Helsinki Fondu Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyinin təxirə salınmasına çağırır
Fond Anar Məmmədlinin həbsilə bağlı Əliyevə müraciət hazırlayıb
Helsinki İnsan Haqları Fondu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin dərhal azadlığa buraxılması, ona qarşı ittihamlara xitam verilməsi üçün dövlət başçısı İlham Əliyev və baş prokuror Zakir Qaralova müraciət hazırlayıb. Müraciətin mətni Fondun saytına yerləşdirilib və imzalar toplanır. Artıq imzatoplama kampaniyasına qoşulanlar arasında xeyli tanınmış adamlar da var.
Müraciətdə bildirilir ki, bu sənədi imzalayanlar dekabrın 17-də Anar Məmmədlinin barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarına etiraz edirlər. Çünki Anar Məmmədlinin barəsində həbs-qətimkan tədbirinin seçilməsinə heç bir zərurət olmayıb; o, müstəntiqin bütün çağırışlarına gəlib, pasportu əlindən alınmışdı və bu da o deməkdir ki, ölkəni tərk edə bilməzdi.
“Anar Məmmədli tanınmış hüquq müdafiəçisidir. Onun rəhbərlik etdiyi SMDT tərəfindən hazırlanan seçki hesabatları istər Azərbaycanda, istərsə də xaricdə etibarlı sənəd kimi qəbul olunur. Hesab edirik ki, ona qarşı ittihamlar Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyəti fəallarına qarşı təqib və təzyiqlərinin tərkib hissəsidir.
Biz Azərbaycan hakimiyyətini Anar Məmmədlini dərhal azadlığa buraxmağa və ona qarşı ittihamlara xitam verməyə çağırırıq. Hakimiyyət başa düşməlidir ki, Azərbaycanda hər bir əlavə siyasi məhbus xaricdə ölkənin nüfuzunu daha da korlayır. Həmçinin Avropa Şurası, ATƏT və Avropa Birliyilə münasibətlərə mənfi təsir göstərir.
Azərbaycan bu ilin mayından rotasiya qaydasında Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməlidir. Hər bir əlavə siyasi məhbus Azərbaycanın bu quruma sədrlik hüququnu hüquqi və siyasi baxımdan şübhə altına salır. Biz eyni zamanda, Avropa Şurasını Azərbaycanın Nazirlər Komitəsinə sədrlik məsələsini bu ölkədə insan hüquqları sahəsində vəziyyət yaxşılaşana qədər təxirə salmağa çağırırıq”.
İnformasiya şöbəsi