Qəzetlərin səyyar satışına qadağa qoyuldu
Rahim Hacıyev: «Əslində, başlıca məqsəd «Azadlıq» qəzetini susdurmaqdır»
Bakıda qəzetlərin əl yayımı ilə satışına qadağa qoyulub. Səyyar qəzet satıcılarının yığışdırıldığını Bakı şəhər Baş Polis Idarəsindən də təsdiqləyiblər.
“Polisin qəzet satışına qadağalar qoyması barədə məlumatların heç bir əsası yoxdur. Bəli, paytaxt polisi şəhər Icra Hakimiyyəti ilə birlikdə qanunsuz küçə ticarətinə qarşı müvafiq tədbirlər həyata keçirir və bu sırada primitiv qaydada kustar üsulla hazırlanmış rəflərin üzərində olan qəzet-jurnal satışının da qarşısının alınması həmin tədbirlərin tərkib hissəsidir”, – deyə idarədən “modern.az”a bildirilib.
Məlumata görə, guya, vətəndaşlardan küçə ticarətinin qarşısının alınması ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Bu da şəhərin simasına xələl gətirən hər cür əldəqayırma satış nöqtələrinin yığışdırılmasını zəruri edir: “Odur ki, Bakı Şəhər Icra Hakimiyyəti və Baş Polis Idarəsi əhalinin haqlı narazılığına səbəb olan belə neqativ hallara qarşı tədbirləri mütəmadi olaraq davam etdirəcəkdir. O ki qaldı qanunsuz küçə ticarəti ilə məşğul olanların xüsusi icazə əsasında fəaliyyət göstərmələrinə, müxtəlif yollarla əldə edilən həmin sənədləri artıq Bakı Şəhər Icra Hakimiyyəti ləğv edib”.
Bakı şəhər Ticarət və Xidmət Departamenti də küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə verilən icazələrin ləğv edildiyini bildirib. Departamentinin rəhbəri Əliabbas Bağırov ANS PRESS-ə açıqlamasında deyib ki, icazələr bu ilin yanvarın birindən qüvvədən düşüb. “Bu qərar Bakının abadlaşdırılmasını, gözəlləşdirilməsini səbəbindən verilib. İndi ən müasir qəzet və jurnalların satış köşklərinin quraşdırılır. Gözəl satış məntəqələri qurulub. Bunun yanında küçədə stendlərin qoyulması yaxşı görünmür. Buna görə, sahibkarlara verilən icazələr ləğv edilib. Bundan sonra qəzet və jurnalların satışı yalnız quraşdırılmış dünya standartlarına cavab verən köşklərdə həyata keçiriləcək”, – deyə Əliabbas Bağırov bildirib.
Bu qərarla hökumətin dotasiyası və dolayı maliyyələşdirməsindən kənarda olan qəzetlərə daha çox zərbə dəyəcəyi şübhəsizdir.
“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev baş verənləri azad mətbuatın tamamilə sıradan çıxarılması istiqamətində atılmış növbəti addım kimi qiymətləndirir: “Əslində, başlıca məqsəd ”Azadlıq” qəzetini ciddi bir maliyyə mənbəyindən məhrum etməkdir. Metroda qəzet satışının qadağan edilməsindən sonra əl yayımının qarşısının alınması prosesi sürətləndirmək məqsədi daşıyır. KIV-ə Dövlət Dəstəyi Fondu “Azadlıq”la əməkdaşlıqdan imtina edəndən sonra gerçəkdən bağlanmaq təhlükəsilə üzləşən qəzetin susdurulması üçün atılan ciddi bir addım kimi qiymətləndirilməlidir”.
Ramin DEKO