«Mübarizəmiz davam edəcək»

Cəbhəçi gənc azadlığa çıxdı; “Hamımızı təkadamlıq kameralara salıb, əlimizi qandallayıb döyürdülər”

“Qaziləri yandırma” aksiyasında iştirak edib, qazilərə dəstək ifadə etdiyinə görə 15 sutkalıq həbslə cəzalandırılan, AXCP Gənclər Komitəsinin üzvü Türkel Əlisoy ötən gün azadlığa çıxdı. Azadlığa çıxdıqdan dərhal sonra o, “facebook” səhifəsində yazdı: “”Ilham Əliyevin “uğurlu gənclər siyasəti” nəticəsində qismən azadlıqdayam. Bu günə qədər bizə dəstək verən hər kəsə minnətdaram. Amma unutmayın ki, tam azad deyiləm.
Sadəcə olaraq “Azərbaycan” adlı böyük həbsxananın “kars”ına salınmışdım və yenidən həbsxanaya qayıtdım”.
“Azadlıq”a açıqlamasında Türkel Əlisoy bildirdi ki, belə ədalətsiz qərarlarla, həbslərlə onu tutduğu yoldan döndərmək mümkün deyil və sona qədər mübarizəni davam etdirəcək.
Türkel Əlisoy Binəqədi təcridaxanasında baş verənlərə də aydınlıq gətirdi: “Bu müddətdə bizə qarşı müxtəlif təzyiqlər oldu. Əvvəlcə Orxan Eyyubzadəni döydülər. Sonra məni təkadamlıq kameraya salıb əlimi qandallayıb döydülər. Ötən gün isə Tural Sadiqlini 8 nəfər tək kameraya salıb döydülər.  Məni və digərlərini qandallayaraq döyürdülər. Orxan Carçıya rəis demişdi ki, sizi zorlayaram, şəkilinizi də çəkib yayaram. Orxan Eyyubzadəyə ”dövlət əmlakına zərər vurma” maddəsilə cinayət işi açmaq istəyirlər. Ümumiyyətlə, Orxan Eyyubzadəni 2 dəfə döyüblər.
“Azadlıq” qəzetini bizə vermirdilər. Yalnız “Yeni Müsavat” qəzetinə icazə verirdilər. Məni hər gün otağa çağırıb “Yeni Müsavat” qəzetinin Əli Kərimli haqqında yazdıqlarını göstərirdilər və deyirdilər ki, Əli Kərimli xaindir. Hesab edirəm ki, hüquq müdafiəçiləri baş verənləri ictimailəşdirməli, hesabatlarda bu faktları işıqlandırmalıdılar”.

Azad