Fərman da padşahındır, dağlar da padşahın…

Haqqımızda dövlət vermiş fərmanı,

Fərman padşahındır, dağlar bizimdir.

Əvvəllər deyirdik ki, fərman padşahındır, dağlar bizimdir. Yəni padşah kim olsa da, hansı fərmanı versə də, dağları bizdən ala bilməz. Padşah padşahdırsa, dağlar da dağlardır. Padşah fərman sahibidirsə, bizim də dağlarımız var. Dadaloğlunun qoşmasından qalan bu kəlmə çoxdan xalq deyiminə, xalq öygüsünə çevrilib. 

Indi isə belə çıxır ki, xalq nəinki hüquqlarından məhrum edilir, hətta deyimləri onun dilindən düşməkdədir. Axı necə deyə bilərsən ki, dağlar bizimdir?!

Çovdar qızıl mədənlərinin padşaha məxsus olduğunu bilirdiniz. Indi məlum oldu ki, dağların padşahı saydığımız Şahdağ da padşaha məxsusdur. Bir neçə ildir ki, Azərbaycanda çox böyük turizm kompleksi – Şahdağ Dağ Istirahət Kompleksi tikilir. Layihəyə dövlət büdcəsindən üst-üstə 980 milyon manat xərclənib (1 milyard dollardan çox).  Buranı hamı indi Ilham Əliyevin – padşahın xizəklə sürüşdüyü yer kimi tanıyır. 

Bu nəhəng müəssisənin rəsmi təqdimatında deyilir: “Turizmin inkişaf etdirilməsi proqramı üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi məsuliyyət daşıyır. Il boyu dağda istirahət, dünya standartlarında keyfiyyət və xidmət təklif edəcək Şahdağ Dağ Istirahət Kompleksinin yaradılması bu proqramın ən böyük layihəsidir. Qusar şəhərinin 25 kilometrliyində Azərbaycanın ən gözəl regionlarından biri olan Şahdağ dağı yerləşir. Qonaqlar, kompleksin ərazisində müxtəlif sayda dəbdəbəli hotellər, fərdi kənd evləri və koteclər (yay mövsümündə) arasında seçim edə bilərlər. Ən son texnologiyalı qar aparatı ilə təchiz olunmuş müasir xizək məntəqələri, il boyu mükəmməl qar şəraitini təmin edəcək. Digər qış idman oyunlarına aeroxizəkdə sürüşmə, at sürmə, qarda sürüşmə, tübinq və uşaqlar üçün qar parkı daxildir. Isti yay aylarında Dağda velosiped, Tronttinet sürmə, kanatla dağa qalxma, at sürmək, kvadrosikllərda gəzinti, peyntbol, Bob Kart və s. ilə məşğul olmaq mümkündür. Balacalar üçün də uşaq klubu və şardan qalalar, eləcə də başqa əyləncələr təşkil olunur. Istirahət zonasının layihəsinə həmçinin Qolf meydançası, Tennis meydançası, Futbol və Basketbol meydançaları, eləcə də Akvapark, üzgüçülük hovuzları, Spa və əyləncə məkanları da daxil edilmişdir. Istirahət mərkəzinin əsas ticarət kompleksində bir sıra geyim dükanları, restoranlar və geniş avtodayanacaq olacaq”.

Amma təsadüf nəticəsində bəlli oldu ki, buradakı çox sayda hotellər artıq “Paşa Holdinq”ə bağlıdır. Deməli, o boyda həngamə elə padşah ailəsinə bağlıdır. Yəni dağlar da padşahındır, təkcə fərman deyil. Düsturu da çox sadədir bu işin. Dövlətin pulu ilə tikərək, bir ailənin ixtiyarına veriblər. Indi görün bu ölkə nə qədər böyük dəyişikliyə uğramalıdır ki, fərman da, dağ da bizim – xalqın olsun.  

 “Mən dəyişmişəm”

Yazıçı Seymur “https://www.facebook.com/seymur.haycan” Baycan özünün son yazısını misilsiz bir abzasla başlayır və o da dəyişiklikdən söhbət açır: “Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir neçə insan peyda olub, belə bir şərh yazır: ”Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. Allah sənə rəhmət eləsin, Sabir. Allah sənə rəhmət eləsin, Üzeyir bəy… Heç dəyişməmişik. Yüz il əvvəlki kimi qalmışıq. Yüz ildə heç nə dəyişməyib”.

Elə həvəslə dəyişməmişik yazırlar ki, elə bil dəyişmədiklərinə sevinirlər. Əvvəla, çox şey dəyişib. Onların zəhməti hədər getməyib. Biz çox vaxt “necə ola bilərdik”, “necə ola bilərdi” haqqında yox, “necə var” haqqında düşünürük. Yüz il bundan əvvəl baş vermiş bir çox hadisələr təkrarlana bilər. Düzdür, Mirzə Cəlilin, Haqverdiyevin bir çox obrazlarına son vaxtlar daha tez-tez rast gəlirik. Amma ümumilikdə çox dəyişiklik var. Yüz il bundan əvvəl bir qadının səhər evdən çıxıb işə getməsi möcüzə sayıla bilərdi. Bu gün minlərlə qadın işə gedib-gəlir. Yüz il bundan əvvəl bu qədər qız xeylağının təhsil alması heç kimin ağlına gəlməzdi. “Heç nə dəyişməyib” deyənlər, görünür, klassiklərin əsərlərini diqqətlə oxumayıblar və yaxud heç oxumayıblar. Əgər sən dəyişməmisənsə, bu, sənin problemindir. Mən dəyişmişəm”.