələmlərə həbs yolu göstərilirsə, tənqidçi qəzetlər ən müxtəlif yollarla çökdürülür, susdurulursa, mətbuatın reklam bazarı yoxdursa, qəzet yayımı məhv edilibsə, Həsən bəy Zərdabinin ruhu o sərəncamdan şad ola bilərdimi?
***
Dediyim odur ki, hansısa yubiley sərəncamının Azərbaycanın aydın, işıqlı insanlarının xatirəsinə ehtiram nişanəsi olması üçün öncə o insanların müdafiə etdikləri dəyərlərə ehtiram göstərilməlidir. Ekran-efiri həmin dəyərlərin üzünə qapayaraq…
Həmin dəyərlərin günümüzdəki daşıyıcılarını, müdafiəçilərini dışlayaraq, cəzalandıraraq, sonra da filankəsin 100 illiyini, bəhmənkəsin 200 illiyini qeyd etmək, əsla səmimi görünmür, səmimi görünmədiyi üçün də effekt verə bilməz.
Lap hansısa yolun tikintisinə büdcədən neçə milyonsa pul ayırmaq kimi. Əgər o yollar bizi məbədə aparmayacaqsa, gözəl günlərə, aydınlıq günlərə aparmayacaqsa, kələ-kötür kimi qalsa, mənası nədir, şüşə kimi olsa, mənası nə?