(Ölkənin bütün əliyevçiləri, birləşin!)
Xaliq Bahadır
Azərbaycanın necə dadlı, necə yağlı, necə yeməli olduğunu onlar kimi bilən yoxdur. Bu ölkənin neftinin, pambığının, balığının, kürüsünün, bir sözlə, yeraltı-yerüstü var-yatırının dəyərini onlardan soruş. Otuz ildən artıqdır onlar bu yöndə dayanmadan “külüng” çalır, bu ölkənin altından girib üstündən, üstündən girib altından çıxırlar.
Indi sən onlara hakimyyətdən eləcə – üzüsulu gedin, deyirsən. Ay-hay!
Hələ dünya banklarına qoyulası çek YATIRIMLARI var. Hələ bu ölkənin damarlarında QAN qalır. Hələ “DQR” bütün Azərbaycanı yenmək gücündə deyil. Hələ Qarabağda vuruşan oğulların hamısı tutulmayıb. Hələ şəhid arvadlarının hamısı dolanışıq dözülməzliyindən pis yola düşməyib…
H.Əliyevin xəstəliyi ilə bağlı “yüksək tribunalardakı” bütün başlıca mikrofonlar “söndürülmüşdü”. Ölkə qızdırmalı yaya girmişdi. Ən aşağılardan tutmuş, ən yuxarılaradək hamı kritik qızdırma sayıqlaması keçirirdi. Belə anlarda hamını ötməyi bacaran müsavatçılar Isa Qəmbəri, ADP-çilər Rəsul Quliyevi, cəbhəçilər Əbülfəz Elçibəyi gətirib prezidentliyin qapısına çıxarmışdılar. Qapıdan kim tez keçə bilsəydi, qurbanı olduğumuz o yüksək KÜRSÜ onun olacaqdı.
Elə bu arada kürsü yiyəsi diksinib ayıldı. Bütün ölkəyə yumruğunu göstərib: “Heydər Əliyev sağlamdır və Azərbaycan iqtidarının karvanı sürətlə irəli gedir. Onlar isə yana-yana qalacaq və çürüyəcəklər”, – dedi.
Bununla da Azərbaycan qaynar bir həftə içinə girdi. Əliyevlər ən azı qızmar yayı “qızdırmasız” keçirmək üçün güclərini göstərəcək GÜCLÜ çıxışlar yapdılar.
Özünün akademik söyüş arsenalını bütünlüklə ortaya qoyan akademik-deputat Cəlal Əliyev nomenklatur parlament tarixinə jurnalistikamızla bağlı qızıl suyuna çıkilmiş qızıl sözlər yazdı. Bununla bağlı onu “söyüşcül akademik” adlandıran “Azadlıq” qəzeti balaca bir yalnışa yol verdi – gərək belə olaydı: Akademik söyüşçü. Parlament küçə tərbiyəçiliyi ilə “küçə tərbiyəsizliyini” sintez laboratoriyası statusunu qazandı.
Hərə öz ampluasında, Ilham Əliyev də özünün ampluasında çıxış etdi: “Bütün problemləri beş ildə həll etmək olmaz”. Belə deyən I.Əliyev beş ildə həll etdikləri BIRCƏ problemin adını çəkə bilmədi.
Atəşkəs “qələbəsindən” danışan I.Əliyev bu atəşkəsin ölkəyə nələrə başa gəldiyindən, hələ bundan belə nələrə başa gələcəyindən danışmadı.
1992-ci ilin payızında Mirzə Xəzər “Heydər bəy, siz böyük bir siyasətçi kimi, Azərbaycan xalqının bir ağsaqqalı kimi Qarabağ haqqında nə fikirdəsiniz?” deyə soruşanda H.Əliyev bildirmişdi: “Azərbaycan hökuməti bununla bağlı mənə müraciət etmir. Əgər onlar mənə, siz dediyiniz kimi, bir siyasətçi, el ağsaqqalı kimi müraciət etsələr, onda mən Qarabağda olan 200 min dığanı bircə gecədə qovaraq səhər-səhər pencəyimi çiynimə atıb gedib Xankəndində oturaram”.
Onda Azərbaycan ordusu uğurlu döyüşlərlə gəlib Xankəndinin bir addımlığında dayanmışdı. Kimlərsə orduda geniş təxribata başladılar, problemi “bircə gecədə” aradan qaldırmaq üçün H.Əliyevin hakimiyyətə gəlməyinə yol açdılar. Kimlərsə bütün problemləri “bircə gecədə” aradan qaldırmaq üçün onu hakimiyyətə gətirdilər.
O isə hakimiyyətə gəlib, altı il… “Qarabağı qaytaracam”, dedi. Altı illik çıxışlarıyla Qarabağı təkbaşına qaytaracağına xalqı inandırdı…
Indisə oğlunu – I.Əliyevi qabağa verib. I.Əliyev deyir: “Qarabağı qaytarıb-qaytarmamaq xalqın işidir. Xalq özü bilər: istəyər, Qarabağ uğrunda vuruşar, istəməz, vuruşmaz”…
Azadlıq, 1 iyul 1999
Sayğılı oxucu, bu yazını dönə-dönə oxu, az qala 50 ildən bəri Azərbaycanın başında duranları, yalan, aldatma yoluyla bəlli bir ailənin, bəlli bir tayfanın ölkəmizi hansı çıxılmazlığa gətirib çıxardığını gör. Görün Heydər Əliyev, ardıınca oğlu Ilham Əliyev bizim ürəyiaçıq, hamıya inanan xalqımızı çoxsaylı yalanlarla aldada-aldada hara gətirib çıxarıb. Onlar Qarabağı verməklə, neft-qaz resurslarını böyük güclər arasında pay-püşk etməklə hakimiyətə gəldilər, hakimiyətdə qaldılar. Görün ata Əliyevin “…onda mən Qarabağda olan 200 min dığanı bircə gecədə qovaraq səhər-səhər pencəyimi çiynimə atıb gedib Xankəndində oturaram” söyləməsi bütünlüklə yalana çıxandan sonra bala Əliyev atasını doğrultmaq üçün nə deyir: “bütün problemləri beş ildə həll etmək olmaz”. Bunu kim bilmir? Bunu hamı bilir. Ancaq… axı, atan, KQB generalı, keçmiş Politbüro üyəsi, “dünyanın ən güclü siyasətçisi” eləcə də “ən üstün Sovet dövlət xadimi” demişdi bunu: “200 min dığanı bircə gecədə qovacam”. Yoxsa, o nə dediyini bilmirdi? Gözəl bilirdi. Ona xalqı, yalançı-yarımçıq siyasi liderləri, gerçək ziyalı-aydınlıqdan uzaq kimsələri aldadıb hakimiyətə qayıtmaq gərək idi.
Aldatdı, qayıtdı. Aradan bir beş il keçdi, Qarabağ problemi bir yana, başqa problemlər də çözülmədi, tərsinə, ölkə Əliyevlər başçılığında rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya problemlərinə büründü. I.Əliyev atasını doğrultmağa çalışaraq “bütün problemləri beş ilə həll etmək olmaz” deyəndə aradan altı il keçmişdi. Sonra aradan iki beş il, sonra üç beş il, sonra dörd beş il keçdi. Indi beşinci beş il başlayır, əski problemlər bir yana, 1993-dən bəri Əliyevlərin Azərbaycana yaratdıqları çoxsaylı problemlər üzündən ölkə batıb gedir. Ata-bala Əliyevlər yalanı-yaltaqlığı, korrupsiyan DÖVLƏT siyasətinə çevirməklə ötüb keçən 20 ildə Azərbaycanı 20 il də yox, bəlkə, 100 il geri atdılar. Sovet təhsil sistemindən qalma intellektual baza ilə dünyanın bir çox qabaqcıl ölkələriylə yarışa girə biləcək Azərbaycan Əliyevlərin xalqı yenmək, yenib illərlə minmək strategiyasına uyğun olaraq, bu gün içiboş başlar ölkəsinə çevrilib. Televiziyalara ötəri baxmaqla belə, bu gün Azərbaycanda Əliyevlər ailəsindən başqa ortaya çıxarılası ailə olmadığını düşünmək olar. Bunlar super intellektuallar, super siyasətçilər, super kulturoloqlar, super biznesmenlər, super nələr, nələrdilər. Buna görə Azərbaycanı dünyaya yalnız bunlar tanıda bilərlər. Nizami Gəncəlini də dünyaya tanıtmaq bunlarlıqdır (özləri Nizamini tanımasalar da).
Bütünlüklə ələ keçirdikləri, bütünlüklə yiyələndikləri televiziyalar gecə-gündüz bunların Azərbaycanı dünyaya tanıtmalarından danışır. Nədənsə o televiziyalarda müxalifətə prezident seçkisində belə, danışmaq üçün uzağı 6 dəqiqə çağ verilir. O da bir sıra satılmışlara “prezidentliyə namizəd” statusu qazandıraraq ortaya atıb aranı qarışdırmaqla! Qorxuya baxın! Demək, bu xalqa, bu ölkəyə nə etdiklərini gözəl bilirlər. Cinayətlərini bilirlər! Londondan yayılan bilgilərə görə, 1993-2010-cu illərdə yalnız offşor zonalara ata-bala Əliyevlər 48 milyard dollar oğurluq pul ötürüblər. 17 milyard dollarlıq başqa bir oğurluq, Dubay, Çexiya, Moskva, London, Mayami mülkləri… Bunlar hamısı Azərbaycanı dədə-baba mülkünə, yox, gerçək bir IŞĞAL ZONASINA çevirməklə baş verib. Bir ailə böyüklü-balacalı, kişili-qadınlı bütün ölkəni IŞĞAL edib. 93-dən bu ölkədə qorxunc, dağıdıcı IŞĞAL siyasəti yürüdülür.
1996-cı ilin dekabrında MM-in başqanı Rəsul Quliyev MM tribunasından demişdi: “Son iki ildə Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində bir addım da atılmayıb”. 1996-cı ildə. Görünür, bu adam da “dünyanın ən güclü siyasətçisinin” – KQB generalının “200 min dığanı bir gecədə qovub Qarabağdan çıxaracağına” inanırmış, buna görə “son iki ildə” problemin çözümü yönündə “bir addım da atılmaması” ona bərk yer eləyib. Indi aradan 21 il keçib, Azərbaycan-“Ermənistan” konfliktinin çözümü yönündə, R.Quliyev deyən kimi, BIR ADDIM DA ATILMAYIB. Əliyevlər bu 21 ildə Azərbaycana düşmən güclərlə birgə xalqımızı aldatma yolu tutaraq “dinc barış danışıqları” adı altında oyun qurub ölkəmizi soyub yağmalayıblar. 20-ci yüzilin başlanğıc çağlarında Batı Azərbaycanla (indiki “Ermənistan”) bağlı yürüdülən siyasət indi Qarabağla bağlı yürüdülür: dünyanın hər yerindən, başlıcası da qonşu ölkələrdən – Türkiyədən, Irandan, Suriyadan ermənilər köçürülüb Qarabağa yerləşdirilir. Son soraqlara görə, yaxın çağlarda Suriyadan gətiriləcək 200 erməni ailəsini yerləşdirmək üçün Qarabağda gərəkən işlər görülməkdədir. Superdövlət susur, BMT susur, Avropa birliyi, Avropa Şurası susur, əliyevçi hökumət susur. Yalnız gərəkən yerlərə milyonlar, milyardlar səpələməklə yox, Qarabağla bağlı yad davranış – susqunluq sərgiləməklə də Ilham Əliyev özünün seçki uğurlarına qarantiya yaradır. Bu uğurlardan o da qazanır, Azərbaycana düşmən güclər də – iş bundadır!
1993-cü ildə Azərbaycanın torpaq bütünlüyünü 192 BMT dövlətindən 138-i tanımışdı. Əliyevlər “uğurlu neft-qaz strategiyası” axarında Azərbaycanı dünyaya necə gözəl tanıtdısa, 2008-in martında torpaq bütünlüyümüzü tanıyan dövlətlərin sayı 138-dən 38-ə endi – uğurlu diplomatiya! Düzdür, bundan sonra Ilham Əliyev özünün dönə-dönə dediyi kimi, BMT-nin Təhlükəsizlik Şurasını FƏTH etdi, ancaq torpaq bütünlüyümüzü tanıyan dövlətlərin sayı 38-dən 39-a da qalxmadı. Bununsa bir başlıca nədəni var: Azərbaycanın torpaq bütünlüyünü hamıdan qabaq prezident – ali baş komandan I.Əliyev tanıyaraq bu yolda dönməzlik sərgiləməklə özünün tanıdığını başqalarına da tanıtmalıdır. Ancaq faktiki olaraq I.Əliyevin Azərbaycan adına PULdan ayrı tanıdığı nəsə yoxdur!
2004-cü ilin yanvarında, prezidentliyə yiyələnməsindən az sonra, I.Əliyevin belə çıxışı olmuşdu: “Bu, ya başqa sahədə monopoliya olduğunu bilmək çətindir. Ancaq Azərbaycanda hamı hər şeyi bildiyindən nəyisə gizlətmək də çətindir. Düşünürəm, monopoliyalara son qoyulacaq”. Qoyulmadı – ölkənin baş monopolisti o özü olduğuna görə! Hər birindən milyonlar, milyardlar gələn neft-qaz da onundur, Daşkəsənin qızıl-gümüş yataqları da, Xəzərin bahalı balığı-kürüsü də. 17 zavodu birləşdirməklə yaradılan, sonra əlaltı parlamentdən keçirməklə vergidən yayındırılan Sumqayıt Texnologiya Parkı da. Banklar da onundur, Azərsun, Akkord holdinq-kompaniyaları da. Üstəlik, ölkənin əkinə yararlı min hektarlarla torpaqları, Şahdağ Turizm Mərkəzi kimi başqa monopoliya-işğal obyektləri də. Ortada gerçək dövlətçilik düşüncəsi olmadığından polis, prokurorluq, məhkəmə-hüquq sistemi də eləcə monopoliya-işğal obyektləridir.
Bütün bunlarla yanaşı, rüşvətxorluğa, korrupsiyaya qarşı çox ciddi mübarizə aparılmalıdır… deyən prezdentin bunun üstündən: “Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də var, kifayət qədər güclü iradədir” deməsi özünə inamsızlığın, öz dediklərinə inanmamağın açıq görsənişidir. Ötən ilin noyabrında o, metroda qəzet satışına yasaqın aradan qaldırılması üçün “çox ciddi tapşırıq” vermişdi. Başqa “çox ciddi tapşırıqları” kimi onun bu tapşırığı da gerçəkləşməmiş qalır. Çevrəsi, siyasi komandası onun gerçək istəyini gözəl bilir. Ortadakı siyasi sistemin özü korrupsiya-yalan sistemidir!
Onun özü kimi illərlə müxalifətin varlığını danan, onu yox sayan televiziyalar indi haray-həşir qoparmaqdadırlar: müxalifət dağılır! Müxalifətsə dağılmır, eləcə rejimin illərdən bəri müxalifət arasına yeritdiyi agentlər, pulla ələ aldığı satılmışlar tapşırığa uyğun olaraq gerçək müxalifəti gözdənsalma kampaniyasına girişiblər – bir yandan müxalifətin böyük, effektli birliyinin baş tutmaması, o biri yandan hakimiyətə hücumları yayındırmaq üçün. Ortada bir yenilik də yoxdur: “həmin dalğa, həmin koordinat”. Onlardan birisi sözünü açıq dedi: “Mənim üçün başqasından bu hakimiyət yaxşıdır”. Din uzmanları çağında Əli yandaşlarının azalması faktına belə aydınlıq gətirirlər: “Əlinin süfrəsi yağsız, Yezidin süfrəsi yağlı idi”. Gözümüzün qarşısında baş verənlər o uzaq illərin görsənişlərini yansıdır: Əlinin süfrəsi yağsız, Yezidin süfrəsi yağlıdır, özü də çox yağlı!
Azərbaycan uğrunda savaş yolundayıq. Döyüşə Əliyevlər gedir – müxalifətdəki agent-əlaltıları ilə birgə.


