Azərbaycan iqtisadi azadlığa görə 81-ci yerdədir

“Heritage” Fondu və “Wall Street Journal” qəzeti 2014-cü il üçün ölkələrin iqtisadi azadlıq indeksini açıqlayıb. “İqtisadi Azadlıq İndeksi” adlı hesabatda gəlinən ümumi nəticəyə görə, dünyada iqtisadi azadlığın səviyyəsi artır. Bu ilki hesabtda dünyada iqtisadi azadlıq 60,3 bal qiymətini alıb. Bu da keçən ildəkindən 0,7 bal çoxdur və ümumiyyətlə, indeksin 20 illik tarixində dünya üzrə ən yüksək göstəricidir.
Hesabat 20-ci ildir hazırlanır.
Hesabata görə, 43 ölkə öz tarixlərində ən yüksək qiyməti alıb. 114 ölkədə iqtisadi azadlıq artıb.

Azərbaycan hesabatda 178 ölkə arasında 81-ci yerdədir. Azərbaycanın qonşuları aşağıdakı yerlərdədir:

Gürcüstan – 22
Ermənistan – 41
Qazaxıstan – 67
Rusiya – 140
İran – 173

1995-ci ildə yaradılan İqtisadi Azadlıq İndeksi 4 sahədə iqtisadi azadlığı müəyyən edir. Bu sahələr qanunun aliliyi, tənzimləmənin effektivliyi, hökumətin məhdud müdaxiləsi və açıq bazardır.
178 ölkənin hər birində bu sahələr üzrə iqtisadi azadlığın orta qiyməti çıxarılıb. 80 baldan çox yığan iqtisadi azad ölkədir. 70-79,9 arası bal toplayan “əsasən azad”, 60-69,9 arası bal toplayan “orta hesabla azad”, 50-59,9 arası bal toplayan “əsasən qeyri-azad” ölkə hesab olunur. 50 baldan az toplayan ölkə isə iqtisadi azadlıq sıxışdırılan  ölkədir.

Azərbaycan 61,3 bal yığıb və “orta hesabla azad ölkələr” sırasındadır. Azərbaycanda keçən illə müqayisədə iqtisadi azadlıq 1,6 bal artıq toplayıb, yəni bu bir ildə hesabat müəlliflərinin fikrincə, Azərbaycanda iqtisadi azadlıq artıb.

Lakin maraqlıdır ki, Afrikanın Botsvana (27), Qana (66) və Ruanda (65) kimi ölkələri Azərbaycandan xeyli irəlidədir.

Dünyada iqtisadi azadlığın ən çox olduğu yer Honq Konqdur – 90 bal. İkinci yerdə Sinqapur gəlir – 89 bal. 3-cü yerdə 82 balla Avstraliya gəlir.