Ketrin Eşton İrana gedəcək

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton İrana səfər etməyi düşünür. İTAR TASS-ın verdiyi məlumata görə, hazırda Küveytdə səfərdə olan Ketrin Eşton jurnalistlərə açıqlamasında İrana səfərə dəvət edilməsini alqışlayıb: “Mən hər şeydən əvvəl Tehrana dəvət edilməyimə böyük maraqla baxıram. Bu səfəri irəlidə gələn həftələr ərzində gerçəkləşdirmək niyyətim var”.

İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı yanvarın 12-də keçirdiyi mətbuat konfransında Eştonun Tehrana səfərə dəvət edildiyini açıqlayıb. Diplomatik mənbələr isə İranla “altılıq” ölkələri arasında nüvə sahəsində yekun razılaşmanın əldə olunması üçün müzakirələrin fevral ayında başlayacağını açıqlayıblar (ans press).