Dünən xəbər lentlərində oxudum, Cənubi Afrikada bir rahib onu dinləmək üçün kilsəyə gələnlərə maraqlı bir təklif edib. Deyib ki, Tanrıya yaxın olmaq istəyirlərsə, ot yesinlər.
Bu, onun sözünə qulaq verən xeyli adamın dərhal ağlına batıb, başlayıblar sürünərək otlamağa.
Kamyu isə deyirdi ki, bütün pisliklərin səbəbi cəhalətdir.
Haqsızdırmı?
Əlbəttə, yox.
Siz təsəvvür edin ki, rahibin sözü ilə otlamağa başlayan həmin adamlar sabah prezident, millət vəkili seçməlidirlər. Nəticəni özünüz bəri başdan təsəvvür edin. Heç saxtakarlığa da ehtiyac yoxdur. Heç bir “karusel”siz, “topa-topa bülleten”siz-zadsız elə özləricə “Tanrıya ən yaxın olanı” prezident seçəcəklər. Axı “otlayanların” ağlına görə, padşah Allahın yerdəki kölgəsidir. Padşaha üsyan Allaha üsyandır və s.
Dünən oxuduğum bir başqa xəbərdə isə deyilirdi ki, Türkiyədə məlum rüşvət və korrupsiya qalmaqalından sonra keçirilən rəy sorğusuna görə, nazirlərin, baş nazir oğlunun adının kirli işlərdə keçməsinə rəğmən Ərdoğanın partiyası hələ də seçicilərin 50 faizinin səsini almaq gücündədir. Sorğuda iştirak edənlərin böyük çoxluğu hesab edir ki, nə rüşvət, nə korrupsiya-zad, əslində, ortaya çıxan rəzilliklər komplodur, Türkiyənin inkişafını gözü götürməyənlərin hiyləsi, qurğusudur (adamın yadına lap bizdə hakim ailənin qaranlıq biznesinin ortaya çıxmasının “bizim Qarabağ kimi dərdimiz var” sözləri ilə malalanması, ört-basdır edilməyə çalışılması düşür).
Ilk baxışda Cənubi Afrikadan olan rahibin bir sözü ilə minlərlə insanın otlamağa başlamasının bu rəy sorğusunun nəticələrilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Amma yalnız ilk baxışda!
Düzünə qalsa isə bu iki fakt bir-birini çox dəqiq tamamlayır, biri digərinin təkrarı, biri o birinin davamıdır. Çünki yalnız cahillik insanları “Tanrı ilə yaxın olmaq üçün sürünərək otlamağa” məcbur etdiyi kimi, gün kimi aydın olan yağmaçılıq, korrupsiya faktlarını da “xarici düşmənlərin fitnəsi, hiyləsi, qurğusu” olaraq qavramağa məcbur edə bilər. Yalnız cəhalətin hegemon olduğu ölkələrdə çoxluq soruşmağı ağlının ucundan keçirə bilməz ki, lap belə burada hansısa üçüncü qüvvənin, bizi istəməyən dairələrin barmağı var, amma əvvəlcə cavab verin görək, faktın özünə sözünüz nədir? Siz niyə oğurluqla, talanla məşğul olursunuz ki, sonradan da kimlərsə bunu sizin əleyhinizə çevirsinlər?
Cəhalətin güclü olduğu ölkələrdə sual yoxdur. Sual yoxdursa, deməli, cavab da yoxdur. Hər şeyin düzünü də, əyrisini də ancaq bir adam bilir. Nəyin məqbul, nəyin qeyri-məqbul olduğuna o bir adam qərar verir. Əksəriyyət təkallahlığa sitayiş edir, amma bu da formaldır, qeyri-səmimi, saxtadır: qəbul edilən yeganə güc tək adamın gücüdür. Tək Allahdan qorxmayanlar tək adamdan qorxurlar, çəkinirlər.
Cəhalətin güclü olduğu ölkələrdə dialoq yoxdur, monoloq vardır. Bir nəfər hamıdan yaxşı danışır, bir nəfərin yaddaşı hamınınkından güclüdür, bir nəfər hamıdan yaxşı zarafat edir. Hətta yumurtanı hamıdan yaxşı döyüşdürən, turnikdə ən yaxşı dartınan da o bir nəfərdir.
Cəhalətin güclü olduğu ölkələrdə təşəbbüskarlıq yoxdur, tabeçilik vardır. Genetik modifikasiya olunmuş meyvələri yeməməyi də əvvəlcə tək adam məsləhət görməlidir ki, sonra hamı barmağını dişləsin, həmin meyvələrin sağlamlıq üçün təhlükəli olduğunu anlasın və yeməsin. Yaxud, tam əksinə…
Bəli, cəhalət bütün pisliklərin anasıdır. Elmsizlik, bilgisizlik, savadsızlıq – Şər rejimləri üçün süni nəfəsdir, ayaqda qalma, var olma səbəbidir. Onlar insanlara, ancaq tabe olmağı, əyilməyi, razılaşmağı, şükr etməyi, sürünməyi öyrədir.
Nəticədə ortaya çıxan mənzərə isə eynidir: istəyir Cənubi Afrikada olsun, istəyir lap bizim Azərbaycanda olsun.
Bütün cahillərə xam otlaqlar arzulayıram.