2012-yekun-ip

Rauf Arifoğludan Əli Kərimliyə dəstək

İsa Qəmbəri Ramiz Mehdiyevin saray maraqlarına qurban verən baş redaktor Əli Kərimlini tək müxalif lider kimi xarakterize etdi

Son günlərin ən maraqlı hadisələrindən biri Rauf Arifoğlunun Əli Kərimliyə qarşı apardığı kampaniyadır. Əslində özünü müstəqil qəzetin baş redaktoru elan edən Rauf Arifoğlunun Milli Şura daxilindəkli polemikanı AXCP-Müsavat qarşıdurması kimi şişirtməsi və Əli Kərimlini özünə düşmən elan etməsi bir çox suallar yaradır. Başlıca suallar bunlardır.
1. Bu qarşıdurmadan Müsavat Partiyası nə qazanır?
2. İsa Qəmbər şəxsən nə qazanır?
3. Rauf Arifoğlu nə qazanır?
4. Hakimiyyət (və ya hakimiyyətdəki rejissor) nə qazanır?
5. Əli Kərimli nə qazanır?
Bu suallara cavab verməklə biz həm vəziyyətin təsvirinə imkan tapa, həm də baş verən hadisələrin əsas mahiyyətinə yaxınlaşa biləcəyik. Beləliklə, bizim üşün başlıca məqamlardan biri də budur ki, Rauf Arifoğlu bir yazıda özünün həyat strategiyasını da açıqlayıb, yeri gəldikcə onun yazısına da istinad edəcəyik.

Müsavatdan istefalar və skrinşot

Ötən günlərdə sosial şəbəkələrdə bir foto yayıldı. Müsavat başqanının müşaviri ilə partiyanın başqa funksioneri arasında yazışmada Arif Hacılının həbsxanadan İlham Əliyevə yazdığı müraciət müzakirə olunur. Orada aydın görünür ki, təşkilatın daxilində ciddi bir narazılıq var. Hətta İsa Qəmbərin də olaydan narahatlığına dair eyhamlar var. Görünür ki, İsa bəy bu prosesin başından vəziyyəti bilirmiş. Amma durumun bu qədər kritikləşməsinə niyə imkan verib? Bu suala ikinci başlıqda cavab axtaracağıq. İndi önəmli olan odur ki, Müsavat daxildə ciddi narazılıqlar yaşayır. Partiya sədrinin müşaviri başda olmaqla bir neçə istefa oldu və müzakirələrin gedişində bu sıraların genişlənəcəyi şübhə doğurmur. Müsavatda əsas demoralizasiya yaradan məqam odur ki, Rauf Arifoğlu partiyanın “konstruktiv”ləşməsi bəyanatları verir və bu da həqiqi müxalif mövqedə olan Müsavat üzvləri arasında ciddi narahatlıq yaradır. Rauf Arifoğlunun bu bəyanatlarının arxasında dayanan məqam əlbəttə, Müsavatı hakimiyyətə gətirmək deyil. Bunu da faktlarla, arqumentlərlə göstərəcəyik, sübut edəcəyik. İndi isə onu deyə bilərik ki, Müsavat bu olaylarda üzvlərini, müxalifətçi nüfuzunu, partiyadaxili tarazlığı itirdi. Nə qazandığına dair isə hələ ki, heç nə demək mümkün deyil. Təbii ki, Rauf Arifoğlunun elan etdiyi “qazanc”lardan başqa.

İsa Qəmbər kasıb liderdi

Müsavat başqanının maddi təminatı yerində deyil. Bunu sübut eləməyə elə də ciddi ehtiyac yoxdur. Belə olmasaydı, İsa bəyin oğlu Rauf Arifoğlunun İlham Əliyevə təriflədiyi “Minval.az” saytında işləməzdi. Bu fakt onu deyir ki, İsa bəy müxalifət lideri kimi, oğlunun “Əli Kərimlidənsə İlham Əliyevin prezident olmasını istəyirəm” deyən şəxsin saytında işləməsinə razı olmazdı, əgər məcbur olmasaydı. İlham Əliyevin müdafiəçisi ilə birlikdə olmaq İsa bəy üçün ciddi imic itkisidir. Tərəfdarları arasında ciddi sual yaranır ki, görəsən eyni seçim olarsa, İsa Qəmbər də Əli Kərimlini deyil, İlham Əliyevi seçərmi? Bu isə ona sadəcə, mövqe itikisi deməkdir. Qazanc isə bizə məlum olan sadəcə “Minval.az”dan gələn maaşdır. Bunu isə indiki şəraitdə qazanc hesab etmək olarmı? Bu sual hələ ki açıq qalır. İsa Qəmbəri hakimiyyətlə birbaşa sövdələşmələrdə ittiham etmək əlbəttə, siyasi məsuliyyət məsləsidir. Amma onun İlham Əliyevi aşkar müdafiə edən şəxlərlə bir yerdə olmaq seçimini etməsi, hansısa uzlaşmanın olduğunu deməyə əsas verir. Bir çox müsavatçılar deyirlər ki, Rauf Arifoğlunun İsa Qəmbərlə sadəcə dostluğu var və onun Müsavatın qərarlarına birbaşa təsir imkanı yoxdur. Amma heç kim onun Müsavat adından verdiyi bəyanatları təkzib etmədi. Bu zaman da onun fikirləri Müsavat partiyasının aktivinə yazıldı. “Partiyanın qəzeti” deyimi bu situasiyada “qəzetin partiyası” frazasına çevrilməkdədir…

Rauf Arifoğlu üçün fərq

“Yeni Müsavat”ın baş redaktoru hər zaman deyib ki, onun üçün, sadəcə, qəzetinin maraqları var. Bu maraqlara pul və pul qazanmaq daxildir. Ona görə də onun üçün kimi satmaq, kimi qabartmaq, kimə xidmət etmək elə də fərqli məzmun daşımır. İsa Qəmbəri Ramiz Mehdiyevin saray maraqlarına qurban verməsi bunun ən bariz nümunəsdir. Ramiz Mehdiyevin İlham Əliyevin yanındaki yerini qarantiyalamaq üçün İsa Qəmbəri Milli Şuradan ayırmaq lazımdır və bunu da etdi. Növbəti mərhələdə bir başqasının başqan olması üçün təbliğat aparacaq və Müsavat partiyasını parçalayacaq. Daha sonra necə deyərlər, “Xruşov Stalin haqqında görün nələr deyəcək”. Rauf Arifoğlu İsa Qəmbərdən nəyin qisasını alır, onu demək çətindir, amma bu olanların təkanverci enerjisi nifrətdən başqa heç nə ola bilməz. Bu sadəcə, birini tumarlaya-tumarlaya cəllad qarşısına aparmaqdır.

Ramiz Mehdiyev üçün “çim yağ”

Kədərlidir, deyilmi? Həm də o qədər üzücüdür ki, bunun sonunu görmək istəmir insan. Ona görə ki, bütün bu olanlarln arxasında duran və mənfəət götürən millətin illərdir gününü göy əskiyə bükən Ramiz Mehdiyev olacaq. Müxalifət parçalanır, onun bir hissəsinə hakimiyyət nəzarət edir. Və bu hissə həqiqi müxalif mövqeliləri güya ifşa-şantaj edir və müxalifət kimi qalmaq istəyir. Bununla da hakimiyyətin oyunu baş tutur. Əgər, baş verənləri həqiqi təhlil etmək gücü olan dostlarımız Rauf Arifoğlunu buraxıb İlham Əliyevə daha çox diqqət ayırsalar, onsuz da “Yeni Müsavat” qəzetinin və onun partiyasının hədəfində kimin olduğu aydın görünəcək. Zatən Rauf Arifoğlunun “Həyatımı Əli Kərimlinin hakimiyyətə gəlməməsinə sərf edəcəm, Əli Kərimlidənsə, İlham Əliyevin hakimiyyəti yaxşıdır” deməsi onu göstərir ki, İsa Qəmbər onun üçün hakimiyyətə gəlmək imkanı deyil, Əli Kərimliyə qarşı maneə faktorudur.

Əli Kərimli, sadəcə, xalq qədər zərbə aldı

Əli Kərimli hakimiyyətin birbaşa və dolayı hədəfindədir. Onun qorumaq istədiyi birliyi dağıtmaq istəyirlər. Hakimiyyət və süni peykləri Milli Şura ətrafında qalmaqalı elə böyütmək istəyirlər ki, güya bu qurum uğursuzluqdan dağılır. Amma Milli Şura seçkiyə gələn əhalinin 65 faizdən çoxunun səsini alıbsa, bu necə uğursuzluq ola bilər. Onun namizədi dünyada qəbul edilirsə, İlham Əliyev hələ də ciddi beynəlxalq pressinq altındadırsa, bu uğursuzluqdurmu? Ona görə də Əli Kərimli bu zərbələrdən elə xalq qədər zərbə aldı. Amma Rauf Arifoğlu öz açıqlamaları ilə Əli Kərimliyə mühüm xidmət etmiş oldu. O İlham Əliyevin hakimiyyətini qorumağa həyat sərf etdiyini bəyanlamaqla həm də yeganə təhlükənin Əli Kərimli olduğunu bəyanladı. Və İlham Əliyevi Əli Kərimlidən üstün tutmaqla özünün mövqeyini bir daha ortaya qoydu. Pis adamın bizim haqımızda pis danışması nə gözəldir.

Seymur Həzi