Müsavat partiyasının Milli Şuradan getməsi ətrafında yaranan ajiotajı müxalifətdaxili münaqişə kimi qələmə vermək azı insafsızlıqdır. Bu, hakimiyyətin uzun müddət ərzində müxalifət sıralarında və ona yaxın çevrələrdə bəslədiyi bir dəstənin leqal fəaliyyətə başlamasıdır. Bu prosesə hələ Ictimai Palata yaradılmamışdan əvvəl, AXCP ilə Müsavatın bazasında superpartiya yaradılması haqda müzakirələrin getdiyi zaman start verilmişdi. Iqtidar narahat oldu və müxalifət və ona yaxın qüvvələrə hərəkətə keçmək əmri verdi. Paralel olaraq, bu prosesə mane ola biləcək və həmin qrupa yaxın, məsələnin mahiyyətindən xəbərsiz olanların “təmizlənməsi”nə start verildi.
Yadınızdadırsa, o vaxt “Yeni Müsavat” qəzeti bu birliyin mümkünlüyünü Müsavat partiyasının faciəsi kimi qələmə verirdi. Həftədə iki dəfə qəzetin redaksiyasında ölkənin tanınmış ictimai-siyasi xadimləri ilə debat-müsahibələr təşkil edilirdi. Bu debatların, demək olar, hamısında Rauf Arifoğlu, əksəriyyətində isə, qəzetin danışmanı (sözçüsü – X.Ə.) Pənah Hüseyn iştirak edirdi. Bu söhbətlər zamanı Rauf Ariufoğlu, Pənah Hüseyn, eləcə də Arif Hacılı qarşı tərəfə yalnız bir arqument irəli sürürdülər. O təxminən belə səslənirdi, – “bir neçə yüz (!) üzvü olan AXCP-nin… on minlərlə üzvü olan Müsavat ilə birləşməsi qeyri-mümkündür”. Kampaniyanın sonunda bu rəqəm Arif Hacılı tərəfindən yüzə, ən son variantda isə Rauf Arifoğlu bu rəqəmi ikiyə(!) qatladı. YAP funkisonerləri bu mənada, razılaşın ki, daha “ədalətli” idilər.
Birləşmə təbii ki, alınmadı, Rauf Arifoğlu və “komandası” qalib çıxdı. Halbuki bu birləşmə Isa Qəmbərə müxalifətin vahid namizədi olmaq şansı verəcəkdi. Dönək bu günlərə, fikir verirsinizsə, Rauf Arifoğlunun AXCP sədrinə qarşı eyni böhtan və iftiralarının hamısı bir fikirlə müşayiət olunur – “Mən Əli Kərimlidənsə, Ilham Əliyevi tərcih edirəm”. Təxminən iki həftədir davam edən Müsavatı “müdafiə” kampaniyasında Isa Qəmbərin adı bu qəzetin səhifələrində nəinki gələcək prezident, heç namizəd kimi də getmir. Müsavatın Milli Şuradan ayrılması ilə qəzet səhifələrindən heç olmasa buna qədər ara-sıra gedən şirnikləndirici frazalara indi rast gəlməzsiniz…
Rauf Arifoğlu siyasi fiqurdumu? Xeyr, o sadəcə hakimiyyətlə bu partiya arasında vasitəçidir. Çətinə düşəndə partiyaya “bu qəzetin adı üstünüzdədir” (Hikmət Hacızadə “Azadlıq”ı yeganə müxalifət qəzeti adlandıranda – X.Ə.) deyə sitəm edən Rauf qalan vaxtları isə özünün və kollektivin “maraqları” ilə məşğul olur. Yəqin ki, çoxlarınız hələ də onun Gülər Əhmədovanın Əvəz Zeynallının həbsi ilə nəticələnən münaqişəsində hansı ampluada çıxış etdiyini özünüz üçün aydınlaşdıra bilməmisiniz. Bu azmış kimi, özünü müxalifətyönlü qəzetin baş redaktoru adlandıran bu şəxsin sona qədər kimin tərəfində olduğu mübhəm qaldı.
Müsavat başqanının müşaviri, hazırda həbsdə olan Yadigar Sadıqovun məhşur bəyanatında Rauf Arifoğlunu xarakterizə edən iki frazanı nəzərinizə çatdırmağı özümə borc bilirəm, buyurun, – “müxalif düşərgə haqqında böhtanlar, hakimiyyətin işinə yarayan dezinformasiyalar yayan” və “mənsub olduğum partiyaya qarşı böhtan atan”…
O, Rauf Arufoğlunu hakimiyyətin müxalifətlə, daha doğrusu Müsavat partiyası ilə sövdələşməsi haqda “dezinformasiyalar” yaymaqda ittiham edirdi. Və dərhal həbs edildi. Gerisini özünüz düşünün…
Razılaşın ki, bundan sonra qəzetə “Yadigar Sadıqov ona təcridxanada ”Yeni Musavat” qəzeti verilməməsindən şikayət edir” başlıqlı yazı vermək üçün sifətin qırmızı olması belə yetmir, mütləq əlavə komponentlər də olmalıdır.
Isa Qəmbərin oğlunu hərbi xidmətə Murova yollayıb, cəmi iki aydan sonra “komsavat” edilməsi ssenarisinin müəllifinin kim olduğunu da yəqin ki, təsəvvür etmək o qədər çətin deyil. Çox istədim bu haqda yazmayam, mümkün olmadı…
Bu hakimiyyətin ram edə bilmədiyi qüvvələrin başında AXCP və onun lideri Əli Kərimli gəlir. 20 ildir rejimin bütün repressiyalarına sinə gərir, yaxınların həbsi, hətta fiziki cəhətdən məhv edilmək cəhdləri onu qorxutmur. Belə bir adama şər-böhtan atmağın Allaha da xoş getmədiyinin dəfələrlə şahidi olmuşuq.
Rauf Arifoğluna elə gəlir ki, Əli Kərimli hakimiyyətə gələn kimi işi onunla haqq-hesab çürütmək olacaq, elə ilk fərmanı Novxanıda ona hədiyyə edilən villanı buldozerin ağzina vermək, nazir kabinetini xatırladan iş otağının avadanlıqlarını siyahıya almaq olacaq. Bu səbəbdən yuxarıdan gələn tapşırığı xüsusi aqressivliklə icra edir. Iki gün əvvəl bu qəzetdə Rey Kərimoğludan alınmış bir müsahibəni oxudum. Bu “qazi”dən belə, AXCP və onun liderinə qarşı istifadə etməyə çalışılır. Bu yazıdan qabaq Rey Kərimoğlunun qələmindən çıxan bəzi yazılara göz gəzdirdim. Müsahibə ilə kəskin təzad təşkil edən bu yazının xüsusi olaraq qəzetin ahənginə uyğun redaktəsini görməmək mümkün deyildi. Professional dəst-xətt, müxalifətə qarşı xarizmatik aqressiya, ilk baxışda epizod kimi təqdim olunan fikirlərin intriqa həddinə qədər dartılması, R.Kərimoğlunda indiyə qədər rast gəlmədiyimiz “qabiliyyətlər”dən idi. Doğrudan da gülməli mənzərədir, – əziz dostunun intiharından “dünyaları yıxılmış” qazi, dəfn mərasimində arxadan səs “eşidir” və dönüb baxmadan(!) səsin AXCP üzvlərinə aid olduğunu müəyyən edir….
Əslində mitinq təklifi verən elə ayaqlarını Qababağ savaşında itirmiş bir qazi idi. O səsi Reyin min səsin içindən seçə biləcəyinə adım kimi əminəm. Özü də həmin qazi “icazəli mitinq” ifadəsini işlətdi. Amma “Yeni Müsavat” qəzeti “günahı” bu təklifi xəbər kimi verən Natiq Güləhmədoğlunda gördü. O Natiq ki, Reyin də jurnalist kimi(!) aldığı evdən könüllü imtina etdi. Rey Kərimoğlunu Qarabağ qazilərinin az qala simvolu kimi tərənnüm edən yazarlara buradan səslənmək istəyirəm – cəsarətiniz varsa, bədəninin bir parçasını Qarabağda itirmiş həqiqi qazilərin ürəkləri sızladan acı hekayəsindən yazın.
“Yeni Müsavat”ın saytında AXCP və Əli Kərimli haqqında yazılan “biri var idi, biri yox idi” üslubunda böhtanlarla yanaşı bir məqalə da diqqətimi cəlb etdi. Bu yazı həm də “nədən Rauf Arifoğlu Ilham Əliyevi tərcih edir” sualına cavabdır. Əslində belə yazılara adət etmişik, desəm yanılmaram. Yazının müəllifi baş redaktorun müavini və qardaşı Azər Ayxandır. Adı “Heydərovlar himnimizi oxuyarkən” idi. Ola bilsin ki, bu yazıdan sonra, onu saytdan götürsünlər, odur ki, nöqtəsinə-vergülünə toxunmadan, gözümə dəyən(!) ilk sitatı vermək istəyirəm, buyurun: “Tale Heydərov atasından fərqli olaraq himni daha ürəklə, daha canlı oxuyurdu (görünür, Talenin barəsində ”vətənpərvər uşaqdı” deyilməsi boşuna deyilmiş). Kamal müəllim də oxumasına oxuyurdu. Ən azı musiqiçidi, söz (şeir) və melodiya hafizəsinin güclü olamasına şübhə etmirik… K.Heydərov bu daşlaşmış ənənəni pozduğu üçün bəlkə də narahatlıq keçirirdi”.
Bəli, əziz oxucu bu da “Yeni Müsavat” və Kəmaləddin Heydərov” dastanının sonu. Ən çox tənqid etdikləri, illərdir, ölkənin ən böyük korrupsioner və monopolisti kimi qələmə verdikləri, nəhayət, məhkəmələrdə çəkişdikləri oliqarx-nazirlə sonunda bağlanmış Qəbələ sülhü. Sülhün “şərtlərini” açıqlamağa ehtiyac görmürəm, sadəcə əlavə etmək istəyirəm ki, demokratik ölkələrdə belə şeylər olmur. Orada oliqarxlar qanuni yolla qazandıqları var-dövlət üçün narahatçılıq keçirmirlər, ondan yazmaq istəyən jurnalisti uzaq başı yeməyə dəvət edirlər.
Rauf Arifoğluya görə insanlar onu sevməyəndə zombiləşir. Yadigar Sadıqov demişkən, səni nəyə görə sevməliyəm? Xalqın fəlakəti üzərindən etdiyin bazarlığa, yoxsa nazir-oliqarxlarla “küsüb-barışdığına” görə? Bəlkə, Ramiz Mehdiyevə, Ramil Usubova, Əli Həsənova, YAP məmurundan heç nə ilə fərqlənməyən türk böyükelçisinə görə səni sevməliyik, xəbərimiz yoxdur?.. Söylə biz də bilək…
Bir baş redaktor və onun əl quzusuna çevirdiyi bir neçə mirzəsinin təmin olunmuş həyatına görə milyonların səfalət içində yaşamasına göz yumub, rejimlə barışmalıyıq. Özü də bu iş… Rauf Arifoğlu vasitəçiliyi ilə baş tutmalıdır…
Redaktorumuz Rövşən bəy demişkən, “əcəb epoxaya düşmüşük”…