AXCP-nin keçmiş mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlunun “Facebook” səhifəsində paylaşdığı qeyddə Müsavat Partiyasına və “Yeni Müsavat” qəzetinə qarşı ağır ittihamlar yer alıb. Sözügedən qeydlə bağlı AXCP mətbuat xidmətindən açıqlama yayılıb. Açıqlamada deyilir: “İsaq Əvəzoğlu azı 4 ildir ki, partiya ilə əlaqə saxlamır. Ola bilsin ki, profili ələ keçirilib və ya partiya ilə əlaqəsi olmadığından o özü bəzi yanlışlıqlara yol verib. Əsas məsələ budur ki, yazının AXCP-yə heç bir aidiyyatı yoxdur. Yazıda AXCP haqda da yanlış fikirlər yer alıb. Cəbhəçilərdən xahiş olunur ki, yazını paylaşmasınlar və dəstəkləməsinlər. Yazıda adı keçən adamlar İsaq bəylə özləri əlaqə yaradıb, məsələni aydınlaşdıra bilərlər. Bizim Müsavat Partiyasının siyasətinə münasibətimiz mənfidir və bunu açıq öz adımızla tənqid edirik. Rauf Arifoğlu və “Yeni Müsavat”a münasibətimiz də elə Aztv və “Yeni Azərbaycan”a münasibət kimidir. Amma biz siyasi mübarizə aparırıq. Hətta bizi söyənləri də söymək bizlik deyil”.
Mətbuat xidmətindən eyni zamanda son günlər “Səs” qəzetinin AXCP rəsmiləri adından təxribat tipli açıqlamalar dərc etməsinə də münasibət bildirilib: “AXCP bəyan edir ki, onu təmsil edən heç bir şəxs “Səs”lə əməkdaşlıq eləmir. Ona görə orda AXCP rəsmiləri adından gedən bütün açıqlamalar, rəylər yalandır, provokasiyadır”.
İnformasiya şöbəsi