Bu gün – yanvarın 15-də Milli Şuranın sədri, son seçkilərdə demokratik qüvvələrin prezidentliyə vahid namizədi olmuş və az bir zamanda cəmiyyətin böyük sevgisini qazanmış professor Cəmil Həsənlinin doğum günüdür. 1952-ci ildə anadan olan Cəmil Həsənli bu vaxtacan da uğurları və nüfuzu ilə seçilib, bütün ölkədə tanınıb. İlk günlərdən xalq hərəkatının önündə olan şəxslərin sırasında gedib, 10 il millət vəkili olub, alim kimi də çox nüfuzludur. Hətta Azərbaycanda deyil, dünyanın ən məşhur universitetlərində onun kitabları dərslik kimi istifadə edilir.
Bununla yanaşı, Cəmil Həsənlini son prezident seçkilərində hər kəs yenidən kəşf etdi. Öz ölkəsinin problemlərini heç kəsin indiyədək etmədiyi şəkildə ifadə etməyi bacaran, cəsarəti və bacarığı ilə saxta hakimiyyəti sarsıdan Cəmil Həsənli xalqın səsini və sevgisini qazandı. Prezidentliyə namizəd kimi vəzifəsini yüksək bacarıqla yerinə yetirdi, onun ağırlığından qaçmadı, öhdəliyini imitasiya etmədi. Əksinə, çarpışması və mübarizəsi ilə hamını heyran edə bildi. O indi bu ölkədə ümid bəslənilən, inanılan nadir şəxslərdəndir.
Cəmil Həsənli indi də “ölkəsinin azadlığı uğrunda davada axıracan varam” deyir. Ona bu şərəfli yolda uğurlar diləyir, can sağlığı və uzun ömür arzu edirik.
“Azadlıq” qəzetinin redaksiyası
Xalqın sevimlisi və seçilmişi
•


